Əməliyyatdan sonra ölüm halları nə ilə bağlı ola bilər?
Bakıda özəl tibb müəssisəsində baş verən faciəvi ölüm faktı cəmiyyətdə ciddi narahatlıq doğurub. Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da keçirilən cərrahi əməliyyatdan cəmi üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəfat etməsi səhiyyə sistemində təhlükəsizlik və tibbi məsuliyyət məsələlərini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanması, məsələnin artıq hüquqi müstəvidə qiymətləndirildiyini göstərir.
Baş Prokurorluğun məlumatına görə, əməliyyat fevralın 10-da həyata keçirilib və hazırda ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün hərtərəfli istintaq aparılır. Rəsmi açıqlamada qeyd olunur ki, hadisənin bütün hallarının obyektiv araşdırılması və nəticəyə uyğun hüquqi qərarın qəbul edilməsi təmin ediləcək. Bu fakt bir daha sübut edir ki, tibb sahəsində məsuliyyət yalnız həkimlərlə bağlı deyil.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Baş Prokurorluğun verdiyi məlumata əsasən, məsələnin obyektiv şəkildə araşdırılması zəruridir. Bu isə, ilk növbədə, mərhumun meyitinin məhkəmə-tibbi ekspertizadan yəni avtotopsiyadan keçirilməsini tələb edir. Ölümün birbaşa və dəqiq səbəbi müəyyən edilmədən obyektiv araşdırmadan danışmaq mümkün deyil.
İkincisi, mövcud məlumatlara görə, ölüm hadisəsi cərrahi əməliyyatdan üç gün sonra baş vermişdir. Bu fakt artıq hadisənin bilavasitə əməliyyat prosesi ilə əlaqəli ola biləcəyini göstərir. Mərhumun harada dünyasını dəyişməsi hüquqi baxımdan əsas meyar deyil; əsas olan ölümün əməliyyatla zaman və səbəb əlaqəsinin olub-olmamasıdır. Əməliyyatdan qısa müddət sonra baş verən ölüm, prinsip etibarilə, əməliyyatın mümkün fəsadı kimi qiymətləndirilə bilər".
Müsahibimizin sözlərinə görə, belə bir qəfil ölüm müxtəlif tibbi səbəblərlə əlaqədar ola bilər: "Məsələn, dərin venoz tromboz, dehidratasiya fonunda yaranan hipovolemiya, tromboembolik ağırlaşmalar və ya kəskin işemik proseslər bu tip situasiyalara yol aça bilər. Hər bir halda, bu qəfil və ağır klinik vəziyyət sayılır və mütləq şəkildə kompleks şəkildə araşdırılmalıdır.
Lakin qeyd etmək lazımdır ki, istənilən ilkin ehtimal və ya məntiqi mülahizə faktiki sübut hesab edilə bilməz. Faktiki təsdiq yalnız məhkəmə-tibbi ekspertiza və rəsmi patologiya nəticələri əsasında mümkündür. Bu nəticələr isə hüquqi məsuliyyətin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
Bu səbəbdən də, patoloji-anatomik və ekspertiza rəyləri olmadan hər hansı qəti fikir bildirmək həm hüquqi, həm də etik baxımdan məqsədəuyğun deyil".
Elmir Heydərli
12:35 18.02.2026
Oxunuş sayı: 435