Kolumbiya İsrail PUA-larını Türkiyənin Bayraktar dronları ilə əvəz etməyi planlaşdırır
Kolumbiya Hərbi Hava Qüvvələri İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını Türkiyənin Bayraktar dronları ilə əvəz etməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə "El Comercio" qəzetinə istinadən xəbər verir ki, Kolumbiya HHQ hazırda Elbit Systems tərəfindən istehsal olunan altı Hermes 450 və iki Hermes 900 pilotsuz aparatını Türkiyənin Bayraktar TB2 və Bayraktar TB3 modelləri ilə əvəz etməyi düşünür.
Bildirilir ki, İsrail istehsalı olan PUA-lar əsasən kəşfiyyat, müşahidə və məlumat toplama (ISR) platformaları kimi istifadə olunur. Bayraktar TB2 və TB3 isə daha geniş silah inteqrasiyası və zərbə imkanları təqdim edir.
Qeyd olunur ki, Bayraktar TB2 ASELFLIR 500 elektro-optik/infraqırmızı sistemi və Osprey 30 AESA radarının inteqrasiyası sayəsində təkmilləşdirilmiş kəşfiyyat və müşahidə imkanları təmin edə bilər.
Digər tərəfdən, Bayraktar TB3 qısa uçuş və eniş (STOL) qabiliyyətinə malikdir və bu xüsusiyyət Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG Anadolu (L400) amfibiya hücum gəmisində nümayiş etdirilib.
16:55 08.03.2026
Oxunuş sayı: 177