Qorxudan zövq alanlar: Niyə qorxulu filmləri izləmək ehtiyacı duyuruq?
İnsanlar qorxulu filmlərə qarşı həm maraq, həm də qorxu hissi göstərirlər. Maraqlısı odur ki, bəziləri bu filmlərdən qorxsalar da, onlara mənfi təsir göstərsə belə, yenə də bu janrda olan filmlərə baxmaya bilmirlər.
Belə insanlar qorxulu səhnələrə baxanda narahat olurlar, amma eyni zamanda təkrar-təkrar izləmək istəyirlər. Bu, bir növ “qorxudan zövq alma” psixologiyasıdır.
Maraqlıdır ki, bu tendensiya yalnız yetkinlərdə deyil, uşaqlarda da özünü göstərir. Uşaqlar qorxulu obraz və səhnələrdən təsirlənsələr də, onların marağı və yenidən izləmə istəyi davam edə bilir.
Ekspertlər bildirirlər ki, bu, beynin adrenalin və həyəcanla əlaqədar reaksiyalarından qaynaqlanır; qorxu hissi ilə birlikdə gələn həyəcan bəzi insanlar üçün əyləncəli və maraqlı olur.
Nəticədə, qorxulu filmlərə maraq təkcə əyləncə deyil, həm də psixoloji maraq və hisslərin qarışığı kimi başa düşülə bilər. İnsanlar qorxu və həyəcanın qarışığını yaşamaq üçün bu filmlərə tez-tez geri dönürlər.
Bu barədə Crossmedia.az-a açıqlama veren psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov vurğulayıb ki, qorxu insan psixikasında ən əsas və qədim emosiyalardan biridir:

"Onun əsas funksiyası insanı təhlükədən qorumaq, diqqətli və ayıq saxlamaqdır. Qorxu hissi yarandıqda beyində “təhlükə siqnalı” aktivləşir, adrenalin artır, ürək döyüntüsü sürətlənir və insan özünü müdafiəyə hazır vəziyyətə gətirir.
Qorxulu filmlər və videolar bu mexanizmi süni şəkildə işə salır. İnsan real təhlükə ilə üzləşməsə də, beyin bunu gerçək kimi qəbul edir və nəticədə həyəcan, gərginlik və emosional yüksəliş yaranır.
Məhz bu “emosional yüksəliş” bəzi insanlar üçün maraqlı və cəlbedici olur. Bir çox insan qorxulu məzmunlara baxmaqla daxili gərginliyini boşaltmağa çalışır. Gündəlik həyatda stres, məsuliyyət, sosial təzyiq və emosional yüklənmə yaşayan insanlar qorxu filmləri vasitəsilə bu yığılan enerjini “çıxarmaq” imkanı əldə edirlər. Film bitdikdən sonra insan özünü rahatlamış və yüngülləşmiş hiss edə bilər.
Bu, müəyyən mənada psixoloji boşalma mexanizmidir. Bundan əlavə, bəzi insanlar üçün qorxulu filmlər öz qorxularına nəzarət etmə hissi yaradır.
İnsan ekranda təhlükəni izləyir, amma bilir ki, real həyatda ona heç nə olmayacaq. Bu da daxili güvən və nəzarət hissini artırır. Qorxulu məzmunlara tez-tez baxmağın psixoloji sağlamlığa təsiri isə fərdi xüsusiyyətlərdən çox asılıdır. Psixoloji baxımdan dayanıqlı, emosional balansı yerində olan insanlar üçün bu cür filmlər adətən ciddi problem yaratmır. Onlar gördüklərini real həyatla qarışdırmır və asanlıqla emosional vəziyyətlərini normaya qaytara bilirlər. Lakin həssas, narahatlığa meyilli, yuxu problemləri, təşviş və ya stress pozuntuları olan insanlarda qorxulu məzmunlar mənfi təsir göstərə bilər. Bu, gecə qorxuları, kabuslar, səbəbsiz təşviş, diqqət dağınıqlığı və emosional gərginliyin artması ilə özünü göstərə bilər. Bəzi insanların qorxduqları halda belə bu tip filmlərdən zövq almalarının əsas səbəblərindən biri də beyində “mükafat sistemi”nin işə düşməsidir. Qorxu zamanı adrenalin və dopamin ifraz olunur".
Psixoloq film bitdikdən sonra insanın təhlükənin keçdiyini hiss etdiyini və beyində rahatlama, məmnunluq yarandığı da qeyd edib:
"Bu hiss bəzən asılılıq yaradan bir mexanizmə çevrilə bilər. İnsan yenidən həmin emosiyanı yaşamaq üçün oxşar məzmunlara baxmağa davam edir.
Xüsusilə, yeniyetmələr və gənclər arasında bu meyl daha güclü müşahidə olunur, çünki onların emosional tənzimləmə sistemi hələ tam formalaşmayıb. Digər tərəfdən, qorxulu filmlər bəzən insanın öz daxili qorxuları ilə üzləşməsinə də şərait yaradır. Real həyatda ifadə olunmayan, bastırılan qorxular simvolik formada ekranda ortaya çıxır və insan onları izləməklə müəyyən psixoloji emal prosesi yaşayır. Bu, bəzi hallarda müsbət təsir göstərə bilər, lakin balans pozularsa, əksinə, daxili gərginliyi artıra bilər.
Bu səbəbdən də qorxulu məzmunlara maraq insanın emosional ehtiyacları, stress səviyyəsi, şəxsiyyət xüsusiyyətləri və psixoloji durumu ilə sıx bağlıdır. Bu cür filmlər ölçülü və şüurlu şəkildə izlənərsə, adətən ciddi problem yaratmır. Lakin davamlı şəkildə, xüsusilə gecə saatlarında və emosional həssas dövrlərdə izlənməsi psixoloji sağlamlığa mənfi təsir göstərə bilər.
Valideynlərin uşaqların və yeniyetmələrin baxdıqları məzmunlara diqqət etməsi, böyüklərin isə öz emosional vəziyyətlərini nəzərə alaraq seçim etməsi olduqca vacibdir. Psixoloji sağlamlıq üçün əsas prinsip balans və özünü tanımaqdır".
Fatimə Məmmədova
17:50 18.02.2026
Oxunuş sayı: 498