Məktəbdə arvadını döyən kişi həbs edildi - TƏFƏRRÜATLAR
Sabirabad rayonunda məktəbdə həyat yoldaşını döyən şəxs həbs edilib.
Crossmedia.az bu barədə Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
1980-ci il təvəllüdlü Elçin Vəliyev (ad-soyad şərti verilib – red.) kənd orta məktəbində həyat yoldaşı Nərminəni döyüb.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vəliyev özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, arvadı bir necə ay əvvəl yaşadıqları evi tərk edib və atası evinə gedib: “Onun bu hərəkətinə etiraz etdim və kənd məktəbində arvadım ilə mübahisə etdim. Lakin onu vurmadım”.
Zərərçəkmiş Nərminənin sözlərinə görə, məlum hadisə günü, səhər saat 9 radələrində kənd məktəbində əri onun qarşısını kəsib: “Mənim üz nahiyəmə şillə, qarın nahiyəmə təpik vurdu, mənə xəsarət yetirdi. Mən onunla barışmamışam, barəsində həbs növündə cəza təyin edilməsini istəyirəm”.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 20 gün müddətinə həbs edilib.
11:00 09.02.2026
Oxunuş sayı: 547