Bakıətrafı ərazilərdə kanalizasiya problemi - Çirkab suları hara axır?!
Bakı şəhəri və onun ətrafındakı kənd və qəsəbələr son illərdə sürətli urbanizasiya və əhali artımı ilə qarşı-qarşıyadır. Lakin şəhərin bu genişlənən ərazilərində infrastrukturun bütün sahələrində problemlər mövcuddur. Xüsusilə kanalizasiya sisteminin olmaması ciddi narahatlıq yaradan əsas məsələlərdən biridir.
Kənd və qəsəbələrin böyük bir hissəsində hələ də müasir kanalizasiya şəbəkəsi qurulmayıb və əhalinin tullantı sularının idarə olunması qeyri-rəsmi, çox zaman fərdi üsullarla həyata keçirilir. Bu vəziyyət yalnız ekoloji problemlərə, yəni torpaq və su hövzələrinin çirklənməsinə səbəb olmur, eyni zamanda əhalinin sağlamlığını da birbaşa təhlükə altına qoyur. Çirkab suların düzgün idarə olunmaması yoluxucu xəstəliklərin yayılmasına, hətta yerli ekosistemlərin pozulmasına gətirib çıxara bilər.
Buna görə də kənd və qəsəbələrdə kanalizasiya infrastrukturunun qurulması həm sosial, həm iqtisadi, həm də ekoloji baxımdan böyük əhəmiyyət daşıyır. Bu problem yalnız texniki və maliyyə çətinlikləri ilə deyil, həm də planlaşdırma və dövlət siyasətinin koordinasiyası məsələsi ilə əlaqədardır.
Beləliklə, Bakı ətrafındakı ərazilərdə kanalizasiya sisteminin olmaması müasir şəhərsalma və ictimai sağlamlıq baxımından ciddi çağırışlar yaradır və bu sahədə problemlərin həlli prioritet hesab olunur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bakı və Abşeron yarımadasında bir çox kənd və qəsəbələrdə kanalizasiya sisteminin olmaması illərdir həllini gözləyən ciddi infrastruktur problemidir. Bu ərazilərdə yaşayan insanlar məcbur qalaraq həyətlərində çirkab quyuları qazır və tullantı sularını ora axıdırlar. Bu isə həm ekoloji risk yaradır, həm də yeraltı suların çirklənməsi və sanitar problemlərin artması ilə nəticələnir. Təəssüf ki, uzun müddət bu sahə, doğrudan da, diqqətsiz qalıb, ayrılan vəsaitlər də düzgün xərcləməyib, həm də talançılığa yol verilib desək də düz olar. Son vaxtlar isə bu istiqamətdə müəyyən addımlar atıldığını görür və artıq bəzi qəsəbələrdə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı işlərə başlanılmasını mətbuat vasitəsilə izləyə bilirik. Eyni zamanda 2026-cı ildə Prezident tərəfindən “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə 2026–2035-ci illər Dövlət Proqramı” təsdiq edilib. Bu, problemin artıq dövlət səviyyəsində qəbul edildiyini göstərir.
Bununla belə, açıq demək lazımdır ki, Bakı sürətlə böyüsə də, ətraf yaşayış məntəqələrində infrastruktur inkişafı hər zaman bu templə getməyib. Nəticədə bəzi qəsəbələr əhalisinin sayına görə kiçik şəhərlərə bərabər olsa da, onların kommunal infrastrukturu hələ yetərli səviyyədə deyil".
Parlamentari bildirib ki, əslində kanalizasiya sistemlərinin qurulması böyük xərc tələb etsə də, bu, uzunmüddətli və zəruri investisiyadır: "Ekoloji təhlükəsizliyin qorunması və paytaxt ətrafında sağlam yaşayış mühitinin formalaşması üçün bu layihələr sürətləndirilməlidir. Paytaxtın inkişafı yalnız mərkəzdə deyil, onun ətrafında yaşayan insanların həyat şəraitində də hiss olunmalıdır".

Məsələ ilə bağlı iqtisadçı ekspert, ReAL partiyasının sədri Natiq Cəfərli də öz fikirlərini bölüşüb: "Bakı ətrafındakı qəsəbələrin bir çoxunda qanunsuz adlandırılan evlər mövcuddur və bu ərazilərdə şəhər planına uyğun olaraq kanalizasiya sistemi çəkilməyib. Ümumilikdə, Bakı şəhərində kanalizasiya infrastrukturunun qurulmasına təcili ehtiyac vardır. Məlumdur ki, şəhərin mövcud kanalizasiya sistemi əvvəlcə təxminən 2 milyon nəfər əhali üçün nəzərdə tutulmuşdu. Lakin hazırda Bakı şəhərinin əhalisi təxminən 4 milyona çatıb. Bu isə mövcud sistemin tələbləri ödəmədiyini göstərir və əhaliyə xidmət göstərə biləcək yeni kanalizasiya layihələrinin həyata keçirilməsi üçün milyardlarla vəsaitin tələb olunduğunu ortaya qoyur. 2008–2009-cu illərdə beynəlxalq qurumlar tərəfindən aparılan hesabatlarda bildirilirdi ki, Bakının kanalizasiya sistemini tamamilə qurmaq üçün təxminən 8 milyard ABŞ dolları tələb olunur. Hazırki şəraitdə bu rəqəm daha yüksək ola bilər, bu da kanalizasiya infrastrukturunun yenidən qurulmasını olduqca çətin bir proses halına gətirir. Buna baxmayaraq, xüsusi proqram və strateji layihələrin tətbiqi ilə bu problem mərhələli və sistemli şəkildə həll oluna bilər. Belə yanaşma yalnız maliyyə və texniki resursların düzgün idarə edilməsini deyil, həm də şəhərsalma, ətraf mühit və ictimai sağlamlıq baxımından uzunmüddətli effektivliyi təmin edər".

Məsələ ilə bağlı Ətraf mühit məsələləri üzrə ekspert, Coğrafiya üzrə Fəlsəfə doktoru Rövşən Abbasov isə bu problemin köklərinin əvvəldən mövcud olan institusional çatışmazlıqlarda dayandığını bildirib: "Belə ki, bələdiyyələr əhaliyə torpaq satarkən, çox vaxt həmin ərazilərdə kanalizasiya infrastrukturunun olmadığını nəzərə alırdılar. Çox hallarda isə insanlar bu əraziləri öz təşəbbüsləri ilə seçir, zəbt edir və orada ev tikməyə başlayırdılar. Nəticədə Bakı və Abşeron yarımadasında, xüsusilə kənd tipli ərazilərdə bu cür yaşayış məntəqələri sürətlə genişlənməyə başladı. Hazırda Bakıda kanalizasiya şəbəkəsinin qurulması istiqamətində işlər davam edir. Yaxın zamanlarda Prezident yanında keçirilən yığıncaqda 2026–2035-ci illər üçün Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya idarəetməsinin yaxşılaşdırılması məqsədilə xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində bütün məsələlər əhatəli şəkildə nəzərdən keçiriləcək. Lakin qeyd etmək lazımdır ki, bu ərazilər çox genişdir. Məsələn, Türkan–Zirə və Pirşağı istiqamətində böyük yaşayış sahələri artıq tikilmişdir. Bu səbəbdən bütün əraziləri qısa zamanda əhatə etmək çətin olur".
O bildirib ki, hazırda Pirşağı və Lökbətan ərazilərində kanalizasiya sularının mərkəzləşdirilmiş sistemə birləşdirilməsi üçün iki böyük qurğunun tikintisi həyata keçirilir: "Pirşağıda bu qurğu artıq istifadəyə verilib və ərazidə yaşayan 15 kəndin sistemə qoşulması nəzərdə tutulur. Lökbətan-Lökbatan ərazilərində isə Lökbatan və yaxın kəndlər, həmçinin Xırdalan, Qobu və Xocasən kimi yaşayış məntəqələrinin bu şəbəkəyə birləşdirilməsi planlaşdırılır".
Elmir Heydərli
15:48 10.03.2026
Oxunuş sayı: 64