Velosiped sürənlərə xəbərdarlıq: Könüllü qruplar yaradıla bilər
Son illər gənclər arasında velosiped, skuter və digər fərdi nəqliyyat vasitələrindən istifadə sürətlə artır. Lakin bəzi hallarda bu vasitələrin ictimai yerlərdə təhlükəli şəkildə idarə olunması ciddi narahatlıq yaradır. Parklarda və insanların sıx hərəkət etdiyi ərazilərdə müxtəlif ekstremal fəndlərin nümayiş etdirilməsi təkcə həmin şəxslərin deyil, ətrafdakı insanların da təhlükəsizliyini risk altına atır. Sosioloq Hüseyn İbrahimov ötən gün redaksiyamıza açıqlamasında ictimai yerlərdə təhlükəli hərəkətlərin qarşısını almaq üçün könüllü maarifləndirici qrupların yaradılması faydalı ola biləcəyini və bunun tətbiqini təklif edib. Onun sözlərinə görə, bu qruplar insanları xəbərdar etməli, təkrar hallarla bağlı isə aidiyyəti qurumlara məlumat verməlidirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev qeyd edib ki, skuter və velosipedlərdə təhlükəli manevrlərin qarşısının alınması məqsədilə könüllü qrupların yaradılması müasir şəhər mobilliyinin inkişafı fonunda diqqətəlayiq təşəbbüsdür. Belə ki, son illərdə elektrik skuterləri, velosipedlər və digər mikromobillik vasitələri qısa məsafələrdə hərəkət üçün əlverişli alternativə çevrilib:

"Bu nəqliyyat vasitələri tıxacların azalmasına, ekoloji vəziyyətin yaxşılaşmasına və insanların daha rahat hərəkət etməsinə töhfə versə də, onların istifadəsi ilə bağlı müəyyən təhlükəsizlik problemləri də ortaya çıxıb. Xüsusilə piyadaların sıx olduğu ərazilərdə yüksək sürətlə hərəkət, qəfil istiqamət dəyişmələri, hərəkət zolaqlarına əməl edilməməsi, iki nəfərin bir skuterdən istifadə etməsi və qoruyucu vasitələrdən istifadə olunmaması kimi hallar həm istifadəçilərin, həm də piyadaların təhlükəsizliyi üçün risk yaradır. Bu baxımdan könüllü qrupların fəaliyyəti maarifləndirmə istiqamətində mühüm rol oynaya bilər. Belə qruplar parklar, bulvarlar, velosiped yolları və digər ictimai məkanlarda vətəndaşlara təhlükəsiz hərəkət qaydaları barədə məlumat verə, düzgün istifadə vərdişlərini təşviq edə və riskli davranışların yaratdığı nəticələri izah edə bilərlər. Dünya təcrübəsində də bu istiqamətdə uğurlu nümunələr mövcuddur. Bir çox Avropa şəhərlərində bələdiyyələr, ictimai təşkilatlar və könüllülər birlikdə təhlükəsiz mikromobillik kampaniyaları həyata keçirirlər. Məqsəd cərimə tətbiq etmək deyil, insanların davranışlarını dəyişmək və təhlükəsizlik mədəniyyətini formalaşdırmaqdır".
Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, maarifləndirmə tədbirləri uzunmüddətli perspektivdə inzibati cəzalardan daha effektiv nəticə verə bilir:
"Lakin məsələni yalnız könüllü qrupların fəaliyyəti ilə həll etmək mümkün deyil. Bunun üçün ilk növbədə müasir və təhlükəsiz infrastruktur yaradılmalıdır. Velosiped və skuter zolaqlarının artırılması, onların avtomobil və piyada hərəkətindən mümkün qədər ayrılması, yol nişanlarının və məlumatlandırıcı lövhələrin quraşdırılması vacibdir. Eyni zamanda mikromobillik vasitələrinin istifadəçiləri üçün mütəmadi təlimlər, maarifləndirici kampaniyalar və məktəblərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı proqramlar təşkil oluna bilər. Digər mühüm məsələ qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətdir. Maarifləndirmə əsas vasitə olsa da, təhlükəli davranışların qarşısının alınması üçün müəyyən nəzarət mexanizmləri də mövcud olmalıdır. Çünki bəzi hallarda yüksək sürət, piyadaların hərəkət zonasına müdaxilə və digər kobud qayda pozuntuları ciddi qəzalarla nəticələnə bilər. Ümumilikdə, könüllü qrupların yaradılması mikromobillik sahəsində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından müsbət addımdır. Ancaq bunun real nəticə verməsi üçün maarifləndirmə, infrastrukturun inkişafı, təlim proqramları və effektiv nəzarət mexanizmləri bir-birini tamamlamalıdır. Yalnız kompleks yanaşma sayəsində həm skuter və velosiped istifadəsinin üstünlüklərindən maksimum faydalanmaq, həm də bütün hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək mümkün olacaq".
Fatimə Məmmədova
20:00 17.06.2026
Oxunuş sayı: 55