Qiyabi təhsil alanlara niyə möhlət verilmir? - Ekspertlər təklifi real hesab edir
Azərbaycanda təhsil və hərbi xidmət məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təşəbbüsü ölkənin hüquqi və sosial gündəmində diqqət çəkən yenilik kimi dəyərləndirilir. Təklif Ombudsman Səbinə Əliyeva irəli sürüb və artıq Milli Məclis müzakirəsinə təqdim olunub. Bu addım, təhsil alan vətəndaşların hüquqlarının bərabər qorunması baxımından yeni yanaşma kimi qiymətləndirilir.
Təklifin mahiyyətində dayanan əsas arqument ondan ibarətdir ki, hazırda yalnız əyani təhsil alanlara möhlət hüququnun verilməsi müəyyən fərqlilik yaradır və təhsil sistemində bərabərlik prinsipinə tam uyğun gəlmir. Qiyabi təhsil alanların da eyni hüquqi statusa malik olması məsələsi həm sosial ədalət, həm də insan hüquqlarının müdafiəsi prizmasından aktuallıq qazanır. Müzakirələrin nəticəsi isə gələcəkdə çağırış siyasətinin və təhsil-hərbi xidmət balansının necə formalaşacağını müəyyən edəcək.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Milli Məclis-ə təqdim edilmiş sənəddə hərbi sahə ilə bağlı bir sıra yenilik xarakterli təkliflər yer alır. Burada hərbi qulluqçuların məvaziblərinin və rütbəyə görə ödənişlərinin artırılması kimi məsələlər də əksini tapıb. Lakin mən bu məqamların üzərində geniş dayanmaq istəmirəm. Xüsusilə qiyabi təhsil alanlara hərbi çağırışdan möhlət hüququnun verilməsi məsələsi mənə aydın deyil. Əyani təhsil alanlara möhlət verilməsini anlamaq mümkündür. Ancaq qiyabi təhsil alan şəxs üçün bu zərurət nədən irəli gəlir? Axı hərbi xidmət vətəndaşlıq borcudur və icra edilməlidir. Ombudsman aparatında hərbi məsələlər üzrə müvafiq strukturun olduğunu nəzərə alsaq, belə bir təklifin daha əsaslı və arqumentli şəkildə izah olunması vacibdir. Əks halda, bu təşəbbüs “təklif xatirinə təklif” təsiri bağışlayır".
Ekspertin fikrincə, daha məqsədəuyğun yanaşma ondan ibarət olardı ki, gənclər hərbi xidmətə cəlb olunsun, eyni zamanda qanunvericilik təşəbbüsü və güc strukturları ilə koordinasiya əsasında qiyabi təhsil alanlara xidmət dövründə imtahan sessiyalarında iştirak üçün şərait yaradılsın: "Bundan əlavə, ali təhsilli və elmə meylli hərbi qulluqçular üçün hərbi hissələrdə elmi fəaliyyət imkanlarının yaradılması, zəruri ədəbiyyat və vəsaitlərlə təminat məsələsi də gündəmə gətirilə bilər. Mədəniyyət və digər sahələr üzrə xüsusi istedadı olan gənclərin potensialından istifadə mexanizmləri də düşünülməlidir. Digər mühüm məqam isə alternativ xidmət haqqında qanunla bağlıdır. Qarabağ məsələsinin həllindən artıq bir neçə il keçməsinə baxmayaraq, alternativ xidmət institutunun tətbiqi ilə bağlı konkret təşəbbüslər səsləndirilmir. Halbuki bu məsələ Konstitusiya ilə təsbit olunmuş hüquqdur və müvafiq dövlət qurumlarının əlaqəli fəaliyyəti çərçivəsində hüquqi mexanizmlər işlənib hazırlanmalıdır. Cəmiyyətə əsaslandırılmış və aydın izah təqdim olunarsa, əlbəttə ki, bu, daha konstruktiv qarşılanar".

Məsələyə həmçinin Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov münasibətini bildirib: "Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət hüququnun verilməsi təşəbbüsü, mənim qənaətimcə, təhsil aspektindən kifayət qədər maraqlı və perspektivli yanaşmadır. İlk növbədə qeyd olunmalıdır ki, bu hüququn tətbiqi üçün müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi zəruridir. Müxtəlif dövrlərdə təhsil alanlarla bağlı qanunvericilikdə dəyişikliklərin şahidi olmuşuq və xüsusilə 2024-cü ildən etibarən bu sahədə müəyyən yeniliklər həyata keçirilib. Bu baxımdan qiyabi təhsil alanlara münasibətdə də analoji hüquqi mexanizmin formalaşdırılması mümkündür. Hesab edirəm ki, belə bir addım gənclərin təhsilə əlçatanlığını artırmaqla yanaşı, onların akademik davamlılığını təmin edər, təhsil zəncirinin qırılmasının qarşısını alar. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan gəncin artıq ixtisas biliklərinə və ali təhsil diplomuna malik olması isə orduda daha səmərəli fəaliyyət göstərməsinə şərait yarada bilər".
Onun sözlərinə görə, bu təşəbbüs əmək bazarı baxımından da əhəmiyyətlidir: "Gəncin təhsilini yarımçıq qoymadan bitirməsi onun gələcək peşəkar mövqeyini gücləndirir və hərbi xidmət dövründə də daha hazırlıqlı kadr kimi çıxış etməsinə imkan yaradır. Lakin möhlət hüququnun verilməsi zamanı sui-istifadə hallarının qarşısının alınması üçün aydın və ədalətli mexanizmlər müəyyən edilməlidir. Məsələn, hazırda əyani bakalavr və magistrlər, eləcə də doktorantlar üçün möhlət hüququ mövcuddur və son dəyişikliklərdən sonra yaş məhdudiyyəti tətbiq edilir. Oxşar yaş limitinin qiyabi təhsil alanlara da şamil olunması məqsədəuyğun ola bilər (məsələn, bakalavr səviyyəsi üzrə 25, magistratura üzrə 28 yaş həddi kimi – bu rəqəmlər təbii ki, müzakirə predmetidir). Bundan əlavə, ali təhsil müəssisələri ilə müvafiq çağırış və səfərbərlik qurumları arasında məlumat bazalarının inteqrasiyası təmin edilməli, təhsildən xaric olunan və ya akademik göstəriciləri zəif olan şəxslərlə bağlı məlumatlar operativ şəkildə ötürülməlidir. Hətta orta ümumi müvəffəqiyyət göstəricisinin nəzərə alınması kimi meyarlar da tətbiq oluna bilər ki, bu da tələbələri daha məsuliyyətli və səmərəli təhsil almağa təşviq edər. Beləliklə, dəyişikliklər kompleks və balanslı yanaşma əsasında həyata keçirilərsə, həm təhsil sisteminin, həm də hərbi xidmət institutunun maraqları uzlaşdırılmış olar".

Məsələnin hüquqi tərəfləri ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov da öz fikirlərini bölüşüb:
"Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən hər kəsin dövlət qarşısında vəzifələri vardır. Bu vəzifələrdən biri də hərbi xidmətdir. Hərbi xidmət hüquq deyil, məhz vətəndaşın dövlət və cəmiyyət qarşısında daşıdığı konstitusion öhdəlikdir. Dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın yerinə yetirməli olduğu müqəddəs və məcburi borcdur. Şübhəsiz ki, hər bir şəxs dövlət qarşısında olan öhdəliklərini yerinə yetirməlidir. Lakin bununla yanaşı, vətəndaşın təhsil hüququ da Konstitusiya ilə təmin edilmiş fundamental hüquqlardandır. Təhsil hüququ ilə hərbi xidmət vəzifəsi arasında optimal balansın yaradılması daha məqsədəuyğun olardı. Bu gün Azərbaycan qalib dövlətdir, ərazi bütövlüyünü bərpa etmişdir və Silahlı Qüvvələrimiz ölkənin təhlükəsizliyini tam şəkildə təmin etmək gücünə malikdir. Mövcud şəraitdə hərbi qulluqçuların kütləvi və təxirəsalınmaz şəkildə səfərbər olunması zərurəti yoxdur. Ordumuzun peşəkar heyəti – əsgərlərimiz, gizirlərimiz və zabitlərimiz dövlətin müdafiəsini layiqincə həyata keçirirlər. Qiyabi təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin mahiyyəti məhz təhsilin fasiləsizliyinin təmin olunması ilə bağlıdır. Təhsil pillələri arasında hüquqi və akademik ardıcıllıq mövcuddur. Məsələn, bakalavr təhsilini başa vuran şəxsin magistratura pilləsində təhsilini davam etdirmək hüququ vardır. Bu ardıcıllığın qorunması üçün şərait yaradılması dövlətin insan kapitalına investisiyası kimi qiymətləndirilməlidir. Hətta qiyabi formada olsa belə, vətəndaşın təhsilini davam etdirməsi gələcəkdə onun daha ixtisaslı mütəxəssis, peşəkar kadr kimi formalaşmasına xidmət edir".
Müsahibimiz bildirib ki, məqsəd yalnız hərbi vəzifənin icrası deyil, eyni zamanda savadlı, ali və orta ixtisas təhsilli, dövlət və cəmiyyət qarşısında öhdəliklərini peşəkar səviyyədə yerinə yetirən vətəndaşların yetişdirilməsidir: "Təhsilli zabit, təhsilli əsgər, təhsilli dövlət qulluqçusu dövlətçilik baxımından daha səmərəli nəticələr doğurur. Dövlətin idarə edilməsində və ictimai inkişaf prosesində savadlı insan resurslarının rolu danılmazdır. Bir çox xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə, hərbi xidmətə çağırış yaşı tamam olduqdan sonra vətəndaşlara müəyyən hallarda möhlət hüququ verilir və onlar təhsil pilləsini başa vurduqdan sonra hərbi vəzifələrini yerinə yetirirlər. Bu təcrübə göstərir ki, təhsil ilə hərbi xidmət arasında balansın yaradılması hüquqi baxımdan mümkündür və dövlət maraqlarına zidd deyil. Bu baxımdan qiyabi təhsil alan şəxslərə də hərbi xidmətdən möhlət hüququnun verilməsi məqsədəuyğun və hüquqi cəhətdən əsaslandırılmış addım kimi qiymətləndirilə bilər. Müvafiq qanunvericilik təşəbbüsünün dəstəklənməsi həm təhsil sisteminin inkişafına, həm də dövlətin uzunmüddətli strateji maraqlarına xidmət edər".
Elmir Heydərli
12:38 02.03.2026
Oxunuş sayı: 1342