Bakı forumu: Hindistanın azlıqlara qarşı siyasətinə beynəlxalq baxış
Bakıda ilk dəfə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya" və "İşgəncələrə qarşı konvensiya" üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Eyni zamanda, real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.
Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaq.
09:40 16.01.2026
Oxunuş sayı: 1235