Xocalıda əsir düşən şəxs: Bəzən düşünürəm ki, o ağrılara necə dözmüşəm? - MÜSAHİBƏ
Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biridir. Bu hadisə yalnız bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına həkk olunmuş böyük bir insanlıq faciəsidir. Müharibənin amansız reallıqları, dinc əhalinin üzləşdiyi müsibətlər və əsirlikdə yaşanan iztirablar illər keçsə də, yaddaşlardan silinmir. Xocalı sakininin şəxsi xatirələri əsasında faciənin canlı şahidinin dilindən yaşanan ağrıları, qeyri-bərabər mübarizəni, əsirlik dövrünün ağır izlərini və azadlığa qovuşmanın yaratdığı mənəvi qüruru əks etdirir. Burada səslənən fikirlər yalnız bir insanın taleyi deyil, eyni zamanda Vətən uğrunda çəkilən iztirabların, itkilərin və sarsılmaz ruhun ifadəsidir.
Xocalı faciəsinin canlı şahidi Hüseynağa Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Xocalı şəhərinə qarşı hücumun miqyası və həmin günlərdə yaşanan qeyri-bərabər döyüşlər barədə nə deyə bilərsiniz?
— Xocalı kiçik bir şəhər idi – təxminən yeddi min əhalisi vardı. Lakin şəhərin üzərinə misli görünməmiş hərbi qüvvə yeridildi. Ermənistan silahlı qüvvələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikası və canlı qüvvəsi də əməliyyatda iştirak edirdi. Şəhərin üzərinə yüzlərlə tank və ağır texnika yönəldilmişdi. Bu, açıq-aşkar qeyri-bərabər bir döyüş idi. Bütün Xocalı səfərbər olmuşdu – hər kəs öz imkanı daxilində müqavimət göstərirdi. Lakin silah və texnika baxımından böyük üstünlük qarşı tərəfdə idi. Buna baxmayaraq, Xocalı ruhən məğlub olmadı. Bu gün biz qürurla deyirik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı azaddır və Azərbaycan bayrağı orada dalğalanır. Bu, şəhidlərimizin ruhunu şad edən bir qələbədir.
— Otuz ildən sonra Xocalıya qayıdış sizin üçün hansı mənəvi hisslərlə yadda qaldı?
— Otuz ildən sonra doğma torpağa qayıtmaq insanın bütün varlığını sarsıdır. Gənclik illərində yaşadığın ağrıları zaman keçdikcə xatırlamaq daha ağır olur. Əsirlik dövründə yaşamaq məcburiyyət idi – insan dözməyə məhkum idi. Lakin illər sonra həmin xatirələri yenidən göz önünə gətirmək çox çətindir. Bəzən düşünürəm ki, o ağrılara necə dözmüşəm? İnsan öz keçmişinə baxanda heyrət edir. Amma bu yaşantılar Vətən naminə idi. Bu gün Vətən azaddırsa, çəkilən əziyyətlər mənasını tapır.
— Əsirlik illəri və ailənizin itkiləri barədə danışmaq sizin üçün nə dərəcədə ağırdır?
— Əsirlik dövründə ağır işgəncələrə məruz qalmışam. O vaxt çəkilən şəkillər həmin günlərin acı sübutudur. İki gün komada qaldığım vaxtlar olub. Anam əlini üzümə qoyub yaşadığımı duyandan sonra məlum oldu ki, mən yaşayıram. Bakıya gətirildim və həkimlərin müdaxiləsi ilə tədricən həyata qayıtmdım. Həyatım dəyişdi, dünyaya baxışım dəyişdi. Bunu Allahın bir möcüzəsi kimi qəbul edirəm. Ailəmiz böyük itkilər verdi. Kadrlardan görürsüz babam, qohumlarım – bir neçə ailənin üzvləri şəhid oldu. Eyni nəslin bir çox nümayəndəsi həmin faciədə həyatını itirdi. Bu ağrını ifadə etmək çətindir. Lakin onların xatirəsi qarşısında başımız dikdir. Çünki bu gün Xocalı azaddır və Azərbaycan bayrağı həm Xocalıda, həm də Xankəndidə dalğalanır.
— Son da nə söyləmək istərdiniz?
— Şəhidlərimizin ruhu şaddır. Vətən azaddır.






Elmir Heydərli
13:02 26.02.2026
Oxunuş sayı: 641