Qaradağ rayonunda 2205 metr uzunluğunda yolun asfaltlanması nəzərdə tutulur
Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də həyata keçirilən sosial siyasətin effektivliyi, milli maraqlara əsaslanan strateji qərarlar və vətəndaş rifahının yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərlə müəyyən olunur. Bu baxımdan Azərbaycan Respublikasında son illər həyata keçirilən məqsədyönlü islahatlar, genişmiqyaslı sosial-iqtisadi proqramlar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkəmizin inkişaf modelinin davamlı və uğurlu olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkəmiz həm daxili sabitliyin möhkəmləndirilməsi, həm iqtisadi inkişafın sürətləndirilməsi, həm də beynəlxalq arenada mövqelərinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın aparıcı təşəbbüskarlarından biri kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Zaur Şükürov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"2025-ci il ölkəmizdə sosial-iqtisadi inkişafa nail olunması, qeyri-neft sektorunun inkişafı, makro-iqtisadi, maliyyə sabitliyinin, əhalinin maddi rifah halının yüksəldilməsi məqsədi ilə sosial layihələrin həyata keçirilməsində davamlılığın təmin edilməsi, işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış planı çərçivəsində bu ərazilərimizdə dünya miqyasında nümunəvi olan sürətli bərpa və quruculuq işlərinin həyata keçirilməsi, strateji valyuta ehtiyatlarımızın 20 faizədək artaraq 85.1 milyard dollara çatması, xarici ticarət dövrüyyəsində müsbət saldo əldə edilməsi, xüsusilə də beynəlxalq müstəvidə mühüm siyasi-diplomatik uğurlara nail olunması baxımından tarixi əhəmiyyətli bir il olmuşdur.
2025-ci ildə beynəlxalq münasibətlər sistemində müşahidə edilən gərginlik və çağırışlar fonunda, sürətlə dəyişən geosiyasi və geoiqtisadi şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizdə sabitliyin qorunması, istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda milli maraqlarımıza xidmət edən, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın davam etdirilməsi xüsusi önəm kəsb edən məqamlardandır.
Məhz bütün bunların nəticəsidir ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü və 5 baza prinsipi əsasında 2025-ci ildə avqust ayında Vaşinqtonda dünyanın lider dövləti ABŞ-nin Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasına, beynəlxalq təşkilatların vasitəçilik missiyası tarixində səmərəsiz fəaliyyəti ilə yadda qalan ATƏT-in Minsk Qrupu və əlaqəli orqanların ləğvinə, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında multimodal maneəsiz bağlantısının təmin edilməsinə və nəhayət Azərbaycanla Ermənistan arasında de-fakto sülhün əldə edilməsinə imkan verən razılaşmaya nail olunmuşdur. Torpaqlarımız işğal altında olduğu dönəmdə davamlı olaraq ikitərəfli və çoxtərəfli beynəlxalq platformalarda diqqətə çatdırdığımız haqlı mövqeyimiz Prezidentimizin dünya miqyaslı heyrətamiz liderlik bacarığı və milli maraqlarımıza cavab verən uzaqgörən siyasəti sayəsində nəhayət 2025-ci ildə dünyanın aparıcı dövlətinin paytaxtında, ardınca isə beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təsdiq edildi.
Hesabat ili ərzində Prezident cənab İlham Əliyevin 14 ölkəyə dövlət, rəsmi və işgüzar səfərlər həyata keçirməsi, 20 ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana dövlət, rəsmi və işgüzar səfərlərinin gerçəkləşdirilməsi ikitərəfli və çoxtərəfli əsasda ümumilikdə 41 dövlət ilə 191 sənəd imzalanması, müxtəlif ölkələrlə 32 hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi beynəlxalq əməkdaşlığımızın genişləndirilməsi məqsədilə vacib və əhəmiyyətli hadisələrdir.
Diqqətə çatdırmaq istədiyim məqamlardan biri də Milli Məclislə Nazirlər Kabineti arasında ənənəvi səmərəli və işgüzar əməkdaşlığın hesabat ili ərzində davam etdirilməsidir.
Belə ki, 2025-ci il ərzində təmsil etdiyim 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə müraciət və məktublarımıza aidiyyəti qurumlarımız tərəfindən müvafiq cavablar təqdim olunmuş, bir sıra məsələlərin həlli istiqamətində zəruri addımlar atılmışdır. Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, deputatların təklif və tövsiyələrinin icrası ilə bağlı məlumatların artıq bir neçə ildir Hökumətin hesabatlarının müvafiq bölməsinə daxil edilməsi təqdirəlayiqdir və hesab edirəm ki, bu yanaşma istər ölkə vətəndaşlarının, istərsə də deputatların müraciətlərinə göstərilən yüksək diqqətin göstəricisidir.
Bu xüsusda qeyd etmək istərdim ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində XVI və XVII əsrə aid olduğu ehtimal edilən hamamların daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müvafiq işlər həyata keçirilməkdədir.
Corat qəsəbəsi kanalizasiya infrastrukturunun yenidən qurulması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müvafiq işlərə start verilmişdir.
Abşeron rayonun həssas təbəqələrin yaşadığı Şəfəq qəsəbəsində sakinlərin sosial evlərdə qeydiyyata düşməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən lazımı tədbirlər davam etdirilir.
Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 2026-cı ildə 6 küçədə 2205 metr uzunluğunda yolun asfaltlanmasının nəzərdə tutulur.
Hökumətin 2025-cü ildə fəaliyyəti haqqında hesabatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl liderliyi, uzaqgörən, praqmatik və milli maraqlarımıza xidmət edən siyasi kursu sayəsində ölkədə makro-iqtisadi sabitliyin, maliyyə dayanaqlığımızın daha da güclənməsinin, nəticədə iqtisadi inkişafın təmin edildiyini və dövlətimizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artmasını bir daha təsdiq edir. Məhz bu siyasətin nəticəsində növbəti illərdə də ölkəmizin daha böyük uğurlara nail olacağına əminik".
Elmir Heydərli
19:00 13.03.2026
Oxunuş sayı: 93