Gənclər niyə qulaqlarını qırır: Dəb, yoxsa idmanın tələbi?
Həvəskar və gənc idmançılar arasında son illərdə təhlükəli bir tendensiya yayılıb: qulaqlar bilərəkdən zədələnir ki, “döyüşçü qulağı” effekti yaransın. Bu görüntü bəzi idman növlərində güc və təcrübə simvolu kimi qəbul edilsə də, mütəxəssislər bunun ciddi riskləri daşıdığını bildirir. Qulağın qəsdən qırılması təkcə estetik məsələ deyil, eşitmə problemlərinə və qalıcı fəsadlara yol aça bilər. Məsələnin arxa planını və risklərini araşdırdıq.
Qulaq qırılması tibbdə ciddi travma hesab olunur və bir sıra sağlamlıq riskləri yaradır. Amerika Otolarinqologiya Akademiyası - Baş və Boyun Cərrahiyyəsi təşkilatının məlumatına görə, qulaq kartilajına vurulan zərbə və ya süni şəkildə yaradılan zədələr perixondrit adlanan ağır infeksiyaya səbəb ola bilər. Kartilaj toxumasının qanla zəif təmin olunması infeksiyanın sürətlə yayılmasına və toxumanın ölməsinə gətirib çıxarır. "Mayo Clinic" tərəfindən yayımlanan tibbi məqalələrdə qeyd olunur ki, vaxtında müalicə edilməyən qulaq hematomaları qalıcı “gül kələm qulaq” deformasiyası yaradır və bu deformasiya təkcə estetik problem deyil, bəzi hallarda eşitmə funksiyasına da mənfi təsir göstərə bilər.
Eyni zamanda, Təcili Tibb Jurnalında (Journal of Emergency Medicine) dərc olunan araşdırmalara əsasən, qulaq kartilajının travması abses, irinli iltihab və cərrahi müdaxilə zərurəti ilə nəticələnə bilər. Mütəxəssislər vurğulayırlar ki, bu tip zədələrdən sonra yaranan çapıq toxuması və keloidlər uzunmüddətli ağrı və həssaslıq yarada bilər. Tibbi mənbələr yekdil şəkildə bildirir ki, qulaq qırılması güc və dözümlülük göstəricisi deyil, əksinə, gələcəkdə geri dönməyən sağlamlıq problemlərinə yol açan təhlükəli bir davranışdır.
Kikboksinq üzrə yeniyetmələr və gənclərdən ibarət milli yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev qulaq seyvanının süni şəkildə zədələnməsinin peşəkar idman və idman ustalığı ilə heç bir əlaqəsi olmadığını bildirib: "Kikboksinqdə, eləcə də digər döyüş növlərində idmançının səviyyəsi onun texnikası, intizamı, yarış nəticələri və idman etikası ilə müəyyən olunur, xarici görünüşlə deyil. Bu cür hərəkətlər sağlamlıq üçün ciddi risklər daşıyır. Əlavə olaraq, belə trendlərin təşviqi gənclərdə idman haqqında yanlış təsəvvür formalaşdırır, zəhmət, səbir və düzgün məşq prosesinin əvəzinə nümayişkarlığı və zahiri atributları ön plana çıxarır. Mən bu cür süni praktikalara qəti şəkildə mənfi yanaşıram və gənc idmançıları, eləcə də onların valideynlərini həqiqi idman dəyərlərinə, sağlamlığa və peşəkar inkişafa üstünlük verməyə çağırıram."

Sosioloq Rəvan Əliyev bu trendin təhlükəli olduğunu və gələcəkdə böyük risklərlə nəticələnə biləcəyini söyləyib: "Bunun əsas səbəbi imic məsələsidir. Sosial şəbəkələrdə “real döyüşçü”, “ obrazı populyarlaşıb. Qulaq qırığı da bu obrazın bir simvoluna çevrilib. Təəssüf ki, bəziləri bunu idmanla yox, özünə zərər verməklə sübut etməyə çalışır.Digər səbəb saxta qəhrəmanlıqdır. Gənc yaşda insanın düzgün rol modelləri olmayanda, real idmançı ilə şou xəttini ayıra bilməyəndə bu cür təhlükəli davranışlar ortaya çıxır. Bu trendin ən təhlükəli tərəfi odur ki, bu, təkcə qulaqla bitmir. Bu gün qulaq qırdıran sabah daha ağır zədələrə, özünə daha ciddi xəsarətlərə gedə bilər. Çünki insan öz bədəninə zərər verməyi normallaşdıranda sərhəd itir. Bu isə gələcəkdə psixoloji problemlərə, sağlamlıq risklərinə və hətta zorakılıq meyllərinin artmasına qədər gedib çıxa bilər."

Psixoloq Gülər Məmmədli isə söyləyib ki, bu trend gənclərin fərqlənmə istəyindən yaranıb: "Belə hallarda oğlanlar müəyyən yaş dövründə özlərini təsdiqləmək və ətraf mühitdə seçilmək istəyi ilə bu addımı atırlar. Xüsusilə həmyaşıdları və ya yaşca daha böyük şəxslər arasında diqqət çəkmək arzusu onları riskli davranışlara sürükləyir. Onların düşüncəsinə görə, qulaqların qırılması kənardan fiziki və psixoloji dözümlülüyün, gücün və “təcrübəli döyüşçü” obrazının göstəricisidir. Bu görünüş, gənclərin özlərini daha cəsarətli və qorxmaz kimi təqdim etmə cəhdinin bir formasıdır. Eyni zamanda, bu yanaşma bəzən real sağlamlıq risklərinin kölgədə qalmasına səbəb olur."
Mütəxəssislərin dediklərindən də belə məlum olur ki, bu tipli davranışlar təkcə yanlış tendensiya deyil, həm də cəmiyyət üçün pis presidentdir. Odur ki, peşəkar idmançılar oxşar nümunələrdən çəkinməli, maarifləndirməyə çalışmalıdırlar. Çünki idman sağlamlıqdır, mədəniyyətdir. Amma bu, heç bir halda pis nümunələrə, dağıdıcı təsirlərə gətirib çıxarmamalıdır.
Türkanə Muradlı
13:43 05.02.2026
Oxunuş sayı: 790