Onlayn kazino şəbəkələri necə ifşa olunur? – Kiber mübarizənin pərdəarxası
Son illərdə internet üzərindən qanunsuz mərc və qumar oyunlarının təşkili ilə bağlı halların artması hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz onlayn kazino təşkil edən şəxsin saxlanılması da bu istiqamətdə aparılan mübarizənin davamı kimi qiymətləndirilir.
Mütəxəssislər qeyd edirlər ki, rəqəmsal platformaların geniş yayılması qanunsuz onlayn qumar fəaliyyətinin təşkilini asanlaşdırsa da, eyni zamanda belə halların aşkarlanması üçün də yeni texnoloji imkanlar yaradır.
Bəs bu tip qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün hansı mexanizmlər tətbiq olunmalıdır və bu kimi halların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı İKT eksperti Elvin Abbasov Crossmedia.az-a açıqlama verib:

"Deməli, Azərbaycanda onlayn kazino və onlayn qumar fəaliyyəti ilə, yəni qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslər artıq neçə illərdir ki, mütəmadi olaraq polis tərəfindən, xüsusilə Daxili İşlər Nazirliyinin Kiber Baş İdarəsi tərəfindən aşkarlanır. Hətta, keçən il böyük bir hadisə də olmuşdu – 22 milyon manatlıq dövriyyəsi olan bir qrup saxlanılmışdı. Bəs bu mexanizm necə işləyir? Qruplar aşkarlanır və saxlanılır. Burada əsas mexanizm ondan ibarətdir ki, həmin qruplar müxtəlif şəxslərdən bank kartları əldə edərək pulların qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Bu isə əlavə olaraq ayrıca cinayət tərkibi yaradır".
Ekspert əlavə edib ki, sırf qanunsuz qumar və kazino saytları da Elektron Təhlükəsizlik Xidməti tərəfindən aşkarlanır və aidiyyəti üzrə onların hər biri bloklanır:
"Yəni Azərbaycanda qanunsuz qumar və buna bənzər mərc oyunları aşkar edildikdə, dövlət qurumları həmin saytların IP ünvanlarını bloklayırlar ki, həmin IP vasitəsilə fəaliyyət göstərmək mümkün olmasın".
Ayhan
13:12 13.03.2026
Oxunuş sayı: 62