20 Yanvar : Qanlı Gecənin Həqiqətləri
20 yanvar 1990-cı il Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Bu tarix təkcə bir gecədə baş verən hadisələri deyil, bütöv bir xalqın azadlıq iradəsinin necə zorakılıqla susdurulmaq istəndiyini göstərir. Həmin gecə Sovet ordusunun Bakıya yeridilməsi dinc əhaliyə qarşı törədilmiş ağır cinayət kimi yadda qaldı.
Yanvarın 19-dan 20-nə keçən gecə şəhərə tanklar və zirehli texnika daxil oldu. Fövqəladə vəziyyət elan edilmədən,əhaliyə heç bir rəsmi xəbərdarlıq edilmədi. Küçələrdə hərbi hissələr irəlilədikcə, silahsız insanlara atəş açıldı. Hadisələr nəticəsində onlarla insan həlak oldu, yüzlərlə insan yaralandı. Ölənlər arasında qadınlar, uşaqlar və yaşlılar da var idi.
Şahidlərin dediyinə görə, həmin gecə Bakı sanki döyüş meydanını xatırladırdı. Təcili yardım maşınlarına belə atəş açıldığı bildirilirdi. Xəstəxanalar yaralılarla dolmuşdu. Şəhərdə qorxu və çaşqınlıq hökm sürürdü. Lakin bütün bunlara baxmayaraq, insanlar geri çəkilmədi.
20 Yanvar hadisələri Azərbaycan cəmiyyətində ciddi dönüş yaratdı. Xalq başa düşdü ki, öz taleyini yalnız özü müəyyən edə bilər. Şəhidlərin dəfn mərasimi ümumxalq etirazına çevrildi.Minlərlə insan azadlıq tələbi ilə bir araya gəldi. Bu, artıq qorxunun deyil, iradənin səsi idi.
Bu faciə sonradan Azərbaycanın müstəqillik yolunda mühüm mərhələ kimi qiymətləndirildi. 20 Yanvar hadisələri Sovet rejiminin əsl mahiyyətini açıq şəkildə göstərdi və müstəqillik ideyasını daha da gücləndirdi. bir il sonra Azərbaycan öz dövlət müstəqilliyini elan etdi.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılır. Onların həyatı bahasına üzə çıxan həqiqətlər Azərbaycan tarixində silinməz iz qoydu. 20 Yanvar yalnız keçmişin faciəsi deyil, azadlığın hansı bədəl hesabına əldə edildiyini göstərən canlı tarixi faktdır. Bu həqiqət unudulmamalı və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Röya Məmmədova
11:24 20.01.2026
Oxunuş sayı: 1645