Sürücülər kameradan yayınmaq üçün nömrəni gizlədir – qanun nə deyir?
Bəzən sürücülər maşın nömrələrini palçıqlayır, silir və ya örtür ki, avtomobil kameralar tərəfindən görünməsin. Bu hərəkət qanunsuzdur və müəyyən məsuliyyət yaradır.
İnsanlar belə addımlar atarkən, əslində qanunu pozmuş olurlar. Mütəxəssislər bu cür hərəkətlərin inzibati və bəzən cinayət məsuliyyətinə səbəb ola biləcəyini bildirir. Vətəndaşlar bilməlidir ki, qanundan yan keçmək təhlükəli və risklidir.
"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bu barədə Crossmedia.az-a açıqlama verib:
"Qanunlar bir az sərt olanda insanlar başqa vasitələrə əl atmalı olurlar. Sovet dövründə “quru qanun” deyilən bir şey var idi. Spirtli içkilərə qadağa qoymaq, müəyyən mənada onun qarşısını almaq üçün qəbul edilən qanunlar idi. Qorbaçov tərəfindən qəbul edilən bu qanunlar kifayət qədər vətəndaşları saxtakarlığa sövq edirdi. Nəticədə, saxta spirtli içkilər hazırladılar, bu isə çoxlu kütləvi zəhərlənmələrə gətirib çıxarırdı.

“Azparking” deyilən “qurğu”, sözün həqiqi mənasında, vətəndaşların nəqliyyatdan istifadə etməsi və onun park edilməsində kifayət qədər çətinliklər yaradır. Bəzən iki zolaqlı yolun bir tərəfi “Azparking” tərəfindən zəbt olunduğundan digər zolaqda həmişə tıxac yaranır. Yəni bu, sözün həqiqi mənasında vətəndaşların hüquqlarına süni şəkildə maneələr yaradır. Bəzən onların qoyduğu lövhələrdən istifadə qaydasını bilməyənlər də var. Bunlar süni şəkildə yaranan çətinliklərdir".
Mütəxəssis, maşın nömrəsini palçıqlamağın, nömrəni taxmamağın, yaxud onu əski ilə bağlamağın müəyyən inzibati məsuliyyət yaratdığını qeyd edib:
“Yox, əgər bundan şəxsi maraqları, cinayətlərin baş verməsi üçün zəmin yaradılıbsa, cinayət məsuliyyəti yarada bilər. Amma burada inzibati həbs ola bilər.
Məsələn, işıqforun kameranın altında maşını saxlayır, onu əski ilə örtür və ya palçıqlayır ki, kameranın yaddaşına düşməsin. Burada inzibati həbs- məhkəmə tərəfindən bir aya qədər, və yaxud 15 gün müddətinə cərimə tətbiq edilə bilər.
Amma “Azparking”də də qeydiyyata düşmürsə, cərimələr 20 manat və arta bilər. Azərbaycan dövlətinin ali məqsədi, Konstitusiyanın 12-ci maddəsində belə yazılıb: Konstitusiya Azərbaycan xalqının iradəsini ifadə edən yeganə aktdır ki, yüksək hüquqa malikdir. Azərbaycan dövlətinin ali məqsədi insan hüquqları və azadlıqlarının, onların layiqli həyat səviyyəsini təmin edilməsindən ibarətdir.
Dükanlar , əczaxanalar, hətta çəkməçinin də köşkləri yolun kənarındadır. Yolun kənarında “Azparking”i zəbt ediblər. 5 dəqiqə, 10 dəqiqə dükana, əczaxanaya girib çıxmaq üçün vətəndaş niyə pulu ödəməlidir? Bu insanları müəyyən mənada dövlət qurumlarına etibarının azalmasına gətirib çıxardır.
Ona görə, bu məsələlərə hüquqi və demokratik dövlət anlayışına uyğun cilalanmalıdır. Və yaxud deyirlər ki, boşanma üçün ərizə verməzdən öncə mütləq mediasiyaya müraciət etmək lazımdır. Bu da vətəndaş hüquqlarına ziddir. Orada da mütləq ödəniş edilməlidir. Nə qədər insanlar üçün çətin və mürəkkəb şərait yaradılır. Bunlardan qaçmaq lazımdır".
Ş.Əliyevin sözlərinə görə, bütün hallarda qanunları elə qəbul etməliyik ki, insanların ruhuna zərər gətirməsin:
"Cərimələrin məbləği hədsiz çoxdur. Vətəndaşın nə təqaüdünə, nə cibinə uyğun deyil. Əgər bu gün hüquqi, demokratik, dünyəvi, unitar dövlətin vətəndaşlarına qanunları təbliğ edə bilmiriksə, onun mahiyyətini və fəlsəfəsini vətəndaşların təfəkkürünə çatdıra bilmiriksə, günahı özümüzdə axtarmalıyıq.
Ya icra hakimiyyəti orqanları yolun kənarında obyektlərə icazə verməsin, ya da avtomobil saxlamaq üçün orada meydança olsun.
Düşünürəm ki, “Azparking” ümumiyyətlə ləğv olunmalıdır. Vətəndaşların əsəblərini gərginləşdirən qanunlar qəbul etmək olmaz. Bu məsələyə ciddi baxmaq lazımdır. Ölkə Konstitusiyasının 12-ci maddəsinə və xalqın rifah halının yaxşılaşdırılması prinsipinə hörmətlə yanaşmaq lazımdır. Bütün qəbul edilən qanunlar və qərarlar Konstitusiyaya uyğun olmalıdır. Əks halda hüquqi qüvvəsi yoxdur. Faktiki olaraq, hazırkı vəziyyət Konstitusiyaya ziddir".
11:40 16.03.2026
Oxunuş sayı: 71