Kenquru balalarının böyümə prosesi və ana qayğısı
Kenquruların çoxalma və balalarını böyütmə sistemi təbiətdə ən maraqlı və fərqli bioloji mexanizmlərdən biri hesab olunur. Belə ki , digər məməlilərdən fərqli olaraq, kenqurularda hamiləlik müddəti olduqca qısadır və orta hesabla 30–35 gün davam edir. Bu qısa müddətin sonunda dünyaya gələn kenquru balası inkişafını tam başa vurmuş vəziyyətdə olmur. Yeni doğulan bala cəmi 1–2 santimetr uzunluğunda, lobya dənəsi ölçüsündə olur, görmə qabiliyyəti formalaşmamış vəziyyətdədir, tüksüzdür və arxa ətrafları hələ tam inkişaf etməyib.
Bunun əsas səbəbi kenquruların ana bətnində uzunmüddətli inkişaf mərhələsi keçməməsidir.
Doğuşdan dərhal sonra bala instinktiv şəkildə anasının bədənindən yuxarı doğru hərəkət edərək qarın nahiyəsində yerləşən xüsusi kisəyə – marsupiuma daxil olur. Bu proses bir neçə dəqiqə ərzində baş verir və bala bütün zəifliyinə baxmayaraq ön ətraflarının köməyi ilə kisəyə çatmağı bacarır. Kisə ana bətninin davamı kimi fəaliyyət göstərir və balanın inkişafı üçün sabit temperatur, qoruyucu mühit və təhlükəsizlik təmin edir. Kisənin girişində yerləşən xüsusi əzələlər balanın düşməsinin qarşısını alır, eyni zamanda ana kenquru suya daxil olduqda kisənin içərisinə suyun dolmasına imkan vermir. Bala kisəyə daxil olduqdan sonra uzun müddət burada qalaraq ana tərəfindən təmin olunan qidalanma vasitəsilə böyüyür və inkişaf edir.
İlk mərhələlərdə bala demək olar ki, bütün vaxtını kisədə keçirir. Zamanla orqanları formalaşır, tükləri çıxır, ətrafları möhkəmlənir və bədəni sürətlə böyüməyə başlayır. İnkişafın müəyyən mərhələsində bala kisədən başını çıxarmağa, daha sonra isə qısa müddətlik çölə çıxıb yenidən kisəyə qayıtmağa başlayır. Tam müstəqil hala gələnə qədər anasının yaxınlığında qalır və mərhələli şəkildə xarici mühitə uyğunlaşır.
Kenquruların biologiyasında xüsusi maraq doğuran məsələlərdən biri də süd istehsalı ilə bağlıdır. Ana kenqurunun bir neçə süd vəzi mövcuddur və bu vəzilər balanın inkişaf mərhələsinə uyğun olaraq fərqli tərkibdə qida istehsal edə bilir. Ana kenquruların süd istehsalı balaların böyüməsi və ehtiyaclarına uyğun olaraq dəyişir. İlk bala süd əmərkən, yeni doğulan ikinci bala üçün daha yüngül və asan həzm olunan süd verilməyə başlanır. Üçüncü bala dünyaya gəldikdə isə ana eyni anda fərqli tərkibə malik üç növ süd istehsal edə bilir və hər bala yalnız özünə uyğun südü taparaq əmizilir. Hətta ana kenquru eyni anda üç balaya sahib ola bilər: biri kisədən çölə çıxıb ara-sıra süd içən, biri hələ kisədə inkişaf edən və bəslənən, digəri isə bətnində dayandırılmış embrion. Bu unikal mexanizm kenquruların çoxalma strategiyasını təbiətdə səmərəli və effektiv edir. Südün tərkibi zamanla dəyişir: yeni doğulan bala üçün daha yüngül və asan mənimsənilən tərkib formalaşdırılır, böyümüş balalar üçün isə daha enerji baxımından zəngin qida hazırlanır. Elmi araşdırmalar göstərir ki, ana kenquru eyni anda müxtəlif yaş mərhələsində olan balalar üçün paralel şəkildə fərqli tərkibli süd istehsal etmək qabiliyyətinə malikdir. Bu proses biologiyada “asinxron laktasiya” adlanır və məməlilər arasında nadir rast gəlinən xüsusiyyətlərdən biridir.
Kenquruların reproduktiv sistemini unikal edən başqa bir mühüm xüsusiyyət isə embriyonik diapauzadır. Ana kenquru kisədə bala böyütdüyü dövrdə yenidən mayalana bilir, lakin yaranan embrionun inkişafı müvəqqəti olaraq dayandırılır. Bu embrion ananın bədənində uyğun şərait yaranana qədər inkişaf etmədən qalır. Mövcud bala kisəni tərk etdikdən sonra embrionun inkişaf prosesi yenidən aktivləşir. Beləliklə, ana kenquru eyni anda kisədə olan bala, kisədən çıxıb ara-sıra qidalanmağa qayıdan böyük bala və bətnində inkişafı dayandırılmış embriona sahib ola bilər. Bu mexanizm təbiətin resurslardan səmərəli istifadə və nəslin davamlılığını təmin etmək üçün yaratdığı ən mürəkkəb uyğunlaşma modellərindən biri sayılır.
Nəticə etibarilə, kenquruların çoxalma və bala böyütmə prosesi təkcə bioloji hadisə deyil, eyni zamanda təbiətin mükəmməl tarazlıq üzərində qurulmuş sisteminin bariz nümunəsidir. Qısa hamiləlik, kisədə inkişaf, dəyişən süd tərkibi və embriyonik diapauza kenquruları digər məməlilərdən əsaslı şəkildə fərqləndirir və onların min illər boyu sərt təbii şəraitə uyğunlaşaraq yaşamasına imkan yaradır.
Qeyd edək ki, Kenquru Avstraliya qitəsinin simvolu sayılır. Avstraliyaya ilk dəfə gələn ingilislər hələ o vaxta qədər dünyanın heç bir yerində bu qəribə heyvanı görməmişdilər. Onlar kenqurunu göstərib yerli sakinlərdən adını soruşmaq istədikdə isə anlaşılmazlıq yaşandı. Aborigenlər ingilisləri başa düşmədikləri üçün onlara "mən sizi anlamıram" dedilər. İngilislər isə bu sözün həmin heyvanın adı olduğunu düşünərək Avropaya onu “Kenquru” adı ilə tanıtdılar. Beləcə, Avstraliya aborigenlərinin “mən sizi anlamıram” ifadəsi bu qəribə heyvanın adına çevrildi. Məlumata görə, kenquruların 60-a qədər növü məlumdur və onların hamısı əsasən Avstraliya və Yeni Zelandiyada yaşayır. Növlər arasında ən böyüyü Kürən (sarı) kenqurudur; onun çəkisi 90 kiloqram civarındadır. Ən balacası isə muskus kenqurusudur və yalnız yarım kiloqram çəkir.
Fatimə Məmmədova
08:30 21.01.2026
Oxunuş sayı: 1166