Şəfiqə Axundova - Şərqin ilk opera yazarının anadan olmasının ildönümü
Hər bir insanın həyatında öz taleyi vardır. Şəfiqə Axundova isə taleyini musiqiyə həsr etmiş, əsərləri ilə həm özünü, həm də minlərlə insanın ruhunu bəsləmiş böyük sənətkar olmuşdur. 1924-cü il yanvarın 21-də qədim Şəki şəhərində dünyaya gələn Axundova Azərbaycanın klassik musiqi tarixində əvəzsiz iz qoymuşdur. Belə ki, uşaqlıq illərində musiqiyə olan marağı onu Bakıdakı musiqi məktəbinə gətirdi. Burada o, bacısı Zümrüdün dəstəyi ilə peşəkar musiqi təhsilinə yönəldi. Bacısının həyat yoldaşı, tanınmış ədəbiyyatşünas Məmməd Arif Dadaşzadə ilə keçirilən ziyafətlərdə Şəfiqə Axundova royalda musiqi ifa edərək ilk sənət təcrübələrini qazandı. Gənc bəstəkara uğurlu yol açan isə Üzeyir Hacıbəylinin ona verdiyi tövsiyələr oldu. Hacıbəyli, onun musiqi təhsili almasını təşviq edərək, Şəfiqəni Hacı Xanməmmədovun tar sinfinə göndərdi və beləliklə, 1941-ci ildən etibarən onun professional musiqi təhsili başladı.
1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsilini davam etdirən Şəfiqə Axundova, sonrakı illərdə Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq üzrə Boris Zeydmanın sinfini bitirdi. Üzeyir Hacıbəyli gənc yetirməsinin əsərlərini diqqətlə izləyir, onu Azərbaycan xalq musiqisinin sirlərinə dərindən yiyələnməyə təşviq edirdi.
Şəfiqə Axundova 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşmüşdür. Bu opera həm klassik musiqi, həm də muğam elementlərini bir araya gətirərək, Üzeyir Hacıbəyli məktəbinin ənənələrini uğurla davam etdirmişdir.
Onun zəngin yaradıcılığına yalnız opera daxil deyil. “Ev bizim, sirr bizim” operettası, simfonik orkestr üçün süitalar, xor üçün əsərlər, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” kimi səhnə əsərləri, həmçinin “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına bəstələdiyi musiqilər daxildir. Həmçinin 600-ə yaxın mahnı və romans müəllifi olan Şəfiqə Axundovanın əsərləri xalq arasında böyük populyarlıq qazanmışdır. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları hələ də ifa olunur.
Qeyd edək ki, Şəfiqə Axundova uzun illər- 1956-cı ildən 1982-ci ilə qədər – Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət göstərmiş, yeni nəsil bəstəkarlara yol göstərmişdir.
O, həm də bir çox mükafatlara layiq görülmüşdür: “Azərbaycan SSR əməkdar incəsənət xadimi” (1973), “Azərbaycan Respublikasının xalq artisti” (1998), “Şöhrət” ordeni (2005) və digər fəxri adlarla onun zəngin yaradıcılığı rəsmiləşdirilmişdir.
Şəfiqə Axundovanın oğlu Taleh Hacıyev də musiqi sahəsində istedadını göstərmiş, pianoçu və bəstəkar kimi fəaliyyət göstərmişdir. Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur. 2024-cü ildə onun həyatına həsr olunmuş “Şərqin nəğməkar qızı” sənədli filmi çəkilmişdir.
Şəfiqə Axundovanın əsərləri yalnız musiqi deyil, həm də milli poeziyanın canlı ifadəsi olmuşdur. Onun yaradıcılığı həm klassik musiqi, həm də xalq
melodiyalarının mükəmməl sintezini nümayiş etdirir və Azərbaycan musiqi mədəniyyətinin incisi kimi daim yaşayacaqdır.
Fatimə Məmmədova
09:00 21.01.2026
Oxunuş sayı: 1638