Özünü iyun kimi göstərən mart: Fəsillər dəyişir?
Son illərdə iqlim dəyişiklikləri özünü təkcə uzunmüddətli tendensiyalarla deyil, artıq gündəlik hava şəraitində də açıq şəkildə göstərir. Fəsillərarası sərhədlərin getdikcə silinməsi, temperatur normativlərinin tez-tez aşılması və qeyri-adi istilik dalğaları bu dəyişimin ən bariz nümunələrindəndir. Məhz bu baxımdan, fevral ayında müşahidə olunan qeyri-adi istilik fonu diqqət çəkir. İsti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində havanın mülayim və əsasən yağmursuz keçməsi, temperaturun uzunillik göstəricilərdən xeyli yüksək olması iqlim proseslərində baş verən dərin transformasiyaların növbəti siqnalı kimi qiymətləndirilə bilər.
Bu barədə Crossmedia.az-a danışan ekoloq Elçin Bayramlı söyləyib ki, bu, qlobal iqlim təsirlərinin təzahürüdür. Qlobal istiləşmənin fəsadları dünyanın hər yerində müşahidə olunur: "Quraqlıq prosesi gedir, yağıntıların azalması və iqlimin istiləşməsi baş verir. Təbii ki, bu təsirlər Azərbaycanda da özünü göstərir. Bu, normal hal deyil. Qışın ortasında bu cür temperaturun müşahidə olunması əslində normal sayılmır. Bu proses bir tərəfdən iqtisadiyyata ziyan vurur, xüsusilə kənd təsərrüfatı və əkinçilik sahələrinə mənfi təsir göstərir. Digər tərəfdən isə insanların sağlamlığına zərər vurur. Təsirlərin normadan kənar şəkildə baş verməsi bəzi xəstəliklərin yaranmasına da səbəb ola bilir. Bu, qlobal bir prosesdir. Antropogen təsirlər nəticəsində qlobal iqtisadi problemlər yaranır. Atmosferə atılan çirkləndirici maddələr, torpaq və suyun zərərli maddələrlə çirklənməsi, sənaye sahələrinin artması, hərbi sınaqlar və hərbi əməliyyatlar bu prosesə ciddi təsir göstərir".

Ekspertin sözlərinə görə, bu amillər qlobal iqtisadiyyata böyük zərər vurur və nəticədə anormal iqlim hadisələri yaranır: "Yay fəslində qeyri-adi hava şəraiti, qışda isə mövsümə uyğun olmayan temperatur müşahidə olunur. Məhz buna görə son dövrlərdə bir çox ekoloji beynəlxalq konfranslar və görüşlər təşkil edilir. Dünya dövlətləri artıq bu təhlükələrin fərqindədir. Müəyyən razılaşmalar mövcuddur. COP çərçivəsində də Azərbaycan bu istiqamətdə mühüm rol oynayıb, təşəbbüslərlə çıxış edib və konkret işlər həyata keçirib. Artıq proqnozlar və statistik göstəricilər məlumdur. Planetimizin ekologiyasının sağlamlaşdırılması üçün vacib addımlar atılmalıdır. Dövlətlərin əksəriyyəti bunu anlayır və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinə çalışır. Ümid edirik ki, bu problemlər öz həllini tapacaq, dünyanın ekoloji sisteminin sağlamlaşdırılması gələcək nəsillərin həyat təhlükəsizliyini təmin edəcək. Eyni zamanda, sabit və normal iqtisadiyyatın, kənd təsərrüfatının qaydasında inkişafına da şərait yaradacaq. Çünki quraqlıq olduqda əkinçilik ciddi zərər görür".
Elmir Heydərli
13:25 19.02.2026
Oxunuş sayı: 529