Süni intellekt məhkəmə-hüquq sistemimdə: Etimadı doğruldur?
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı məhkəmə-hüquq sistemində də yeni yanaşmaların formalaşmasına səbəb olur. Xüsusilə süni intellekt alətlərinin hüquqi proseslərdə tətbiqi məsələsi həm səmərəlilik, həm də ədalət prinsiplərinin qorunması baxımından geniş müzakirə olunur. Bu kontekstdə məhkəmə qərarlarının qəbulunda texnologiyanın rolu və onun mümkün təsirləri hüquq ictimaiyyətinin diqqət mərkəzində olan aktual mövzulardan biri kimi çıxış edir.
Süni intellekt texniki və yardımçı proseslərdə faydalı ola bilsə də, hüquqi məsuliyyət daşımaması onun birbaşa məhkəmə qərarları verməsi baxımından ciddi risklər yaradır. Alqoritmik səhvlər, qərəzlilik və subyektivlik kimi amillər ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Bu baxımdan, süni intellektin məhkəmə sistemində tətbiqi ehtiyatlı yanaşma tələb edən və insan faktorunun həlledici rolunu qoruyub saxlayan bir istiqamət kimi qiymətləndirilir.
Məsələ ilə bağlı İKT üzrə mütəxəssis Elvin Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
![]()
"Süni intellektin qərarvermə prosesi, xüsusilə kritik sahələrdə tətbiq olunduqda, həm etik, həm də texniki baxımdan ciddi risklər yarada bilər. Bu risklərin başında "Qara qutu" (Black Box) problemi dayanır; yəni mürəkkəb alqoritmlər bir qərarı qəbul edərkən hansı məntiqlə hərəkət etdiyini izah edə bilmir, bu da şəffaflığı itirir. Məsələn, bank kreditlərinin verilməsi və ya işə qəbul proseslərində süni intellekt tarixi verilənlərdəki qərəzliyi (cinsiyyət, yaş və ya digər fərqlər) öyrənərək ədalətsiz qərarlar verə bilər ki, bu da cəmiyyətdə bərabərsizliyin dərinləşməsinə yol açır.
Digər bir risk isə "Hallusinasiya" və yanlış məlumatların emalıdır. Süni intellekt hər zaman dəqiq faktlara deyil, statistik ehtimallara əsaslanır. Tibb və ya hüquq kimi sahələrdə süni intellektin verdiyi yanlış məsləhət və ya qərar insan həyatı üçün ciddi fəsadlar törədə bilər. Həmçinin, avtonom idarə olunan nəqliyyat vasitələrində yarana biləcək texniki xətalar zamanı "məsuliyyət kimin üzərinə düşür?" sualı hələ də hüquq sistemində tam cavabını tapmayıb. Bu səbəbdən, yeni rəqəmsal arxitektura qurularkən, süni intellektin qərarları üzərində hər zaman insan nəzarətinin (Human-in-the-loop) saxlanılması ən vacib təhlükəsizlik qaydası hesab olunur".
Məsələyə hüquqşünas Rafiq Alışov da öz münasibətini bildirib:

"Bildiyiniz kimi, Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən hakimlərin Respublika Forumu keçirilmişdir. Həmin forumda qaldırılan əsas məsələlərdən biri məhkəmə sistemində süni intellektin tətbiqi, məhkəmə sisteminin inteqrasiyası, eləcə də məhkəmə qərarlarının süni intellekt vasitəsilə təkmilləşdirilməsi və müəyyən hallarda qərarların yenidən yoxlanması imkanları ilə bağlı olmuşdur. Eyni zamanda, süni intellektin məhkəmə fəaliyyətinə, işlərin operativliyinə və qərarların vaxtında hazırlanmasına verə biləcəyi töhfələr geniş müzakirə edilmişdir. Təbii ki, süni intellekt artıq müasir dövrdə həyatımızın müxtəlif sahələrini əhatə edən və qərarvermə proseslərinə müəyyən dərəcədə istiqamət verən texnoloji alətə çevrilmişdir. Lakin bu, bütün məhkəmə qərarlarının birbaşa süni intellekt vasitəsilə qəbul edilməli olduğu anlamına gəlmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, süni intellekt tərəfindən təqdim edilən hər bir nəticə mütləq şəkildə ədalətli və hüquqi baxımdan qüsursuz hesab edilə bilməz. Buna görə də süni intellekt yalnız informasiyanın daha sürətli əldə olunması, hüquqi mətnlərin daha sistemli və qrammatik cəhətdən düzgün tərtibi, eləcə də qərarların analitik baxımdan optimallaşdırılması kimi texniki məsələlərdə yardımçı vasitə rolunu oynaya bilər. Məlumdur ki, hər bir məhkəmə qərarı hakimin hüquqi iradəsinin və vicdanının təzahürüdür. Hakim qərar qəbul edərkən öz daxili inamını, hüquqi mövqeyini və vicdani yanaşmasını əsas götürür. Bu baxımdan risklər də məhz ondan ibarətdir ki, verilən qərar hər bir hakimin fərdi hüquqi düşüncəsini və daxili inamını əks etdirir və bu məsuliyyət heç bir texnoloji vasitə ilə tam əvəz oluna bilməz. Bu mənada süni intellektdən istifadə məsələsində hakimlər son dərəcə ehtiyatlı olmalı, qəbul edilən qərarları mütləq şəkildə qanunvericiliyin tələbləri əsasında qiymətləndirməlidirlər. Ölkəmizdə bütün hüquqi münasibətlər, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyası, konstitusiya qanunları və digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə də hər bir məhkəmə qərarı Konstitusiyaya, milli qanunvericiliyə və müvafiq icra hakimiyyəti orqanlarının normativ aktlarına uyğun olmalıdır.
Nəzərə almaq lazımdır ki, süni intellekt müəyyən hallarda qanunvericiliyin ayrı-ayrı maddələrini və ya hüquqi təfsirləri yanlış şərh edə, yaxud qeyri-dəqiq hüquqi nəticələr təqdim edə bilər. Bu səbəbdən hakimlər belə riskləri mütləq nəzərə almalı, süni intellektdən əldə olunan məlumatları əlavə hüquqi təhlildən keçirməli və yekun qərarları öz daxili inamlarına, hüquqi prinsiplərə və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə təkmilləşdirərək qəbul etməlidirlər".
Elmir Heydərli
09:20 24.02.2026
Oxunuş sayı: 790