Qərbi Zəngəzurun unudulan adları: yeni lüğət tarixi yaddaşı bərpa edir
Tarixi yaddaşın qorunması və milli irsin gələcək nəsillərə çatdırılması baxımından yer adlarının, toponimlərin və onlarla bağlı tarixi məlumatların sistemli şəkildə araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının təqdimat mərasiminin keçirilməsi də diqqət çəkən hadisələrdən biridir.
Kitabda bölgənin yer adlarının mənşəyi, tarixi və semantik xüsusiyyətləri ilə bağlı məlumatların toplanması bu istiqamətdə aparılan elmi araşdırmaların davamı kimi qiymətləndirilir.
Bəs belə nəşrlərin hazırlanması nə dərəcədə zəruridir? Digər şəhər və regionlarımız üçün də oxşar toponimik lüğətlərin hazırlanmasına ehtiyac varmı?
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:
"Bu gün Qərbi Azərbaycana aid olan bütün məsələlərin tədqiq olunması, onun toponimikasının öyrənilməsi, yer adlarının, xüsusi adların və Azərbaycan tarixi ilə bağlı bütün məqamların araşdırılaraq ictimaiyyətə çatdırılması olduqca vacibdir.

Ona görə də, mən “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının ərsəyə gəlməsini yüksək qiymətləndirirəm. Ümumiyyətlə, təkcə Qərbi Zəngəzurun deyil, bütövlükdə Qərbi Azərbaycanda mövcud olan yer adlarının, müxtəlif rəvayətlərin, tarixi sənədlərin, fotoların və kitabələrin toplanaraq ictimaiyyətə təqdim olunmasını, eyni zamanda onların elmi baxımdan araşdırılmasını çox zəruri hesab edirəm. Bütün bunlar tarixi yaddaşın və milli yaddaşın qorunması baxımından son dərəcə önəmli addımlardır".
Ayhan
12:36 13.03.2026
Oxunuş sayı: 54