Şahidlərin dili ilə Xocalı həqiqətləri
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 34 il ötür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Tarixin ən faciəli anlarını isə bizə olduğu kimi danışanlar şahidlərimizdir. Onların dedikləri, onların görüb-yaşayıb çatdırdıqları hər məlumat gələcək nəsillərin keçid açarıdır.
Crossmedia.az-a yaşadıqlarını danışan müsahibimiz "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğludur.

-Şamil müəllim, Xocalı soyqırımı zamanı baş verənlər xatirənizdə necə qalıb?
-Mən 1991-ci ilin dekabr ayında “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri təyin olundum. Həm “Səhər” qəzetinə, həm “İki sahil” qəzetinə, həm də “Aydınlıq” qəzetinə sistemli şəkildə yazılar göndərirdim. Ağdamdan Xocalıya, Şuşaya gedən magistral yol var idi.Həmin yol Əsgərandan keçirdi. Əsgəranda əsasən ermənilər yaşayırdı. Orada Pənahəli xanın tikdirdiyi böyük bir qala var. Ermənilər o qalanı beton dirəklərlə bağlamışdılar, yəni, maşın yolunu bağlamışdılar. Camaat 4 ay əziyyət çəkmişdi. Mən yazılarımda dəfələrlə qeyd etmişdim ki, Xocalıya gedən yol açılmasa, bu şəhər işğal olunacaq. 1992-ci il fevral ayının 11-də Ağdamda olan Xocalı sakinlərindən 18 nəfəri Bakıya gətirdim. Onların rəhbəri, indi haqq dünyasında olan Allahyar müəllimə dedim: Allahyar müəllim, bu hakimiyyətə inanmayın, Xocalı işğal olunacaq. Bunu deyirdim çünki, işğaldan 15 gün əvvəl ürəyinə dammışdı.
Onları mərhum Xalq yazıçısı, deputat İsmayıl Şıxlı, Tofiq Bağırov, Etibar Məmmədov, Rəhim Qazıyev və digər şəxslərlə görüşdürdüm. Rəhim Qazıyev də o zaman Milli Şuranın deputatı idi. Daha sonra AXC sədri Əbülfəz Elçibəy və digər insanlarla görüş təşkil etdim. Xocalıları Türkiyənin Azərbaycana yeni təyin olunmuş ilk Səfiri Altan Karamanoğlu ilə də görüşdürdüm.
Səfir soruşdu ki, istəyiniz nədir? Dedim ki, Xocalı işğal oluna bilər, orda vəziyyət yaxşı deyil. Ya Əsgəran yolu açılmalıdır ki, camaat rahat hərəkət edə bilsin, yada Xocalı əhalisini, xüsusən qız-gəlinləri və yaşlıları oradan çıxarmaq lazımdır. Xahiş etdik ki, bizim arzumuzu Azərbaycanın Dövlət Başçısına çatdırsınlar.
Ayın 12-si axşam Prezident Ayaz Mütəllibovun yanında Təhlükəsizlik Şurasının yığıncağı keçirildi. Dedilər ki, yığıncaqda Sizdən də bir nəfər nümayəndə iştirak edə bilər. Allahyar müəllimə dedim ki, mən Xocalı sakini deyiləm, Siz iştirak edin, probleminizi özünüz deyin. İclasa az qalmış dedilər ki, sizdən heç kimi içəri buraxmayacaqlar. Səbəb isə o idi ki, Ayaz Mütəllibov deyirmiş, burada qəbul olunan qərarlar ermənilərə çatdırıla bilər. Gecə saat 4-5 radələrində iclas bitdi. İclas Ali Sovetin binasında keçirilirdi. Müzakirələrdən sonra Ayaz Mütəllibova yaxınlaşmaq istəyəndə dedilər ki, narahat olmayın, sizə kömək göstəriləcək. Köməkçisi dedi ki, sizə maşın ayrılacaq, sabah Ağdama gedərsiniz, yol açılsa, Xocalıya keçərsiniz. Beləcə bizi aldatdılar. Xocalı yolu açılmadı, əhali çıxarılmadı və nəticədə Xocalı soyqırımı baş verdi.
Mən o zaman Ağdamın Şelli kəndi, Qaraqaya, Xaçın tikinti deyilən ərazilərdə idm. İnsanlarla ünsiyyətdə olur, vəziyyət barədə məlumat toplayır və Bakıya göndərirdim. Xocalı işğal olunanda gözümün qabağında dəhşətli mənzərə idi. Şəhər bir anın içində yanırdı. Aramızda 7-8 kilometr məsafə var idi, amma mən şəhərin içində deyildim. Gələn yaralıları və yaşlıları imkan daxilində xilas edirdik. İkinci-üçüncü gün meşələrdən meyitləri çıxarmağa başladıq. Fevralın 26-sı axşam saat 6-ya qədər yaralıları çıxardıq, donvuranları çıxardıq. Redaksiyaya zəng etdim və dedim ki, Xocalıda böyük faciə baş verir. Mənə inanmadılar. Dedilər ki, bizdə məlumat var, Xocalıda cəmi 2 nəfər həlak olub və Xocalı bizdədir. Soruşdular ki, sən bu məlumatı haradan almısan? Dedim ki, burada yüzlərlə insan həlak olub. Ağladım. Hidayət müəllim dedi ki, Şamil, sənin göz yaşın bizə lazım deyil, səbirli ol. Məlumatımı manşetə çıxardılar. Fevralın 27-də qəzetimizdə yazıldı ki, ilkin məlumata görə, yüzlərlə adam həlak olub. Amma “Xalq” qəzetində yazmışdılar ki, cəmi 2 nəfər həlak olub və Xocalı bizdədir. Azərbaycan televiziyasının xəbərlər xidməti də bu məlumatı yaymışdı.
Sonra bizi ermənilərə işləməkdə suçladılar. Mənim çəkdiyim şəkillər var idi, bəzilərini Bakıya göndərdim. Martın 4-də qəzetdə “Azərbaycan qan içində boğulur” adlı yazı getdi. Orada Xocalıda baş verənlər qeyd olundu. Şəkillərim Hidayət Orucovun imzası ilə dərc edildi. Ayın 5-də Ayaz Mütəllibov Ali Sovetin iclasında istefa verməyə məcbur oldu. Çox dəhşətli anlar idi. 300 nəfər qız-gəlini "Azərbaycan" nəşriyyatının qarşısına yığmışdılar. Deyirdilər ki, “Səhər” qəzeti ermənilərə işləyir və rəhbərlik xalqdan üzr istəməlidir. Mənim isə bundan xəbərim yox idi. Baş redaktor Məzahir Süleymanzadə və qəzetin rəhbərliyi onların qarşısına çıxdı. Dedilər ki, əgər müxbirimiz yalan məlumat veribsə, üzr istəyərik, amma məsələni araşdıracağıq. O zaman “Səhər” qəzeti Respublika Ali Sovetinin iclasında müzakirəyə çıxarıldı. Çox çətin günlər idi. Amma sonda hamı anladı ki, Xocalıda dəhşətli soyqırım baş verib.
-İlk olaraq soyqırım baş verdiyini necə anladınız?
-Əslində, 15-20 gün əvvəl hiss edirdik ki, Xocalıya hücum olacaq və böyük qırğın ola bilər. O zamsn mənim 23 yaşım var idi. Əgər 23 yaşlı gənc olaraq təhlükəni hiss edə bilirdimsə, başbilənlər necə görməyə bilərdilər?
Dəfələrlə Bakıya məlumat vermişdik ki, Xocalı işğal oluna bilər, vəziyyət gərgindir. Məncə Xocalının rəhbərliyi də məlumat vermişdi Bakıya. Müraciətimizi niyə qulaqardına vurdular? Niyə məsuliyyəti öz üzərilərindən atdılar?
İnsanları qarşılayanda onların vəziyyətini görəndə qan ağlayırdıq. İkinci gündən sonra meşələrdən meyitləri yığanda gördük ki, çoxunun bədən üzvləri kəsilib. Bu, heyvan işi deyildi, bu vəhşiliyi erməni terrorçuları etmişdi. Qulaqları, digər bədən üzvləri kəsilmişdi. Çox vəhşiliklər vardı.
-Ən çox yadınızda qalan səs, görüntü və ya an hansıdır?
-Çox dəhşətli anlar idi. Mən ona görə rahatam ki, əvvəlcədən xəbərdarlıq etmişdim, hayqırmışdım ki, kömək edin, yoxsa Xocalı işğal olunacaq. Amma inanmadılar. O insanlar isə bu dəhşətli faciəyə məruz qaldılar.
Xocalı soyqırımı zamanı dinc insanlara qarşı törədilən vəhşilik qınanır və qınanacaq. Zaman gələcək, hər kəs öz əməlinə görə cavab verəcək.
Bu yaxınlarda Bakıda məhkəmə prosesi keçirildi və həmin cinayətkarların çoxu layiq olduqları cəzanı aldılar.
Bu gün dövlətimiz Qarabağda böyük quruculuq işləri aparır. Xocalıda da geniş quruculuq işləri görülür. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Xocalıda 10 hektara yaxın ərazidə "Xocalı Soyqırımı Memorial Kompleksi" inşa olunub.
Bu addımlar həm dövlətimizin dəstəyidir, həm də Xocalı soyqırımının unudulmaması üçün atılan mühüm addımlardandır.
-Siz, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədrisiz. Mümkünsə, fəaliyyətiniz barədə qısa məlumat verin.
-Bəli, biz, bu Təşkilatı 2007-ci ildə yaratmışıq. Ötən müddət ərzində və imkanlarımız daxilində maraqlı tədbirlər təşkil etmişik. 2026-cı ilin fevral ayında Bakı Dovət Universitetində, Bakı Avrasiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Respublika Mühsribə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı ictimai birliyi, Dövlət Gömrük Komitəsinin Akademiyasında maraqlı anım mərasimləri təşkil edildi.Həmçinin, biz, Ölkəmizin regionlarında Təşkilatımızın nümayəndəliyini də yaradırıq.

Fatimə Məmmədova
10:38 26.02.2026
Oxunuş sayı: 974