Xocalı faciəsinin qarşısını almaq olardı - Tarixçi ilə müsahibə
Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı hadisələri xalqımızın yaddaşında dərin iz buraxmış ağır humanitar faciə kimi qiymətləndirilir. 1992-ci ilin fevralında baş vermiş bu hadisələr nəticəsində dinc əhaliyə qarşı törədilən kütləvi zorakılıq aktları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi xatırlanır və hər il böyük ehtiramla yad olunur. Xocalı faciəsi yalnız bir şəhərin taleyi deyil, eyni zamanda mülki insanların müharibənin ən ağır nəticələri ilə üz-üzə qaldığı tarixi hadisə kimi dünya ictimaiyyətinin diqqətinə təqdim edilir. Bu hadisələrin anılması, həm ədalətin bərpası, həm də gələcək nəsillərə sülh və humanizm dəyərlərinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır və beynəlxalq platformalarda da mütəmadi olaraq gündəmə gətirilir.
Məsələ ilə bağlı tarixçi alim Boran Əziz Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Xocalı faciəsini XX əsrin ən dəhşətli hadisələrindən biri kimi səciyyələndirməyinizin əsas səbəbləri nələrdir?
— XX əsrdə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Bu faciə təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının yaddaşına qanla yazılmış tarixi hadisədir. Xocalı soyqırımı yalnız kütləvi qırğın aktı deyil, eyni zamanda xalqımızın iradəsini sarsıtmağa yönəlmiş siyasi və hərbi strategiyanın tərkib hissəsi idi. Müxtəlif mənbələrin və materialların müqayisəli təhlili göstərir ki, bu hadisə spontan deyil, əvvəlcədən planlaşdırılmış və sistemli şəkildə həyata keçirilmişdir. Həmin dövrdə bölgədə baş verən proseslər, xüsusilə keçmiş SSRİ-nin dağılması ərəfəsində geosiyasi maraqların toqquşması, bu faciənin baş verməsinə zəmin yaratmışdır. Xocalıda baş verən qətliamın həyata keçirilməsində erməni silahlı birləşmələri ilə yanaşı, o dövrün hərbi strukturlarının, xüsusilə 366-cı motoatıcı alayın iştirakına dair çoxsaylı faktlar mövcuddur. Bu isə hadisənin lokal toqquşma deyil, daha geniş siyasi kontekstin tərkib hissəsi olduğunu göstərir.

— Xocalı soyqırımının baş verməsində beynəlxalq və regional siyasi amillərin rolu barədə nə deyə bilərsiniz?
— XX əsrin sonlarında SSRİ-də “yenidənqurma” siyasətinin iflasa uğraması və imperiyanın dağılması fonunda Qafqaz regionu böyük geosiyasi rəqabət meydanına çevrilmişdi. Bu şəraitdə bölgədə milli münaqişələrin alovlandırılması müəyyən qüvvələrin maraqlarına uyğun idi. Tarixi proseslər göstərir ki, millətlərarası münaqişələrin dərinləşdirilməsi imperiya siyasətində tez-tez istifadə olunan vasitələrdən biri olmuşdur. Qərb və Şərq blokları arasında gedən ideoloji qarşıdurma fonunda müxtəlif diaspor təşkilatlarının fəallaşması, informasiya müharibəsinin genişlənməsi və hadisələrin birtərəfli təqdim olunması regionda obyektiv mövqenin formalaşmasına mane olmuşdur. Nəticədə erməni separatizmi beynəlxalq ictimaiyyətə fərqli formada təqdim edilir, Azərbaycan isə haqlı mövqeyinə baxmayaraq uzun müddət informasiya təzyiqi ilə üzləşirdi. Bu, Xocalı faciəsinin dünya miqyasında gec tanıdılmasının əsas səbəblərindən biri hesab oluna bilər.
— Sizcə, Xocalı soyqırımının qarşısını almaq mümkün idimi?
— Tarixi materialların təhlili göstərir ki, nəzəri baxımdan faciənin qarşısının alınması mümkün ola bilərdi. Lakin o dövrdə Azərbaycanın daxilində mövcud siyasi qeyri-sabitlik, dövlət institutlarının zəifliyi və müstəqillik uğrunda gedən mürəkkəb proseslər vəziyyəti daha da ağırlaşdırmışdı. Azərbaycan xalqı həm müstəqilliyini qorumaq, həm də ərazi bütövlüyünü müdafiə etmək kimi iki ağır tarixi sınaq qarşısında idi. Əgər xalq öz müstəqillik ideyasından imtina etsəydi, bəlkə də bəzi faciələrin miqyası fərqli ola bilərdi. Lakin bu, milli iradədən və suverenlikdən imtina demək idi. Azərbaycan xalqı isə tarix boyu azad yaşamaq əzmini qoruyub saxlamış və müstəqillik uğrunda böyük qurbanlar vermişdir. Xocalı şəhidləri də məhz bu mübarizənin qurbanları kimi tarixə düşmüşlər.
— Müasir dövrdə Xocalı soyqırımının anılmasının və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti nədən ibarətdir?
— Xocalı soyqırımının hər il anılması yalnız xatirə tədbiri deyil, həm də milli yaddaşın qorunması və tarixi ədalətin bərpası baxımından son dərəcə vacibdir. Dünyada minlərlə xalq yaşasa da, onların yalnız bir hissəsi müstəqil dövlət qurmaq imkanı əldə etmişdir. Müstəqil dövlət qurmaq isə böyük iradə, milli şüur, intellektual potensial və tarixi sınaqlardan keçmək bacarığı tələb edir. Azərbaycan xalqı bu ağır sınaqlardan keçərək öz dövlətçiliyini qoruyub saxlamışdır. Xüsusilə Vətən müharibəsi və sonrakı proseslər xalqımızın milli birliyini və yüksək vətənpərvərlik ruhunu bir daha nümayiş etdirmişdir. Bu gün Xocalı faciəsinin anılması artıq fərqli məna daşıyır. Bu, həm şəhidlərin xatirəsinə ehtiram, həm də tarixdən dərs çıxarmaq, gələcək nəsillərdə vətənpərvərlik ruhunu gücləndirmək deməkdir. Eyni zamanda Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılması istiqamətində aparılan işlər mühüm əhəmiyyət kəsb edir. Bu sahədə dövlət qurumlarının, ictimai təşkilatların və ziyalıların fəaliyyəti xüsusi rol oynayır. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yalnız keçmişin deyil, gələcəyin də təhlükəsizliyi üçün vacibdir. Mənim müxtəlif yazılarım dünya miqyasında işıq üzü görmüş və böyük marağa səbəb olmuşdur. Hətta Türkiyədə işıq üzü görən Xocalı soyqrımı kitabım böyük marağa səbəb olmuş və 2 dəfə çap olunmuş. Birinci çapdan əldə olunan vəsaiti yenidən kitabın çapına vermişəm. Nəticə etibarilə, Xocalı soyqırımı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli qüruru uğrunda verilmiş ən ağır qurbanların simvoludur. Biz şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir və tariximizin bu faciəli səhifəsini unutmamağı milli borc hesab edirik.




Elmir Heydərli
12:57 26.02.2026
Oxunuş sayı: 549