Ali məktəblərdə yeni fənn tədris olunacaq - Hazırlıqlar görülür
Azərbaycanda ali təhsil sistemində aparılan islahatlar çərçivəsində tələbələrin yalnız ixtisas bilikləri ilə deyil, eyni zamanda idarəetmə və təşkilati bacarıqlarla da təmin olunması məsələsi getdikcə daha çox müzakirə olunur. Bu baxımdan ölkənin ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə fənlərinin tədrisinin təklif edilməsi diqqət çəkən təşəbbüslərdən biridir. Mütəxəssislər hesab edirlər ki, belə fənlərin tədrisi tələbələrin analitik düşüncə, qərarvermə və idarəçilik bacarıqlarının formalaşmasına töhfə verə bilər. Bəs görəsən, bütün fakültələrdə idarəetmə dərslərinin keçirilməsi nə dərəcədə effektiv və zəruridir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a açıqlama verib: "Ali təhsil müəssisələrində bütün ixtisaslarda idarəetmə fənninin tədris olunması təqdirəlayiq və maraqlı bir yanaşmadır. Amma onu da qeyd etmək lazımdır ki, bunun müəyyən mənada artıq tətbiqi mövcuddur. Ali təhsil müəssisələrində MBA proqramları fəaliyyət göstərir. MBA – Master of Business Administration, yəni biznesin idarə edilməsi üzrə magistr proqramıdır. Bu proqram üzrə təhsil almaq üçün bakalavr ixtisası ilə bağlı ciddi məhdudiyyət yoxdur. Yəni bakalavr pilləsində pedaqoji, mühəndislik və ya digər sahələr üzrə təhsil alan şəxslər magistratura mərhələsində idarəetmə sahəsində təhsil ala bilirlər. Başqa sözlə, bu daha uzun bir modeldir: əvvəlcə bakalavr təhsili, daha sonra isə idarəetmə üzrə magistr təhsili".
Ekspert qeyd edib ki, eyni zamanda bakalavr səviyyəsində də, xüsusilə mühəndislik ixtisaslarında idarəetmə ilə bağlı fənlər mövcuddur: "Bu fənlər əsas və ya seçmə fənlər kimi tədris olunur. Məsələn, biznesin idarə edilməsi, mühəndis iqtisadiyyatı və digər bu kimi fənlər buna nümunədir. Sosial və humanitar ixtisaslarda da müəyyən iqtisadi və idarəetmə ilə bağlı fənlər tədris edilir. Məsələn, təhsilin iqtisadiyyatı kimi fənlər bu istiqamətdə göstərilə bilər. Bu fənlər ali təhsildə ya məcburi, ya da seçmə fənlər kimi proqramlara daxil edilir. Ümumilikdə isə daha peşəkar şəkildə idarəetmə sahəsində inkişaf etmək istəyən şəxslər üçün MBA proqramları daha uyğun hesab olunur. Məsələn, tibb və ya kompüter mühəndisliyi üzrə məzun olan şəxslər idarəetmə sahəsində özlərini inkişaf etdirmək üçün MBA təhsili ala bilərlər. MBA proqramları daha spesifik istiqamətləri əhatə edir. Buraya sənayenin idarə olunması, kənd təsərrüfatının idarə olunması, turizmin idarə olunması və digər sahələr daxildir. Yəni müxtəlif sektorlar üzrə idarəetmə sahəsinin daha spesifik və daha detallı şəkildə öyrənilməsi mümkündür".
Ayhan
15:49 06.03.2026
Oxunuş sayı: 539