Azərbayanda İİV-ə yoluxma niyə kütləvidir? - Həkim danışdı
Ötən il Azərbaycanda 1 287 yeni İİV xəstəsinin qeydə alınması ciddi narahatlıq doğurur. Bu rəqəm ölkədə İİV infeksiyasının hələ də cəmiyyət üçün aktual problem olaraq qalmasını göstərir və profilaktik tədbirlərin gücləndirilməsinin zəruriliyini ortaya qoyur.
Ekspertlər hesab edirlər ki, İİV-in qarşısını almaq üçün prioritet addımlar arasında maarifləndirmənin artırılması, mütəmadi testlərin aparılması, risk qruplarının yaxından monitorinqi və qan köçürmələri ilə bağlı maksimum təhlükəsizlik tədbirlərinin təmin edilməsi vacibdir. Bəs Azərbaycanda bu istiqamətdə hansı konkret tədbirlər daha prioritet hesab edilməlidir və infeksiyanın yayılmasının qarşısını almaq üçün hansı strateji addımlar atılmalıdır?
Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

"Ümumiyyətlə, nəzərə alsaq ki, bu xəstəliyin tam müalicəsi yoxdur, əlbəttə ki, istənilən rəqəm ciddi qəbul edilməlidir. Hər halda, Azərbaycan kimi bir ölkədə, xüsusilə də cəmiyyətin müəyyən dərəcədə qapalı olduğunu nəzərə alsaq, bu rəqəmlərin belə olması əlbəttə ki, narahatlıq doğurur.
Nəzərə almaq lazımdır ki, bu infeksiyanın keçmə yollarından biri cinsi yoldur. Ümumiyyətlə, xəstəliklə bağlı, baxmayaraq ki, bütün dünyada bu istiqamətdə ciddi işlər aparılır və hazırda xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görülür, yeni dərmanlar da mövcuddur. Bu dərmanlar vasitəsilə xəstəliyin virus yükünü, yəni titrini sıfıra yaxın səviyyədə saxlamaq mümkündür.
Lakin buna baxmayaraq, xəstəlik tam aradan qalxmır və hələ də mövcuddur. Bu baxımdan, xəstəliyin artmasının qarşısını almaq yollarını axtarmaq lazımdır".
Həkim əlavə edib ki, əslində isə bu yollar artıq məlumdur, sadəcə olaraq onlara əməl etmək lazımdır:
"Xəstəlik əsasən cinsi yolla, həmçinin anadan uşağa – yəni hamilə qadından doğulan körpəyə keçə bilər. Bundan əlavə, qan köçürülməsi zamanı da bir şəxsdən digərinə keçmə ehtimalı mövcuddur və bu da mütləq nəzərə alınmalıdır.
Məsələn, bir nəfər yoluxduqdan sonra artıq birinci aydan etibarən onun qanı başqası üçün yoluxdurucu ola bilər. Lakin həmin infeksiyanın qanda müəyyən edilməsi bəzən yalnız üç aydan sonra mümkün olur. Çünki bu müddətdən sonra qanda əks-cisimlər formalaşır.
Bu səbəbdən, bəzən qan analizində İİV virusu aşkar olunmaması həmin qanın tam təhlükəsiz olduğu anlamına gəlmir. Buna görə də dünyanın hər yerində qan köçürülməsi zamanı bu infeksiyaların keçməsi riski real və mümkün hesab edilir.
Bu baxımdan biz maksimum dərəcədə diqqətli olmalıyıq. Mütəmadi yoxlamalar aparılmalıdır, dispanser nəzarəti təşkil edilməlidir. Yoluxmuş şəxslərə hüquqi məsuliyyətləri barədə məlumat verilməlidir ki, başqalarını yoluxdurmamaq üçün məsuliyyətli davransınlar.
Burada əsas çıxış yollarından biri də maarifləndirmə işinin gücləndirilməsidir. Təəssüf ki, biz bu maarifləndirmə işini kifayət qədər görmürük və bu da xəstəliyin yayılmasına səbəb ola bilər. İnsanlar xüsusilə təsadüfi cinsi əlaqələr zamanı lazımi şəkildə qorunmurlar.
Halbuki xəstəliyin əsas yoluxma yollarından biri məhz budur. Buna görə də maarifləndirmə işi xüsusi əhəmiyyət kəsb edir".
Ayhan
16:28 14.03.2026
Oxunuş sayı: 47