Orucu xurma ilə açmaq niyə faydalıdır?
Ramazan ayında iftar süfrələrinin dəyişməz nemətlərindən biri xurmadır. Dünyanın müxtəlif ölkələrində milyonlarla müsəlman orucunu məhz xurma ilə açır. Bu seçim təkcə dini ənənə ilə bağlı deyil, eyni zamanda tibbi baxımdan da orqanizm üçün bir sıra üstünlüklər yaradır. Mütəxəssislər bildirirlər ki, uzun saatlar davam edən aclıqdan sonra xurma ilə iftar etmək bədənin enerji balansını sürətli və sağlam şəkildə bərpa etməyə kömək edir.
Gün ərzində qida və maye qəbul etməyən orqanizmdə qan şəkəri səviyyəsi aşağı düşür, enerji ehtiyatları azalır və halsızlıq yarana bilər. İftar zamanı ilk qəbul edilən qidanın yüngül və tez mənimsənilən olması vacibdir. Xurma tərkibindəki təbii qlükoza və fruktoza sayəsində qan şəkərini qısa müddətdə normallaşdırır. Eyni zamanda tərkibindəki lif və kompleks karbohidratlar enerjinin daha uzunmüddətli təmin olunmasına şərait yaradır və ani şəkər sıçrayışlarının qarşısını alır. Bu xüsusiyyət xüsusilə şəkər səviyyəsinə həssas şəxslər üçün əhəmiyyətlidir.
Xurma vitamin və minerallarla da zəngindir. Onun tərkibində B6 vitamini sinir sisteminin normal fəaliyyətinə dəstək verir, A vitamini immun sistemini gücləndirir, K vitamini qan laxtalanmasında mühüm rol oynayır, dəmir isə qanın oksigen daşıma qabiliyyətini artırmağa kömək edir. Uzunmüddətli aclıqdan sonra bu maddələrin orqanizmə daxil olması ümumi bərpa prosesini sürətləndirir və yorğunluğun azalmasına töhfə verir.
Bundan əlavə, xurma həzm sistemi üçün də faydalıdır. Tərkibindəki lif bağırsaq fəaliyyətini tənzimləyir və iftardan sonra yaranan həzm problemlərinin qarşısını almağa kömək edir. Ağır və yağlı yeməklərə keçid etməzdən əvvəl xurma ilə başlamaq mədəni daha yumşaq şəkildə qidaya hazırlayır.
Qurudulmuş meyvə olmasına baxmayaraq, xurma susuzluq yaratmır. Tərkibindəki kalium hüceyrədaxili maye balansının qorunmasına yardım edir. Mütəxəssislər xurmanın bir stəkan su ilə birlikdə qəbul edilməsini tövsiyə edirlər. Bu, həm enerji ehtiyatlarının, həm də maye balansının daha effektiv şəkildə bərpasına imkan yaradır.
Həkimlər qeyd edirlər ki, hər bir qida kimi xurmanın da normasında qəbul edilməsi vacibdir. Xüsusilə şəkərli diabet və ya metabolik problemləri olan şəxslər gündəlik miqdarı həkim məsləhəti ilə müəyyənləşdirməlidirlər.
Qeyd edək ki, materialın hazırlanmasında Biruni Universiteti Tibb Fakultəsi mütəxəssislərinin rəyi nəzərə alınıb. Təqdim olunan məlumatlar maarifləndirici xarakter daşıyır və diaqnoz və müalicə məqsədi daşımır. Sağlamlıqla bağlı qərarlar üçün mütləq həkimə müraciət edilməlidir.
11:42 24.02.2026
Oxunuş sayı: 467