SİQARET, SPİRTLİ İÇKİ, NARKOTİK, QƏLYAN qızlar arasında sürətlə yayılır: Gələcəyimizi xilas etməliyik
Əvvəllər siqaret, spirtli içki və narkotik maddələr əsasən oğlanlar arasında yayılmış təhlükəli vərdişlər kimi qəbul olunurdu. Cəmiyyətdə bu aludəçiliklər daha çox “kişi problemi” kimi təqdim edilirdi. Lakin son illər müşahidə olunan mənzərə bu stereotipləri tamamilə dağıdır. Artıq bu zərərli vərdişlər qızlar arasında da sürətlə yayılmaqdadır.
Xüsusilə azyaşlı və yeniyetmə qızların siqaretə, spirtli içkilərə, hətta narkotik maddələrə əl atması ciddi sosial və mənəvi təhlükə kimi qiymətləndirilir. Bu artım sadəcə fərdi seçim deyil, ailə nəzarətinin zəifləməsi, sosial şəbəkələrin təsiri, yanlış azadlıq anlayışı və cəmiyyətin biganəliyinin nəticəsi kimi ortaya çıxır.
Ən narahatedici məqamlardan biri isə bu məhsulların azyaşlılara asanlıqla satılması və prosesə nəzarətin demək olar ki, yox səviyyəsində olmasıdır. Nəticədə gələcəyin anaları olacaq qızların sağlamlığı hələ gənc yaşlarında risk altına düşür. Bu tendensiya təkcə tibbi deyil, həm də sosial, psixoloji və milli təhlükəsizlik məsələsi kimi ciddi müzakirə olunmalıdır.
Bu təhlükəli gedişatın səbəbləri və mümkün çıxış yolları barədə mütəxəssislər Crossmedia.az-a açıqlama verib...
Sosioloq Hüseyn İbrahimov vurğulayıb ki, gənclər arasında bu kimi hallar - həm siqaret, həm spirtli içki, eləcə də digər neqativ vasitələrə aludəçilik halları bütün dünyada yayılan bir hadisədir: "Bu müasir qlobal dünyanın sanki bir dinamik trendinə çevrilib. Ancaq bütövlükdə hər bir cəmiyyət özünü bu kimi neqativlərdən qorumaq üçün həm qanunlar hazırlayır, həm də müəyyən sosial maarifləndirmə tədbirləri həyata keçirir, müxtəlif təbliğat aksiyaları təşkil edir ki, yeniyetmə dövründən gənclərimiz bu kimi neqativlərə çox da meyilli olmasınlar.

Təbii ki, bu halların artmasının həm də bir səbəbi bugünkü gənclər arasında ictimai ünsiyyət forma və modellərinin artması ilə bağlıdır. Bəzi qrupların sayının artması ilə, belə davranışların tez bir zamanda sosial şəbəkələr vasitəsilə gənclər arasında sürətlə paylaşılması ilə, gənclərin asudə vaxtlarını keçirməsi üçün daha çox mütəşəkkil şəkildə birləşəcəyi yerlərin sayının artması ilə bağlıdır.
Bu yerlərə həm elə məkanlar aiddir, həm də əvvəlcədən müəyyən olunmuş ictimai iaşə obyektləri aiddir ki, onlar sosial şəbəkələr vasitəsilə tez bir zamanda bir araya gələrək müxtəlif tədbirlərdə görüşürlər. Əvvəllər gənclər şagirdlik və tələbəlik dövründə demək olar ki, dərs vaxtı daha çox ünsiyyətdə olurdularsa, bu gün onların ünsiyyətini və görüşlərini artıran müxtəlif sosial şəbəkə birlikləri var, həm də müxtəlif qruplarda, qruplarda görüşləri var. Və bütün bunlar təbii ki, onların davranışında sosial amillərin rolunu artırır. Sosial amillər bu kimi halların yayılmasını gücləndirir və spirtli içki və ya siqaret qəbul etməyən gənclərin çoxluğu bu azlığın içərisinə sanki tabe olmağa başlayır və getdikcə onların statistikası daha çox artmağa başlayır. Bu onu göstərir ki, məktəblərdə, xüsusən də ailələrdə bu istiqamətdə nəzarət artırılmalıdır. Xüsusən ailələr bilməlidir ki, bir yerə cəmləşən qızlar, onların ətrafında olanlar kimlərdir, necə insanlardır, necə gənclərdir və hansı deviant davranışlar bu gəncləri müxtəlif vaxtlarda bir araya gətirir və birləşdirir. Bu kimi hallar həm də ailə sosial nəzarətinin funksiyasının artırılmasını tələb edir".
Sosioloqun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə yeniyetmələrin hara getdiklərini, kimlərlə əlaqə saxladıqlarını, kimlərlə oturub-durduqlarını ailə institutu bilməli və bunun nəzarət mexanizmini özündə daim saxlamalıdır: "Eləcə də məktəblər bu istiqamətdə gənclərin davranışlarını əks etdirən hallar üzrə, onların siqaret və aludəçiliklərinin qarşısının alınması istiqamətində maarifləndirmə işləri, maarifləndirmə dərsləri keçirməlidir.
Necə ki, vətənpərvərlik, cəsurluq, dövlətə və xalqa bağlılıq istiqamətində müəyyən günlərdə müəllimlərimiz bu kimi mühazirələr oxuyur, müəyyən tədbirlər keçirir, eləcə də bu istiqamətdə də müəyyən saatlar ayrılmalıdır ki, yeniyetmə və gənclərin neqativ vərdişlərinin nədən ibarət olduğu və onun nəticələri ilə bağlı maarifləndirmə işləri aparılsın.
Düzdür, müəyyən qeyri-hökumət təşkilatları ayrı-ayrı vaxtlarda məktəblərdə belə tədbirlər keçirirlər. Ancaq hesab etmək olar ki, bu tədbirlər demək olar ki, məktəblərin öz daxilindən başlanmalıdır, öz daxilindən təşkil olunmalıdır.
Əvvəllər məktəblərdə yeniyetmə və gənclərin, müəllimlərdən bir qorxu hissi var idi. O qorxuya görə onlar məktəb həyatına hətta siqaret çəkmiş halda belə gələ bilməzdilər. Hətta məktəbin ətrafında belə, xüsusilə kənd yerlərində hər hansı bir müəllim şagirdin siqaret çəkməsini görsə, onun məktəbdə tənbeh olunacağını bilirdi.
Ancaq bu gün belə deyil. Müəllimlərin şagirdi tənbeh etməsi və ya ona fiziki qorxu yaratması kimi hallar mövcud deyil və mümkün də deyil. Yalnız maarifləndirmədən söhbət gedir. Ancaq maarifləndirmə ilə bərabər, qiymətləndirmə məsələsində uşağın, yeniyetmənin və gəncin davranışında rol oynayan neqativ sosial amillərin, sosial təsirlərin onlara təsir edib-etməməsi, ümumiyyətlə, tərbiyə məsələsində bu kimi neqativ amillərdən uzaq olması əsas şərtlərdən sayılır.
Bu baxımdan istər qiymətləndirmə meyarlarında, istərsə də gənclərin və yeniyetmələrin daimi olaraq məktəbin xüsusi diqqət mərkəzində saxlanılması baxımından bu kimi yeniyetmə və gənclər digərlərindən fərqləndirilməlidir".
H.İbrahimov hesab edir ki, nümunəviliyin nədən ibarət olması fonunda yalnız dərs oxumaq deyil, həm də siqaret, spirtli içki və digər neqativ deviant davranışların onların bilik və bacarıqlarının qiymətləndirilməsində rol oynadığını onlar bilməlidirlər: "Bütün bunlar qarşılıqlı vəhdətdə, tərbiyə və təsir amilləri daim birlikdə götürülməlidir".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hər zaman məktəbə yaxın ərazilərdə yerləşən köşklərdə ədədlə siqaret satışı ilə məşğul olan şəxslərə qarşı sərt qaydaların tətbiq olunması ilə bağlı çağırışlar etdiyini vurğulayıb: “Bu cür neqativ davranışların tibbdə də öz əksini tapmış, şagird sağlamlığına vura biləcək mənfi təsirləri mövcuddur. Belə ki, bunun təhsilə birbaşa təsiri var, çünki akademik geriləməyə gətirib çıxarır. Ümumilikdə alkoqolun şagirdin qərarvermə və diqqət mərkəzi funksiyalarına mənfi təsirləri qaçılmazdır. Bu hallar şagirdin konsentrasiya qabiliyyətini azaldır, yaddaşına ciddi təsir göstərir, eyni zamanda həmin şagirdlərdə məktəbə qarşı laqeydlik yaranır. Gizli istifadəyə meyilli olduqları üçün onların davamiyyətinin pozulmasına, akademik göstəricilərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Eyni zamanda şagird daha çox qeyd olunan asılılıqlara sığınaraq birbaşa dərsə olan marağın azalmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, bunun sosial davranışa təsiri birmənalıdır. Belə ki, bəzən məktəbli özünü “böyük” kimi göstərmək üçün bu cür vasitələrdən istifadə edir: “Aludəlik davranış pozuntusu, valideynlərə qarşı aqressiya, anti-sosial vərdişlər və emosional qeyri-sabitliyin yaranması ilə nəticələnir. Həmçinin, psixoloji təsirlər də özünü göstərir. Asılılıq yaradan davranışlar fonunda onların gələcəyi sual altına düşür. Hesab edirəm ki, təkcə qadağalar kifayət etmir. Mütləq şəkildə məktəb psixoloqlarının rolu gücləndirilməlidir. Sadəcə cəzalandırmaq yolu ilə deyil, bu davranışın kökünü tapmaq, nə üçün bu yola başlandığını araşdırmaq lazımdır”.
İ. Orucov bu məsələdə ailənin rolunun da çox önəmli olduğunu bildirib: “Şagirdin davranışlarını izləmək, onu idarə etmək və yönləndirmək baxımından ailənin rolu böyükdür. Bu tip şagirdlər ya həddindən artıq ərköyün böyüdülmüş, ya da qayğıdan məhrum olmuş olurlar. Hər birimiz anlamalıyıq ki, bu vəziyyətdə ictimai qınaq yaranır və bu gün qeyri-sağlam davranışlara yol vermiş uşaq sabahın vətəndaşıdır. Bu cür davranışlar cəmiyyətimiz və dövlətimiz üçün zərərlidir”.
Narkomaniya üzrə ekspert, Sosial Təşəbbüs MMC-nin rəhbəri Emil Maqalov son zamanlar oğlanlarla yanaşı qızların da spirtli içki və siqaretə aludə olması fikrini təsdiqləyib: “Bu hallar əsasən yeniyetmələrin "özünü sübut etməsi" ilə bağlıdır. Həmçinin, böyük problemlərdən biri senzurasız internetdir. Spirtli içki və siqaret narkotikə yol açan əsas faktor olmasa da, 5 faiz təsir göstərə bilər. Əgər gedilən məclis qeyri-sabit, tüfeyli mühitdirsə və orada narkotik maddələrə çıxış varsa, bu zaman istifadə halları baş verə bilər”.

Ekspert, həmçinin, şahidi olduğu hadisə ilə bağlı danışıb: “Bəzi məktəb psixoloqlarının, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin bu halların qarşısını almaqla bağlı heç bir səriştəsi yoxdur. İş yenə polisin üzərinə düşür. Qanuna görə, polis məktəbə gələrkən mütləq şəkildə təhsil idarəsinə məlumat verməlidir. Belə olduğu halda, bəzi müəllim və direktor müavinləri bütün məktəb şagirdlərinə xəbərdarlıq edir ki, "polis gələcək". Polis gəldikdə isə heç nə aşkarlaya bilmir. Bu baxımdan demək olar ki, müəllimlər qabaqcadan vəziyyətə mane olurlar. Yaxud polis qəflətən gəlmək istədikdə pəncərədən kimsə görür və məlumat verir, yenə də hər kəs xəbərdar olur. Bu isə müəllimlər tərəfindən atılan səhv addımdır. Bununla bəlkə də özlərini qorumuş olurlar, lakin uşaqları məhvə aparırlar”.
Ekspert hesab edir ki, son zamanlar narkotiklə bağlı halların qızlar üzərində göstəricisi azalıb, lakin bu, siqaret və spirtli içkilərlə bağlı statistikalarda özünü göstərmir: “Narkotik maddələr təkcə insanın özünə deyil, ətrafına - valideynlərinə, yoldaşına, övladına da təsir göstərir. Bir dəfə istifadə etmiş insan artıq aludəçiyə çevrilə bilir və məcburi şəkildə bundan istifadə etməlidir və edəcək. Çünki artıq ağrılar yaranır, beləliklə bu ağrıları kəsmək üçün istənilən yola əl atılır”.
İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə əsasən, İslama görə, insan bədəni əmanətdir və vücudumuz Allahın mülküdür: “Kainatdakı hər zərrənin, hər addımın belə bir vəzifəsi vardır. Əgər hər zərrənin bir vəzifəsi varsa, insanın da, təbii ki, vəzifəsi var. İnsanların vəzifələri arasında xüsusən qadınların vəzifələri daha böyük, daha alidir. Çünki cəmiyyətin tərbiyəsinin 70 faizi xanımların çiyinləri üzərindədir. Qadın bir anadır, bir mənəviyyat ustasıdır, örnəkdir, nümunədir. Buna görə də dinimizin qadınlara olan münasibəti, hətta Qurani-Kərimdə qadınlar haqqında bir surənin endirilməsi bu göy qübbəsində xanımın məkanına, onun izzətli yerinə bir işarədir. Bu baxımdan bu qədər müqəddəs vəzifələri daşımaq üçün yaradılmış xanımın siqaret çəkməsi, yersiz əyləncələrə alət olması, şeytana dəstək verməsi, qumar, qəlyan, tütün kimi insanın zehnini, əxlaqını və səhhətini korlayan hallarda yer alması yolverilməzdir. Xanımı bu çirkin bataqlıqların içinə atmaq gələcəyi birbaşa məhv etmək deməkdir”.

İlahiyyatçı qeyd edib ki, böyük bir güclə Azərbaycan gəncliyini, xüsusən də xanımları öz kimliyindən uzaqlaşdırmağa çalışan qara qüvvələr var və onlar gecə-gündüz millətin ruhunu daşıyan qızların mənəvi dünyasını darmadağın etməyə çalışırlar: “Qurani-Kərimdə Bəqərə surəsinin 195-ci ayəsində uca Rəbbimiz buyurur ki, "özünüzü əllərinizlə təhlükəyə atmayın". Siqaret gələcəkdə narko aləmə açılan bir qapıdır. Tütün sabah minlərlə xəstəliyin, xüsusilə də xərçəngin başlanğıcıdır. Spirtli içkilər və qumar böyük bir bataqlıqdır. Bu tora düşən şəxs isə oradan canını qurtara bilmir. Beləliklə İslam dini bütün bunları qadağan edir”.
Həkim-pediatr Şəlalə Poluxovanın sözlərinə görə, siqaret, qəlyan və elektron siqaret kimi vasitələr bir çox sağlamlıq problemlərinə səbəb olur: "Bəzən elektron siqaretlər və qəlyan zərərsiz kimi təqdim olunur. Ancaq gənc yaşda siqaret, qəlyan və elektron siqaret istifadəsinin çox ciddi təsirləri var. Birinci növbədə əsas problem tərkibindəki nikotindir. Bildiyimiz kimi, 25 yaşına qədər beyin inkişaf etməyə davam edir və nikotin bu inkişafı pozur. Artıq asılılıq riski yaranır ki, bu risk böyüklərlə müqayisədə 2–3 dəfə daha yüksəkdir. Diqqət və yaddaş pozuntuları, impulsiv davranışların artması, anksiyete və depressiya riskləri yüksəlir. Gələcəkdə isə uzunmüddətli ürək-damar sistemi və tənəffüs yolları ilə bağlı ciddi təsirlər ola bilər. Burada erkən ateroskleroz, hipertoniyaya riski, gənc yaşda taxikardiya, ürək ritm pozuntuları müşahidə olunur və gələcəkdə infarkt və insult riski artır. Elektron siqaret də heç də təhlükəsiz deyil. Çünki tərkibində nikotin və ağır metallar var və bunlar damar sistemi üçün ciddi toksik təsir göstərir.

Nəfəs yolları baxımından gələcəkdə xroniki bronxit, astması olanlarda ağırlaşmalar, ağciyərlərin inkişafının ləngiməsi, ağciyərlərin ümumi həcminin azalması və nəfəs darlığı kimi problemlər yarana bilər. Xüsusilə karbonmonoksidlə zəhərlənmə riskini vurğulamaq lazımdır".
Pediatr qeyd edib ki, bir dəfə qəlyan çəkmək təxminən 100–200 siqaret çəkməyə bərabərdir: "Gələcəkdə ciddi infeksiyaların ötürülmə riski də var. Vərəm, herpes kimi infeksiyalar ortaq istifadə zamanı yayıla bilər. İmmun sisteminə də həmçinin, ciddi təsirlər göstərir və bu fonda virus və bakterial infeksiyalar daha ağır keçir. Tənəffüs yolu infeksiyaları, pnevmoniya və digər hallar uşaqlarda və yeniyetmələrdə daha ağır formada müşahidə olunur.
Psixoloji baxımdan da asılılıq davranışı formalaşır, riskli davranışlara meyl artır. Məktəb yaşlı uşaqlarda məktəb performansı azalır, yorğunluq yaranır, diqqət və baş ağrıları müşahidə olunur. Xüsusilə qızlara gələcəkdə reproduktiv sağlamlıqla bağlı problemlər yarana bilər. Belə ki, sonsuzluq ehtimalını artırdığına dair elmi araşdırmalar mövcuddur. Hamiləlik zamanı siqaret çəkmək spontan düşüklərə, erkən doğumlara, aşağı çəki ilə doğulan uşaqlara, ciddi plasenta problemlərinə və dölün inkişaf geriliyinə səbəb olur. Hətta qadın sonradan siqareti tərk etsə belə, müəyyən risklər yenə də qalır. Sümüklərə, dəriyə və onkoloji baxımdan da əlavə risklər mövcuddur".
Həkim vurğulayıb ki, "elektron siqaret təhlükəsizdir” anlayışı yanlışdır: "Ümumiyyətlə, “elektron siqaret təhlükəsizdir” anlayışı yanlışdır. Burada da nikotin var və asılılıq yaradır. Tərkibindəki aromatik maddələr ağciyərlər üçün ciddi toksik təsir göstərir və gənclərdə gələcəkdə klassik siqaretə keçidi daha da asanlaşdırır.
Valideynlər üçün xüsusilə vurğulamaq istərdim ki, “bir dəfə çəkdi, problem olmaz” yanaşması yanlışdır. Erkən yaşda başlandıqda daha ağır asılılıqlar yaranır. Maarifləndirməyə çox böyük diqqət yetirilməlidir. Məktəb yaşından, daha erkən dövrdən maarifləndirmə aparmaq uşaqları qorxutmaqdan daha effektiv yoldur. Uşaqlarla açıq, mühakiməsiz, onları yarqılamadan ünsiyyət qurmaq çox vacibdir".
Ailə və uşaq psixoloqu Aysu Həsənli isə bu mövzuya fərqli bir bucaqdan yanaşıb: "Mövzu sadəcə siqaret, qəlyan və ya spirt deyil, mövzu gəncin daxili dünyasıdır. Gənclərin, xüsusilə qızların bu vərdişlərə yönəlməsi çox vaxt düşündüyümüz kimi “həvəs” və ya “özünü göstərmək” istəyi olmur. Mən bunu daha çox emosional ehtiyacların davranışla ifadəsi kimi görürəm. Gənc insan stresslə, daxili boşluqla, dəyərsizlik hissi ilə necə baş edəcəyini bilməyəndə, beyin sürətli rahatlama verən yollar axtarır. Nikotin və spirt burada zövq üçün yox, sakitləşmək, düşünməmək, bir anlıq yüngülləşmək üçün istifadə olunur.Xüsusilə qızlarda bu daha səssiz baş verir. Çünki qızlara hələ də çox vaxt “səbirli ol”, “sus”, “uyğun davran” deyilir. Amma emosiyalar susmur. İfadə olunmayan qəzəb, narahatlıq və gərginlik bəzən bədən üzərindən çıxır. Siqaret çəkmək və ya içki içmək bu baxımdan passiv özünə zərər forması ola bilir, amma çox adam bunun fərqində olmur".

Psixoloq, həmçinin, bildirib ki, sosial medianın təsiri isə danılmazdır: "Burada problem təkcə siqaretin göstərilməsi deyil, onun estetikləşdirilməsidir. Sosial şəbəkələrdə bu davranışlar azadlıq, güvən, “cool” obrazla birlikdə təqdim olunur. Gənc beyin isə bunu analiz etmir, sadəcə normallaşdırır. “Hamı edirsə, deməli problem yoxdur” düşüncəsi formalaşır. Üstəlik, sosial media daimi müqayisə yaradır. Daha gözəl, daha rahat, daha cəsarətli görünməli olduğunu düşünən gənc, özünü yetərsiz hiss etdikcə daxili gərginlik artır və bu gərginlik yenə maddələrlə tənzimlənməyə çalışılır. Bu vərdişlərin uzunmüddətli təsiri isə təkcə sağlamlıqla məhdudlaşmır. Psixoloji olaraq insan emosiyalarını sözlə yox, maddə ilə idarə etməyə alışır. Bu da gələcəkdə ailə münasibətlərində ciddi problemlər yaradır. Belə insanlar yaxın münasibətlərdə hisslərini ifadə etməkdə çətinlik çəkir, konflikt zamanı ya qaçır, ya da donur. Ana olduqda isə səbir, emosional dözümlülük azalır. Bu, çox vaxt istəmədən uşağa da ötürülür.Və mənə görə bu vərdişlər problem deyil, problemin əlamətidir .Gənci qınamaqla heç nə dəyişmir. Əsas sual budur: bu insan nə ilə baş edə bilmir ki, bu yola ehtiyac duyur? Bu sual verilmədikcə, siqaretin özü ilə mübarizə aparmaq sadəcə nəticə ilə savaşmaq olur, səbəblə yox".
Fatimə Məmmədova
11:26 21.01.2026
Oxunuş sayı: 4526