Valideynlərə çağırış: Nə fərqi var qoçdur, ya buğa, təki uşaq sağlam olsun
Son illərdə cəmiyyətdə uşaqların doğulması ilə bağlı qərarların bir çox hallarda yalnız təbii və tibbi amillərdən deyil, həm də fərdi arzu və inanclardan təsirləndiyi müşahidə olunur. İnsanlar bəzən övladlarının müəyyən bürcdə doğulmasını arzu edir və buna görə də hamiləlik dövründə müxtəlif üsullara əl atırlar. Bu davranış, əksər hallarda uşağın gələcək taleyinə, xarakterinə və həyatında uğuruna olan inam və sosial təsəvvürlərdən qaynaqlanır.
Təəssüf ki, bəzən bu arzuların gerçəkləşməməsi hallarında, bəzi valideynlər abort kimi radikal və təhlükəli qərarlara əl atırlar. Bu vəziyyət yalnız fərdi və ailəvi bir problem olaraq qalmır, eyni zamanda əxlaqi, sosial və hüquqi baxımdan ciddi məsələləri gündəmə gətirir. İnsanların övladların “istədikləri bürcdə” doğulması uğrunda verdiyi qərarlar, uşağın insan hüquqları, valideyn məsuliyyəti və cəmiyyətin etik normaları baxımından müzakirə predmeti olmalıdır.
Bu tendensiya həm də cəmiyyətin müəyyən stereotiplərə və mədəni təsəvvürlərə nə dərəcədə bağlı olduğunu göstərir. Belə halların artması, tibb və psixologiya sahəsində maarifləndirmənin vacibliyini, həmçinin ailələrin etik və hüquqi məsələlərə dair məlumatlandırılmasının zəruriliyini ortaya çıxarır.
Nəticə etibarilə, uşağın doğulması ilə bağlı qərarların yalnız tibbi və psixoloji əsaslarla verilməsi, sosial-etik normaların qorunması və insan hüquqlarının təmin olunması cəmiyyət üçün prioritet məsələ olmalıdır.

Məsələ ilə bağlı bağlı psixoloq Ləman Sayadova Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Qeyd etmək istərdim ki, toxunduğunuz mövzu psixoloji baxımdan həqiqətən narahatlıq doğurur. Düşünürəm ki, bu halın əsas səbəbi insan beyninin qeyri-müəyyənlikdən qorxmasıdır. Valideynlik böyük məsuliyyət tələb edən və gələcəyi proqnozlaşdırmaq mümkün olmayan bir proses olduğundan, valideyn bəzən uşağın xarakterini əvvəlcədən müəyyən etməyə çalışmaqla sanki həyat üzərində saxta bir nəzarət əldə etməyə çalışır. Onlar inanırlar ki, uşağın “düzgün” şəraitdə böyüməsi onun istədikləri kimi olmasını təmin edəcək və gələcəkdə problem yaratmayacaqdır.
Burada məsuliyyətdən qaçma amili də mühüm rol oynayır. Uşağın tərbiyəsi və xarakterinin formalaşması ciddi zəhmət tələb edir. Valideyn bəzən uğursuzluqları uşağın taleyinə bağlayaraq, öz məsuliyyətini azaltmağa çalışır. Bu isə, təbii ki, uşağın şəxsiyyətinin düzgün inkişafına mənfi təsir göstərir.
Belə yanaşma, valideynin gələcəkdə qarşılaşa biləcəyi çətinlikləri “sığortalamağa” çalışması kimi qiymətləndirilə bilər. Uşağın taleyini bürc və ya digər sadə inanclara bağlamaq isə yalnız inanc deyil, ciddi şəxsiyyət pozuntularına, empatiya çatışmazlığına və dərin psixoloji travmalara səbəb ola biləcək bir fəsaddır. Əgər valideyn uşağı insan kimi deyil, sifariş verilmiş bir əşya kimi görürsə, bu uşağın psixoloji sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə vəziyyətdə uşaq hələ doğulmadan valideynin ağır gözləntiləri altında əzilmiş olur. Bu da şəxsiyyətin tam formalaşmamasına, empatiya hissinin zəifləməsinə və özünə güvənin azalmasına gətirib çıxara bilər. Heç bir valideyn övladının bu vəziyyətdə olmasını istəməz. Ona görə də, belə kiçik görünən, amma gələcəkdə böyük fəsadlar törədə biləcək məsələlərə diqqətlə və məsuliyyətlə yanaşmaq vacibdir".

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru həkim, onkoloq Fərid Museyibov da açıqlama verib. O, bu cür halların ciddi problemlərə yol açacağını qeyd edib: "Cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü və inancları da dəyişir. İnsanlarda müxtəlif baxışların formalaşması məhz bu dəyişikliklərdən qaynaqlanır. Lakin unutmamalıyıq ki, sağlamlıq hər şeydən önəmlidir. Yəni, normal şəraitdə uşağın doğum günü dəqiq olaraq müəyyən olunmuş tarixdə baş verməlidir. Təbii ki, burada müəyyən istisnalar mövcuddur. Bəzən tibbi göstərişlərə əsasən təcili əməliyyatın aparılması zərurəti yaranır. Uşağın sağlamlığının qorunması məqsədilə ananın və uşağın sağlamlığı da diqqət mərkəzində olmalıdır. Hər hansı bürc və ya təsadüfi inanclara əsaslanaraq belə addım atmaq qətiyyən yolverilməzdir. Çünki bu, gələcəkdə yenidən uşaq sahibi olmağa mənfi təsir göstərə bilər".

Məsələ ilə bağlı danışan sosioloq Əhməd Rəhmanov isə insanların müəyyən elm sahələrinə yalnız səthi maraq göstərdiklərindən qaynaqlandığını qeyd edib: "Yəni onlar yalnız eşitdiklərinə əsaslanırlar. Məsələn, qədimdə və ya bu elmlə məşğul olan şəxslərdən, ya da müxtəlif mənbələrdən eşitdikləri məlumatlarla kifayətlənirlər. Amma onun dərinliyinə getmək istəmirlər. Hətta istəmədikləri üçün elmi bilikləri yüzdə yüz anlaya bilmirlər. Məsələn, bəzi müəlliflər və ya tədqiqatlar müəyyən məlumatları verirlər, amma əslində məsələ başqadır. Tutalım, planetlərin mövqeyi, bürclər və ya təlimlərin vaxtı kimi incə detalları düzgün anlamırlar. Hətta saniyələr və dəqiqələr səviyyəsində fərqlər müəyyən nəticələrə təsir edə bilər. Məsələn, əgər təhsil və ya tədqiqat planı müəyyən vaxtdan geciksə və ya tez başlasa, nəticələr tamamilə fərqli ola bilər; yer və coğrafi mövqeyə görə də dəyişikliklər olur. Bu halda, əsasən valideynlərin və ya ətrafın təsiri üzə çıxır. İnsanlar çox vaxt yalnız “dəb”ə, yəni başqalarının etdiklərinə baxaraq hərəkət edirlər, dərinləşmədən, yoxlamadan və təhlil etmədən. Əslində, bir elmi nəticəyə gəlmək üçün əvvəlcədən müəyyən ölçmələr, yoxlamalar və məlumat toplamaq lazımdır. Bunlar olmadan nəticə yalnız dəb və ya modaya uyğundur, elmi əsaslı deyil. Yəni, insanlar elmi təfəkkürlə dərinə getsələr, təsirləri fərqli və əsaslı olar. Amma sadəcə eşitdiklərinə, başqalarının dediklərinə görə hərəkət edirlərsə, bu yalnız dəbdir, başqa heç nə deyil".
Elmir Heydərli
16:06 10.03.2026
Oxunuş sayı: 70