İdxal meyvələr təhlükəlidirmi? - Doğru seçim necə olmalıdır?
Qış aylarında xarici ölkələrdən gətirilən yay meyvələrinin sağlamlığa zərəri olub-olmaması tez-tez müzakirə olunur. Qeyd edək ki, bu meyvələr uzun müddət saxlanıldığı üçün bəzən qoruyucu maddələrdən istifadə edilə bilər. Bu isə düzgün yuyulmadıqda insan sağlamlığına mənfi təsir göstərə bilər.
Xüsusilə, uşaqlar və həssas insanlar belə məhsulları ehtiyatla istehlak etməlidir. Buna görə də meyvələri istifadə etməzdən əvvəl yaxşı yumaq və mövsümi məhsullara üstünlük vermək tövsiyə olunur.
Bu barədə Crossmedia.az-a açıqlama veren qida eksperti Fərid Səfərov hər gətirilən meyvənin zərərli olmadığıni deyib:

"Qışda yay meyvələrinin (çiyələk, alça, şaftalı və s.) xarici ölkələrdən gətirilib yeyilməsi birbaşa ziyanlıdır demək düzgün olmaz, amma bəzi məqamları bilmək vacibdir.
İdxal olunan meyvələr adətən uzun yol gəldiyi üçün daha tez xarab olmasın deyə xüsusi saxlanma şəraitində olur. Bəzən yetişməmiş yığılır, üzərində qoruyucu maddələr və ya pestisid qalığı ola bilər.
Bu, o demək deyil ki, zəhərlidir. Sadəcə yaxşı yuyulması (axar su altında, lazım gələrsə qabığı soyularaq) vacibdir.
Qida dəyəri baxımından isə mövsümündə yetişən meyvə daha çox vitamin və mineral saxlayır, dad və aroması daha güclü olur. Mövsümdənkənar meyvələr vitamin baxımından bir qədər zəif ola bilər və bəzən süni yetişdirildiyi üçün dadı da zəif olur".
Ekspertin sözlərinə görə, ən sağlam seçim kimi qış aylarında mövsümi meyvələrə (nar, heyva, sitruslar və s.) üstünlük verilməsi daha məqsədəuyğundur:
"Nəticə olaraq, qışda yay meyvəsi yemək ziyanlı deyil, amma mövsümi məhsul daha üstündür, meyvələrin yaxşı yuyulması və etibarlı mənbədən alınması vacibdir".
Fatimə Məmmədova
11:06 03.03.2026
Oxunuş sayı: 480