6000 dollarınız yoxdursa, sizə günah yazılamayacaq
Həcc ziyarətinin Azərbaycandan təşkili zamanı müəyyən edilən qiymət son illərdə müzakirə olunan məsələlərdən biridir. 2026-cı il üçün Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün qiymət 6100 ABŞ dolları müəyyən edilib. Ziyarətin təşkili çərçivəsində zəvvarların yerləşdirilməsi, nəqliyyat, uçuş və digər xidmətlər paketə daxil edilir. Eyni zamanda, Səudiyyə Ərəbistanının müəyyən etdiyi kvota və təşkilati tələblər də ziyarətin fərdi şəkildə deyil, müəyyən edilmiş qaydalar əsasında həyata keçirilməsini şərtləndirir. Qiymətin yüksək olması isə Həcc ziyarətinin yalnız dini ibadət deyil, həm də böyük logistika və xidmət təşkilatı tələb edən proses olması ilə bağlı müzakirələri gündəmə gətirir. Müxtəlif ölkələrdə Həcc paketlərinin qiymətlərinin bir-birindən fərqlənməsi də bu sahədə xidmət xərclərinin, təşkilati mexanizmlərin və qiymətlərin formalaşmasına təsir edən amillərin araşdırılmasını aktuallaşdırır. İlahiyyatçı Fazil Əhməd isə qiymətlər arasındakı fərqin əsas səbəblərindən birinin rəqabət mühitinin zəif olması ilə bağlı olduğunu düşünür.
Mövzu ilə bağlı ilahiyyatçı Fazil Əhməd Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda Həcc ziyarətinin qiyməti yüksəkdir. Halbuki Türkiyənin özündə qiymət 6 min dollar, Rusiyanın özündə isə 5 min dollar təşkil edir:
"Rəqabət mühitinin olmaması ona gətirib çıxarır ki, bir tərəfdən idarəolunma, istər-istəməz tək bir qiymətin qoyulması və bu qiymətin alternativinin olmaması kimi bir şərait yaranır".

İlahiyyatçı qeyd edib ki, bu qiymət əslində tamamilə otel və ya göstərilən xidmət xərclərini əhatə etmir: "Məsələn, həmin eyni xidmət hazırda İranda 1141 dollardır. Eyni xidmət necə olur ki, İranda 1141 dollar, Azərbaycanda isə 6100 dollardır? Əgər doğrudan da otel və digər xidmət xərcləridirsə, eyni xərci qonşumuz olan İran İslam Respublikası da çəkir. Hazırda statistikalar göstərir ki, orada qiymətlər bir neçə dəfə aşağıdır. Deməli, bu, əslində tək bir tərəfdən idarəolunmanın nəticəsidir. Məsələn, 90-cı illərin axırlarında və 2000-ci illərin əvvəllərində Azərbaycanda Həcc ziyarətinə aparan təxminən 20-yə yaxın şirkət var idi. Rəqabət mühiti olduğu üçün çox ucuz qiymətə aparırdılar. Əvvəllər təkcə Həcc ziyarəti deyil, həm də Xanım Zeynəb ziyarətgahına, Kərbəla ziyarətinə və son olaraq Həcc ziyarətinə aparırdılar. Bütün bu xidmətlər cəmi 1000–1100 dollar edirdi. İndi isə qiymət 6100 dollara qalxıb. Bu da həmin sahənin yalnız bir idarə tərəfindən idarə olunmasının nəticəsidir; rəqabət mühiti olsa, belə olmazdı. Ümid edirəm ki, bu hal dəyişər".
İlahiyyatçı qeyd edib ki, bu, sırf rəqabətlə bağlı olan məsələdir: "Qiymətin aşağı olduğu ölkələrdə rəqabət mühiti var. Fərqli şirkətlər rəqabət qanunlarına əsasən qiymətləri endirirlər və bu da ümumi qiymətlərin aşağı düşməsinə səbəb olur. Arzum və ümidim budur ki, inşallah bu hal dəyişər və düzələr. Digər tərəfdən, bu, Ərəbistanın özünün tələbi deyil; orada yalnız otel və bəzi xidmət xərcləri var. Həccə getmək istəyənlər bu ödənişi edə bilmirlərsə, onlar üçün hər hansı bir günah yazılmır. Onsuz da Həcc ziyarəti imkanı olan insanlara aid olan məsələdir. İnsanın imkanı çatırsa gedir, imkanı olmasa, ona günah yazılmır. Bu, günah kateqoriyasına aid məsələ deyil. İmkan varsa gedə bilərsən, yoxdursa, boynunda belə bir vəzifə yoxdur. Bəzi vacibatlar var ki, şərtlərə əsaslanır: Oruc vacibdir, amma xəstə adam üçün yox. Namaz vacibdir, amma qadınların müəyyən hallarında vacib deyil. Cihad vacibdir, amma qadınlara və xəstə insanlara yox. Həcc də vacibdir, amma şərti imkanlı şəxs olmaqdır. Deməli, hər bir vacibat bir şərtə bağlıdır. Həcc ziyarətinin şərti də məhz o imkana çatmaqdır. İndi şərtlər tamamilə dəyişib. Əvvəlki kimi deyil ki, neçə əsr bundan əvvəl insanlar öz dəvəsi, atı ilə gedib Həcc ziyarətini edib qayıtsınlar və heç bir xüsusi ödəniş etməsinlər. Artıq insan müstəqil şəkildə gedib Həcc ziyarətini edə bilmir. Çünki hər ölkəyə yer ayrılır, müəyyən qruplar var və təyyarə reysləri ilə təkbaşına gedib ziyarət etmək, otel bron etmək mümkün deyil. Bütün bunlar müəyyən çətinlik yaradır, amma bir möminin, bir müsəlmanın qarşısında günah yaratmır. Əgər bu qiymətlərdə monopoliya yaranıbsa və insanlara bu xidməti daha aşağı qiymətə təklif etmək mümkündürsə, ümid edirik ki, bu haqda düşünülər, qiymətlər endirilər və insanlar üçün əlçatan olar".
Zeynəb Həsən
16:35 24.09.2026
Oxunuş sayı: 47