Sizi gənc saxlayan üsullar - Zamanı geri çevirən vərdişlər
Gənc qalmaq, enerjili və sağlam görünmək demək olar ki, hər kəsin arzusudur. Zamanın izlərini ləngitmək üçün isə sadəcə estetik prosedurlar deyil, gündəlik həyat tərzimiz də böyük rol oynayır.
Medikal estetik həkimi Dr. Kemali Güneş gənc qalmağın əsas 7 addımını izah edir.
Belə ki, ilk növbədə, bol su içmək vacib sayılır. Yaşlanan dəri ilə gənc dəri arasındakı əsas fərqlərdən biri nəm çatışmazlığıdır. Gün ərzində ən azı 1,5 litr su qəbul etmək dərinin elastikliyini qoruyur, enerjini artırır və həzm sisteminin daha yaxşı işləməsinə kömək edir. Eyni zamanda ürək sağlamlığı üçün də faydalıdır.
Sağlam qidalanma və fiziki aktivlik də gənc qalmağın əsas şərtlərindəndir. Orqanizmin lazımi zülal və faydalı yağlarla təmin olunmaması erkən qocalmaya səbəb ola bilər. Şəkərin çox istifadəsi isə kollagen liflərinə təsir edərək dərinin elastikliyini azaldır və qırışların yaranmasını sürətləndirir. Müntəzəm idman isə həm bədəni, həm də zehni daha çevik saxlayır.
Keyfiyyətli yuxu da bərpa prosesində mühüm rol oynayır. Gündə ən azı 7 saat yatmaq hüceyrələrin yenilənməsinə şərait yaradır. Yuxu zamanı ifraz olunan melatonin və gənclik hormonları həm dərini, həm də immun sistemini gücləndirir.
Günəş şüalarından qorunmaq da yaşlanmanın qarşısını alan əsas amillərdəndir.
Ultrabənövşəyi şüalar dəridə qırışlar və ləkələr yarada bilər. Buna görə həm UVA, həm də UVB şüalarına qarşı qoruyucu təsiri olan günəş kremindən istifadə tövsiyə edilir.
Zərərli vərdişlərdən uzaq durmaq da vacibdir. Siqaret kollagenin parçalanmasına səbəb olur, dərini qurudur və solğun görünüş yaradır. Həddindən artıq alkoqol istifadəsi isə damarların genişlənməsinə, üz dərisində qızartı və şişkinliyə səbəb ola bilər.
Dəriyə qulluq vərdişlərinə erkən başlamaq mütəxəssislər tərəfindən xüsusi vurğulanır. Antioksidantlar, vitaminlər və amin turşuları ilə zəngin qulluq vasitələri dərini qoruyaraq yaşlanma prosesini ləngidə bilər.
Müasir tibbin təqdim etdiyi medikal estetik prosedurlar da gənc qalmağa kömək edir. Cərrahi müdaxilə tələb etməyən mezoterapiya, botoks və mikro fokus ultrasəs kimi üsullar dərinin elastikliyini artıraraq qırışların azalmasına və üzün daha gərgin görünməsinə şərait yaradır.
Unutmaq olmaz ki, gənc qalmaq yalnız xarici görünüş deyil, sağlam həyat tərzinin nəticəsidir. Düzgün qidalanma, hərəkətli həyat, keyfiyyətli yuxu və düzgün dəriyə qulluq uzun müddət gənc və enerjili qalmağın əsas açarı hesab olunur.
Fatimə Məmmədova
10:09 11.02.2026
Oxunuş sayı: 384