Qadın ləyaqətinin manifesti – Filumena Marturano
Ağlamağı bacarmayan, öz qanunları olan Filumena Marturano
Göz yaşları məhəbbətdən yaranır
İtalyan dramaturgiyasının ustadı Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı, dünya dramaturgiyasının incilərindən biri olan "Filumena Marturano" əsəri İtalyan ruhu ilə yoğrulmuş, lakin bütün bəşəriyyətə aid olan o sarsılmaz ana sevgisinin və qadın qürurunun hekayəsidir.
Akademik Milli Dram Teatrının səhnəsində izlədiyimiz eyniadlı tamaşa bizə təbəqələşmənin kölgəsində qalan qadın taleyini təqdim etdi. Tamaşanı izlədikcə anlayırsan ki, bu əsər sadəcə ailə dramı yox, sosial ziddiyyətlər, qadın hüquqları və illərlə boğulan fəryadın səhnələşdirilmiş həqiqətidir.
Pərdələr açılanda bizi Napoli küçələrinin ruhunu daşıyan gərgin bir mühit – Filumenanın (Bəsti Cəfərova) uzun illər xidmətçisi, məşuqəsi, amma heç vaxt xanımı ola bilmədiyi Domeniko Sorianonun (Sabir Novruzov) evi qarşılayır. Hadisələrin mərkəzində dayanan Filumena və Domeniko Soriano arasındakı münasibət əslində cəmiyyətdəki qeyri-bərabərliyin səhnələşdirilmiş modelidir. Tamaşada toxunulan əsas məqam qadın hüquqlarının və ləyaqətinin hər hansı bir sosial statusdan daha uca olmasıdır.
Öz qürurunu və övladlarının gələcəyini qoruyan məğrur qadın Filumena Marturano, onun qarşısında isə zəngin, təkəbbürlü, Filumenanın bu sədaqətini özünə borc bilən, lakin daxilən boşluqda olan Domeniko Soriano. Onların dialoqları sadəcə sözlərdən deyil, illərin yığılmış acı-şirin xatirələrindən ibarətdir.
İllərlə hər təhqirə, hər xəyanətə susan Filumena bu dəfə fərqli idi. Filumenanın özünü ölüm ayağında kimi göstərərək Domenikonu evliliyə razı salması bir hiylə deyil, illərin yorğunluğunun və ana olaraq övladları üçün tələb etdiyi ədalətin ibrət dərsidir. Filumena Domenikonun gənc bir qızla evlənmək xəbərini eşidəndə sarsılsa da, əyilmir. O, sadəcə ərli bir qadın kimi ölmək istədiyini deyəndə, evin nökərləri və hətta keşiş də bu "müqəddəs oyuna" şərik olurlar.
Lakin onun "ölüm oyunu" qisas deyil, ədalət axtarışı idi. Axı məsələ yalnız kəbin kəsdirmək deyil. Filumena ölüm yatağından "diriləndə" Domenikoya ən böyük dərsi verir. O, illərdir gizli saxladığı üç oğluna soyad qazandırmaq üçün bu mübarizəyə girmişdi. Domeniko aldandığını anlayıb qəzəblənsə də, Filumenanın sarsılmaz iradəsi qarşısında əlindən heç nə gəlmir.
Lakin Domenikonun təkəbbürünü yerlə-yeksan edən, onu ruhən sarsıdan əsl etiraf bu idi: üç oğlandan biri məhz onun öz qanından, öz canından idi. Filumena bu sirri etiraf etsə də, hansının onun oğlu olduğunu inadla gizləyir. "Uşaqlar uşaqdır!" deyərək, onların arasında fərq qoyulmasına, birinin digərindən üstün tutulmasına icazə vermir. Bu sirr Domenikonu daxilən parçalasa da, onu hər üç oğluna eyni qayğı və atalıq hissi ilə yanaşmağa məcbur edir.
Bununla da Filumena həm ana şəfqətini, həm də bir qadının zərif intiqamını eyni nöqtədə birləşdirir. O, Domenikonu sadəcə evliliyə deyil, həm də tərəf tutmadan sevməyə məhkum edir.
Tamaşanın finalına doğru Domeniko Sorianonun yaşadığı daxili təkamülü – qəzəbdən sarsıntıya, sarsıntıdan isə böyük bir heyranlıq və sevgiyə gedən yolu tamaşaçının gözü önündə bir insanın yenidən doğuşuna çevrilir. İllər boyu Filumenanı sadəcə bir xidmətçi, həyatının bir küncündə dayanan "vərdiş" kimi görən Domeniko nəhayət, onun fədakarlığı və ana sevgisi qarşısında diz çökür. Domeniko anladıqda ki, həyatın mənası var-dövlətdə, gənc məşuqələrdə yox, ona hər an sadiq qalan bu qadının gözlərindədir, onun buzdan divarları tamamilə əriyir və o, illərdir davam edən inadından, təkəbbüründən əl çəkərək Filumenanı və onun üç oğlunu rəsmən qəbul edir.
Lakin tamaşaçını ən çox təsirləndirən Filumenanın illər sonra ilk dəfə səmimi şəkildə ağlaması olur. Tamaşa boyu "mənim göz yaşlarım yoxdur" deyən, ən ağır anlarda belə dik duran o sərt qadın, hər şeyin yoluna düşdüyünü, artıq övladlarının güvəndə olduğunu görəndə sanki daxilən boşalır. Filumena o an başa düşür ki, artıq döyüşmək məcburiyyətində deyil, o, sadəcə sevilən bir qadın və ana ola bilər.
Bütün bu mübarizələr və gərginliklər Filumenanın titrək səslə dediyi kəlmələrlə sonlanır:
"Mən ağlayıram Domen, ağlamaq necə də gözəldir..."
Bu göz yaşları illərlə boğulan kədərin, sükutun və nəhayət, tapılmış məhəbbətin təzahürü idi. Çünki ən acı göz yaşları məhz məhəbbətdən yaranır.
15:20 17.01.2026
Oxunuş sayı: 1448