Azərbaycanda innovativ iqtisadiyyat üçün yeni hüquqi baza formalaşdırılır
İyunun 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, komitə sədri Azər Əmiraslanov iclasda birinci oxunuşda beş məsələnin müzakirəyə təqdim ediləcəyini bildirib.
O qeyd edib ki, gündəliyin 1-ci məsələsi “Kraudfandinq haqqında” qanun layihəsidir. 2-ci məsələnin Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyən komitə sədri bu sənəddə “Kraudfandinq haqqında” qanun layihəsindən irəli gələn uyğunlaşdırma xarakterli dəyişikliklərin təklif olunduğunu söyləyib. O, 3-cü məsələnin Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu və mahiyyətcə vençur kapitalı fondları ilə bağlı olduğunu bildirib. 4-cü məsələnin Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin innovativ fəaliyyətin dəstəklənməsi və bu sahədə nəzərdə tutulan güzəştlərlə bağlı olduğunu, 5-ci məsələnin isə “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.
Komitə sədri vurğulayıb ki, təqdim olunan layihələr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçirilməsini səciyyələndirən mühüm qanunvericilik təşəbbüsləridir. Layihələrin ümumi məqsədi innovasiya fəaliyyətinin təkmilləşdirilməsi üzrə müasir, beynəlxalq təcrübədə geniş tətbiq olunan hüquqi və maliyyə alətlərinin milli qanunvericilikdə təmin edilməsidir. Burada əsas hədəflər Azərbaycan iqtisadiyyatının daha innovativ, texnologiyayönümlü, investisiyaya açıq və rəqabətqabiliyyətli etməkdir. Eyni zamanda, innovasiyanın iqtisadi məhsula çevrilməsi üçün maliyyə mexanizmlərinə ehtiyac olduğu və təqdim olunan qanun layihələrinin məhz bu mexanizmlərinin yaradılmasına xidmət etdiyi bildirilib. Qeyd edilib ki, innovativ fəaliyyətin dəstəklənməsi dövlət siyasətidir və mühüm strateji sənədlərdə öz əksini tapıb, habelə milli prioritetlərimizdən biri məhz innovativ inkişafla bağlıdır.
Sonra iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çıxış edərək ilk dörd layihə barədə fikirlərini açıqlayıb. O, bu gün dünyada süni intellekt, məlumat mərkəzləri, rəqəmsal platformaların rolunun artdığı və iqtisadiyyatın hərəkətverici qüvvələrindən birinə çevrildiyini deyib. Bildirilib ki, bu baxımdan, Azərbaycanın qarşısına qoyduğu əsas strateji hədəflərdən biri ölkəmizin regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməsidir və bu istiqamətdə zəruri addımlar atılıb. Eyni zamanda, rəqəmsal infrastrukturla yanaşı, bu innovasiyaları dəstəkləyən institusional mühitin daim inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycana investisiyanın cəlb edilməsi üçün hüquqi və iqtisadi mexanizmlərin təkmilləşdirilməsinin zəruriliyindən bəhs edilib.
Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov slaydlar vasitəsilə qanun layihələrini təqdim ediblər.
Əvvəlcə, “Kraudfandinq haqqında” qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində təməl prinsiplərin və hüquqi çərçivənin formalaşdırılmasıdır. Sənəddə səhm və borcəsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsasları müəyyən edilir. Kraudfandinq platformasının operatorunun hüquqi statusu və fəaliyyət şərtləri müəyyən edilir. Operatorun məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılması, Mərkəzi Bank tərəfindən aparılan reyestrə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi, platformanın etibarlı, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməsi, maraqlar münaqişəsinin qarşısını alması və investorlarla layihə sahiblərinin hüquqlarını qoruyan daxili siyasət və prosedurlara malik olması nəzərdə tutulur.
Təqdim olunan məsələlər ətrafında aparılan müzakirələrdə deputatların qaldırdığı məsələlərə aydınlıq gətirilib.
Sonra İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev gündəliyin sonuncu məsələsi – “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinə dair məlumat verib.
Bildirilib ki, qanun layihəsində edilən dəyişikliklərin əsas məqsədi Ələt Azad İqtisadi Zonasında istehsal və ya kifayət qədər emal olunmuş malların ixracını təşviq etmək və ixracyönümlü istehsalı artırmaqdır.
Diqqətə çatdırılıb ki, dəyişikliyə əsasən, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən hüquqi şəxslər istehsal etdikləri məhsulların ən azı 50 faizini xarici bazarlara ixrac etdikləri halda, həmin məhsulların 15 il müddətində əsas iqtisadiyyata müəyyən güzəştlərlə gətirilməsi nəzərdə tutulur.
Sənədlə bağlı müzakirədə komitənin üzvü Tahir Mirkişili çıxış edib.
İclasda təqdim edilən hər beş qanun layihəsi baxılmaq üçün birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
19:35 17.06.2026
Oxunuş sayı: 51