Qubanın sıldırım dağları arasında gizlənən gizlənən Gur-Gur şəlaləsi
Azərbaycanın şimalında yerləşən Quba rayonu zəngin təbiəti, dağ kəndləri və az tanınan mənzərəli məkanları ilə seçilir. Bu məkanlardan biri də son illər əsasən macəra və təbiət turizmi ilə maraqlananların diqqətini çəkən Gur-Gur şəlaləsidir. Şəlalə Quba rayonunun Qrız kəndi yaxınlığında, dağlıq və çətin relyefə malik ərazidə yerləşir.
Araşdırmalara görə, Gur-Gur şəlaləsi Qrız kəndindən təxminən 2 kilometr məsafədə, əsasən piyada yürüşlə çatılan təbii məkandır.
Qrız kəndinin özü dəniz səviyyəsindən təqribən 2 000 metrdən yüksəkdə yerləşdiyi üçün ərazi sərt iqlimi və kəskin hava dəyişiklikləri ilə xarakterizə olunur. Bu amil şəlalənin mövsümi görünüşünə də birbaşa təsir edir.
Şəlalənin “Gur-Gur” adlandırılması təsadüfi deyil. Yerli mənbələrdə və turizm marşrutlarını təsvir edən məlumatlarda qeyd olunur ki, su qayalardan böyük sürətlə axarkən gurultulu, fasiləsiz səs yaradır. Məhz bu səs illər ərzində şəlalənin adının formalaşmasına səbəb olub.
Bu cür adlandırma Azərbaycan toponimikasında geniş yayılmış təbii xüsusiyyətə əsaslanan yanaşmadır.
Mövsümi baxımdan Gur-Gur şəlaləsi iki fərqli sima ilə tanınır. Yaz və yay aylarında qar sularının əriməsi və yağıntıların artması nəticəsində şəlalənin axını güclənir, su həcmi artır və ərazi sərin mikroiqlim yaradır. Bu dövrdə şəlalə daha çox təbiət gəzintiləri və foto çəkilişləri üçün əlverişli olur. Qış aylarında isə hava temperaturunun kəskin enməsi nəticəsində şəlalə tam və ya qismən donur. Donmuş Gur-Gur şəlaləsi bölgədə nadir rast gəlinən təbii mənzərə kimi turistlərin xüsusi marağına səbəb olur.
Hazırda Gur-Gur şəlaləsi rəsmi dövlət turizm marşrutlarına tam şəkildə daxil edilməsə də, yerli turizm şirkətləri tərəfindən “hiking” dağ yürüşü turları çərçivəsində təqdim edilir. Bu marşrutlar əsasən Qrız kəndindən başlayır və orta çətinlik dərəcəsinə malik sayılır. Yürüş yolu boyunca sıldırım qayalar, dərələr və Quba dağlarının təbii panoraması müşahidə olunur. Bu da şəlaləni sırf istirahət yox, eyni zamanda macəra turizmi obyekti kimi fərqləndirir.
Mütəxəssislər qeyd edirlər ki, Gur-Gur şəlaləsinin turizm potensialı yüksək olsa da, əraziyə gedən yolların çətinliyi və infrastrukturun olmaması kütləvi axının qarşısını alır. Digər tərəfdən, bu amil şəlalənin hələlik təbii saflığını qoruyub saxlamasına imkan verir. Ekoloqlar hesab edirlər ki, gələcəkdə mümkün turizm inkişafı mütləq nəzarətli və ekoloji balansı qoruyan formada aparılmalıdır.
Yerinə yetirilən araşdırma onu göstərir ki, Gur-Gur şəlaləsi Qubanın az tanınan, lakin təbiət baxımından olduqca dəyərli məkanlarındandır. Bu şəlalə bir daha sübut edir ki, Azərbaycanın turizm potensialı yalnız məşhur istiqamətlərlə məhdudlaşmır. Kəşf edilməyi gözləyən, amma qorunmağa da ehtiyacı olan belə təbiət guşələri bölgə turizminin gələcək inkişafında mühüm rol oynaya bilər.
Fatimə Məmmədova
09:01 25.01.2026
Oxunuş sayı: 470