Pediatr: Yuxu üçün dərman preparatları vermək doğru addım deyil amma... - MÜSAHİBƏ
Uşağın sağlam inkişafı yalnız düzgün qidalanma və fiziki aktivliklə məhdudlaşmır. Erkən yaşlardan etibarən formalaşan həyat tərzi vərdişləri uşağın gələcək sağlamlığını, psixoloji sabitliyini və sosial uyğunlaşmasını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Bu vərdişlər arasında yuxu xüsusi yer tutur və elmi tədqiqatlar yuxunun uşağın həm fiziki böyüməsi, həm də zehni və emosional inkişafı üçün əvəzolunmaz rol oynadığını təsdiqləyir.
Yuxu dövründə uşağın beyin fəaliyyəti gün ərzində əldə olunan informasiyanın emalı və möhkəmləndirilməsi prosesindən keçir, sinir sistemi bərpa olunur, hormon balansı tənzimlənir və immun mexanizmlər güclənir. Xüsusilə böyümə hormonlarının aktiv ifraz olunduğu gecə saatları uşaqlıq dövründə sağlam inkişaf üçün kritik əhəmiyyət daşıyır. Bu səbəbdən yuxunun yalnız müddəti deyil, həm də keyfiyyəti, vaxtı və bioloji ritmə uyğunluğu mühüm göstəricilər hesab olunur.
Buna baxmayaraq, müasir həyat tərzi, texnoloji vasitələrin geniş yayılması və ailə daxilində formalaşmış yanlış yanaşmalar uşaq yuxusunun təbii axarını tez-tez pozur. Valideynlər bəzən uşağın gec yatmasını adi hal kimi qəbul edir, gündüz yuxularının düzgün tənzimlənməməsinin gecə yuxusuna təsirini nəzərə almır və ya yuxu problemini davranış problemi kimi dəyərləndirirlər. Halbuki yuxu rejimindəki pozuntular uzunmüddətli perspektivdə uşağın diqqət qabiliyyətinin azalmasına, emosional qeyri-sabitliyə, öyrənmə çətinliklərinə və ümumi sağlamlıq problemlərinə yol aça bilər.
Digər tərəfdən, hər yaş dövrünün özünəməxsus yuxu ehtiyacları mövcuddur və bu ehtiyacların düzgün müəyyən edilməsi valideyn–uşaq münasibətlərində tarazlığın qorunmasında mühüm rol oynayır. Körpəlikdən məktəb yaşına qədər yuxu rejiminin mərhələli şəkildə formalaşdırılması, gündəlik rutinlərin yaradılması və yuxu mühitinin düzgün təşkili uşağın özünü təhlükəsiz və rahat hiss etməsinə şərait yaradır. Bu prosesdə valideynin məlumatlı və ardıcıl mövqeyi həlledici əhəmiyyət kəsb edir.
Məhz bu baxımdan uşaq yuxusunun sağlam inkişafda rolu, valideynlərin ən çox yol verdikləri səhvlər, texnoloji cihazların təsiri, eləcə də sağlam yuxu vərdişlərinin uşağın davranışına və öyrənmə qabiliyyətinə uzunmüddətli təsiri məsələlərinin elmi və praktik aspektdən araşdırılması aktual və zəruri mövzu kimi ön plana çıxır.
"Doktor danışır" rubrikası çərçivəsində növbəti qonağımız olan həkim- pediatr Xəyalə Əliyeva qeyd olunan məsələ ilə bağlı Crossmedia.az-a geniş müsahibə verib:
— Uşaq yuxusunun sağlam inkişafda rolu nədən ibarətdir. Valideynlər bu rolu bəzən hansı məqamlarda düzgün qiymətləndirmirlər?
— Yuxu beynin fəaliyyəti normalının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan əlaqələrin azalması ilə müşayiət olunan təbii, fizioloji prosesdir. Yuxu böyümə üçün ən vacib dövrlərdən biridir. Hərəkət, öyrənmə və yaddaş üçün yuxu olduqca vacibdir. Körpə yuxuda böyüyür, uşaqlar isə gün ərzində aldıqları informasiyanı yuxuda möhkəmləndirirlər. Araşdırmalar göstərir ki, axşam saat 22:00–02:00 arasında böyümə hormonlarının ifrazı daha yüksək olur. İnsanın yuxusunun dərin olması, beynin dincəlməsi üçün çox vacibdir.
— Müxtəlif yaş dövrlərində (körpəlik, erkən uşaqlıq, məktəb yaşı) yuxu ehtiyacları hansı əsas xüsusiyyətlərlə fərqlənir?
— Doğru yuxu bioloji ritmə uyğun olmalı, gecələr təmin edilməlidir. Körpə və uşaqlarda yuxu rejiminin düzgün qurulması sağlam inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Körpənin yuxu rejimi yaş dövrlərinə görə dəyişir və hər mərhələdə yuxuya olan ehtiyac fərqlidir. Bir aylıq körpə gün ərzində 45 dəqiqə, 1- 2 aylıq körpə 45-60 dəqiqə, 2-3 aylıq körpə 60-80 dəqiqə, 3-4 aylıq körpə 60-90 dəqiqə, 4-6 aylıq körpə 1 saat 15 dəq - 1 saat 45 dəqiqə oyaq qalmalıdır. Burada xüsusilə nəzərə almaq lazımdır ki, gündüz yuxusu 3- 4 dəfə olmalıdır. Eyni zamanda 6-8 aylıq körpə 2-3.5 saat arası, 8-10 aylıq körpə 2-2,5 saat oyaq qalmalıdır. Doğru yuxu uşağın fiziki inkişafı, sinir sistemi və immunitetinin möhkəmlənməsi üçün vacibdir.
— Valideynlərin uşaq yuxusu ilə bağlı ən çox yol verdikləri səhvlər hansılardır?
— Pis yuxu ilə bağlı səbəblər isə körpənin yaşına uyğun olmayan yuxu saatlarıdır. Aşırı yorğunluq nəticəsində yuxuya getmədə çətinlik. Düzənsiz yuxu rejimi, doğru olmayan yuxu ortamı, yəni işıq, səs, temperaturunu qeyd edə bilərik.
— Uşaqlarda gecə tez-tez oyanma və ya yuxuya getməkdə çətinlik adətən hansı səbəblərlə əlaqəli olur?
— Gündüz yuxularının körpələrinin ayına görə düzgün təyin olunmaması, aşırı çox gündüz yuxusu, heç doğru olmayan qısa gündüzlü yuxu, dəstəkli yuxu yəni yelləyərək, ayaqda, qucaqda yatırtmaq gecə tez-tez oyanmağa səbəb ola bilər.
— Yuxu rejiminin formalaşdırılmasında gündəlik rutinlərin əhəmiyyəti nə dərəcədədir?
— Hər bir halda yuxudan öncə rutin olduqca önəmlidir. Çünki hər gün təkrarlanan rutin keyfiyyətli yuxu üçün zəmin yaradır. Gündüz və gecə rutinləri körpəyə yatmazdan öncə xəbərdarlıq, qaranlıq ortamda gətirilməsi, gecə geyiminin geyindirlməsi, lay-lay oxunması bunların hamısınə körpənin yuxusuna müsbət istiqamətdə təsir göstərən rutin kimi qeyd etmək olar.
— Texnoloji cihazların (telefon, planşet, televizor) uşaq yuxusuna təsiri barədə nə deyə bilərsiniz?
— Telefon və ya planşet yuxu keyfiyyətini çox aşağı salan ünsürlərdəndir. Xüsusilə mobil cihazların istifadəsi yeniyetmələrdə çox artıb. Bu da öz növbəsində sağlamlıqla bərabər onun akademik göstəricilərinə və bir çox məqama mənfi yöndə təsir göstərir. Hətta deyərdim ki, mobil cihazlar təkgözlü dəccaldır. Ümumən istənilən texniki cihazlar uşaqların yuxu sisteminə problem yaşadan ən əsas mənfi amillərdəndir.
— Valideynlər hansı hallarda mütləq şəkildə mütəxəssisə müraciət etməlidirlər?
— Yeni doğulmuş körpədə gecə və gündüz saatlarında ilk 3 ayda bioloji ritm formalaşmamış olur. Amma körpə heç yatmazsa və ya 10 saatdan az yatarsa və ağlama halları olarsa bu zaman həkimə müraciət olunmalıdır. Ortalama olaraq bir gün ərzində 16-20 saat yuxu yatmalı olduğu halda əgər körpə o saatı yatmırsa mütləqdir ki, valideynlər həkimə müraciət etməlidir. Bu qeyd edilən halın pediatrik bir xəstəlik olub-olmaması müəyyən edilməlidir. Əgər söhbət baxça və ya erkən inkişaf dövründə olan bir uşaqdan gedərsə, misal üçün tez-tez oyanma halları, bir yuxu periodunun tamamlanmamsı, yəni 45-60 dəqiqə - buna fəlakət yuxuları deyilir. Gündüz yuxusu gecə yuxusundan çox olarsa, uşağın ayına uyğun olmayan yuxnun olması halları zamanı həkimə müraciət mütləqdir. Yeniyetmələrdə isə gecə gec yatma halları, yəni 8 saatdan az yuxu olarsa, bu onların bioloji ritminə təsir göstərir. Bu da öz növbəsində olduqca zərərlidir və həkimə mütləq müraciət edilməlidir. Gənclər arasında da təəssüf ki, az yatma halları, gecə vaxtından gec yatmaq halları mövcuddur. Bu, cəmi 4-5 saatı əhatə edir ki. Bu isə öz növbəsində həmin şəxsə səhhətində ciddi problemlərə səbəb ola bilər.
— Sağlam yuxu vərdişlərinin uzunmüddətli perspektivdə uşağın davranışına və öyrənmə qabiliyyətinə təsiri necə olur?
— Sağlam qidalanan və valideynlər tərəfindən sevgi görən körpələr sağlam yuxuya da sahib olurlar. Valideynlər arasında sevgi dolu münasibəti olan və bir- birinə diqqət göstərən şəxslərin övladlarının neyronları sinxron çalışır. Neyronlararası sinlapsların yuxu məsələsində çox önəmli rolu var. Sağlam yuxu vərdişi qazanmaq üçün bir neçə təməl prinsiplər var ki, onlara əməl edilməlidir. Bunlardan fiziki, sosial, inkişaf və ekoloji faktlorları nəzərə almaq lazımdır. Sağlam yuxu vərdişləri, o cümlədən doğru zaman, doğru miqdar, doğru keyfiyyət, doğru ortam, uyğun bir bioloji ritm, olarsa o zaman sağlam yuxu gerçəkləşə bilər.
— Bəzən uşaqların hətta böyüklərin sırf yatmağı üçün onlara yuxugətirici vasitə kimi dərman verilir. Bu verilən dərmanın asılılıq ehtimalı və mümkün mənfi təsiri varmı. Varsa nə qədərdir?
— Körpələrə yuxugətirici kimyəvi ottərkibli preparatların verilməsinin ümumən əleyhinəyəm. Lakin istisna hal olaraq yuxuya getməkdə çətinlik çəkən 3 aydan yuxarı körpələrə yeganə yuxu hormonu, pererparat kimi "melotonin" adlanan hormonunun təyin olunması vacibdir. Bu, uşağın ayına və kilosuna uyğun həyata keçirilməlidir.
Elmir Heydərli
13:40 20.01.2026
Oxunuş sayı: 1471