Ədviyyatlardan istifadə zamanı nələrə diqqət etmək lazımdır? - Mütəxəssis danışdı
Darçın və zərdəçal kimi ədviyyatlar sağlamlıq üçün faydalı hesab olunur. Darçın qan şəkərini tənzimləməyə, zərdəçalın tərkibindəki kurkumin isə iltihabla mübarizəyə kömək edir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ədviyyatların həddindən artıq və ya düzgün istifadə olunmaması sağlamlıq üçün risk yarada bilər. Xüsusilə “kassiya” darçının tərkibindəki kumarin qaraciyərə zərər verə, zərdəçal isə bəzi xəstəliklər və hamiləlik zamanı təhlükəli ola bilər. Buna görə ədviyyatları normada və ehtiyatla istifadə etmək vacibdir.

Qida eksperti Fərid Səfərov Crossmedia.az-a bildirib ki, darçın, zərdəçal, muskat və zirə kimi ədviyyatlar həm kulinariya, həm də funksional qida baxımından dəyərlidir: "Lakin “təbii” olması onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Xüsusilə gündəlik və yüksək dozada istifadədə qaraciyər, böyrək, mədə-bağırsaq və hormonal sistemə təsirlər nəzərə alınmalıdır. Ədviyyat əsas qida deyil, yeməyə dad və aroma verən komponentdir. Müalicəvi məqsədlə yüksək dozada və uzunmüddətli qəbul həkim nəzarəti olmadan məsləhət deyil”.
Ekspert vurğulayıb ki, ədviyyat seçərkən mənbə və keyfiyyət məsələsi də xüsusi əhəmiyyət daşıyır: “Açıq satılan, mənşəyi bilinməyən toz ədviyyatlarda ağır metal və kif riski ola bilər. Sertifikatlı məhsullara üstünlük verilməlidir. Xroniki xəstəlikləri olan şəxslər, xüsusilə qaraciyər və böyrək xəstələri, öd daşı problemi yaşayanlar, qan durulaşdırıcı dərman qəbul edənlər, hamilə və laktasiya dövründə olan qadınlar ədviyyatlardan istifadə zamanı ehtiyatlı olmalıdırlar. Uşaqlarda konsentrat, kapsul və ya yüksək dozalı əlavələr uyğun deyil”.
Ekspert qeyd edib ki, darçının gündə təxminən 1 çay qaşığından (2–4 qram) artıq mütəmadi istifadəsi məsləhət görülmür: “Qaraciyər problemi olanlarda bu miqdar daha az olmalıdır. Uzunmüddətli gündəlik istifadədə Seylon darçını daha təhlükəsiz hesab olunur, çünki tərkibində kumarin daha azdır".
Zərdəçalın aktiv maddəsinin kurkumin olduğunu deyən ekspert bildirib ki, onun antiinflamatuar təsiri var: “Gündə 1 çay qaşığına qədər (2–3 qram) istifadə adətən təhlükəsizdir. Lakin kapsul formasında yüksək dozalar yalnız həkim nəzarəti ilə qəbul edilməlidir. Öd daşı və öd yolları problemi olanlarda ağrını artıra bilər. Qan durulaşdırıcı təsiri olduğuna görə əməliyyat öncəsi dayandırılmalıdır. Mədə həssaslığı olanlarda isə qıcqırma yarada bilər”.
F.Səfərovun sözlərinə görə, muskat ən riskli ədviyyatlardan biridir: “Tərkibində miyristisin var və yüksək dozada nevroloji toksiklik yarada bilər. Gündə çox az miqdarda – bıçaq ucu qədər (0,5–1 qramdan az) istifadə olunmalıdır. 5 qram və yuxarı dozalar ürəkbulanma, başgicəllənmə kimi zəhərlənmə əlamətləri verə bilər. Uşaqlarda, psixoloji həssaslığı olanlarda və hamiləlikdə təhlükəlidir. Muskat müalicəvi məqsədlə yüksək dozada istifadə edilməməlidir. Zirə isə nisbətən daha təhlükəsizdir. Gündə 1–2 çay qaşığı yeməklərdə adətən problem yaratmır. Lakin həddindən artıq istifadə mədə qıcıqlanması yarada bilər. Qan şəkərini azalda bildiyi üçün diabet dərmanı qəbul edənlər diqqətli olmalıdırlar”.
Sonda qida eksperti ədviyyatların istifadəsində balans prinsipinin vacibliyini vurğulayıb: “Ədviyyatları dövri istifadə edin, hər gün yüksək dozada eyni ədviyyatı qəbul etməyin. Müalicə məqsədilə istifadə edirsinizsə, 4–6 həftədən sonra fasilə verin. Əlavə – kapsul və ya ekstrakt forması qidadan daha konsentrasiyalıdır və bunu adi ədviyyat kimi düşünmək olmaz. Balans və dozaya nəzarət təhlükəsizliyin əsas şərtidir”.
Mehriban Yariyeva
15:57 25.02.2026
Oxunuş sayı: 640