Bu gün Azərbaycan poeziyasının unudulmaz siması Nəbi Xəzrinin anım günüdür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan, şair, dramaturq, nasir və tərcüməçi Nəbi Xəzri anılır. O, yaradıcılıq fəaliyyəti boyunca çoxşaxəli və zəngin bir ədəbi yol keçmiş sənətkarlardandır. Şairin əsərlərində insanın daxili dünyası, mənəvi axtarışları, düşüncə və hissləri yüksək bədii ustalıqla ifadə olunur. Nəbi Xəzrinin poeziyasında dünya, insan və təbiət anlayışları fəlsəfi dərinliklə təqdim edilir, humanist baxış, güclü vətəndaşlıq mövqeyi və milli ruh aydın şəkildə hiss olunur. Onun lirik-epik səpkidə qələmə aldığı poemalar dərin lirizmi, emosional təsir gücü, özünəməxsus üslubu və zəngin obrazlar sistemi ilə seçilir.
Nəbi Xəzri (Babayev Nəbi Ələkbər oğlu) 1924-cü ildə Bakı şəhəri yaxınlığında yerləşən Xırdalan kəndində tacir ailəsində dünyaya göz açıb. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) yaşadığı ərazidə tanınmış tacirlərdən biri kimi tanınıb. Orta təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Nəbi Xəzri II Dünya müharibəsi illərində arxa cəbhədə iştirak edib. Hərbi xidmətdən tərxis olunduqdan sonra, 1943–1945-ci illərdə “Kommunist” qəzetinin redaksiyasında korrektor, eyni zamanda Azərbaycan radiosunda diktor vəzifəsində çalışıb. Ali təhsilini də məhz bundan sonra alıb: əvvəlcə Azərbaycan Dövlət Universitetində (1945–1947), daha sonra Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində (1947–1949), ardınca isə Qorki adına Ədəbiyyat İnstitutunda (1949–1952) təhsilini davam etdirib. Dənizə olan sonsuz sevgisi səbəbindən 1958-ci ildən etibarən “Xəzri” təxəllüsünü seçib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, Yazıçılar İttifaqının katibi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, eləcə də mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edib, 1992-ci ildən isə “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən qurumun prezidenti olub. Onun əsərləri bir çox xarici dillərə tərcümə edilib, şeirləri əsasında saysız-hesabsız musiqi əsərləri bəstələnib.
Nəbi Xəzri yaradıcılığa erkən yaşlardan başlasa da, “Günəş” adlı ilk ciddi şeirini cəmi 16 yaşında qələmə alıb. 20 yaşında iştirak etdiyi bir şeir müsabiqəsində oxuduğu əsər böyük şair Səməd Vurğunun diqqətini çəkib və onun tövsiyəsi ilə Yazıçılar İttifaqına üzv qəbul edilib. Şairin ilk şeirlər kitabı “Çiçəklənən arzular” 1950-ci ildə çap olunaraq oxuculara təqdim edilib.
146-cı səhifədə qeyd olunduğu kimi, Nəbi Xəzri poeziyasında işıq, ümid, bahar ovqatı, qarlı çiçəklərin saflığı, aləmin gözəlliyi, dəniz və mavilik motivləri bütöv bir poetik sistem yaradır. Fikir ilə duyğunun vəhdəti bu poetik dünyanı formalaşdırır. “Hava da səssiz…” (“Göy gözlər”), “Fırtına qopar qəlbimdə” kimi şeirlər həmin poetik xəttin parlaq nümunələrindəndir.
Tənqidçi Sərxan Abdullayev Nəbi Xəzrinin poeziyasını xarakterizə edərkən onun şeirlərində təbiətlə bağlı poetik düşüncənin, zəngin təsvir və ifadə vasitələrinin üstünlük təşkil etdiyini vurğulayır, şairin dünyanı təbiətin gözü ilə dərk edib hiss etdiyini xüsusi qeyd edir. Nəbi Xəzrinin poeziyasında epik-lirik üslub əsas xüsusiyyətlərdən biridir. Süjetli lirika onun yaradıcılığında aparıcı mövqe tutur. Şair epiklə lirikanı bir-birindən ayırmır, əksinə, onları bir-birini tamamlayan vahid poetik bütöv kimi təqdim edir. Gündəlik həyatın sadə həqiqətləri onun qələmində yüksək bədii vüsət qazanır. Lirik duyğularla epik təsvirlərin qovuşması nəticəsində yeni poetik intonasiya yaranır. “Dənələr” şeirində şair yalnız təbiəti təsvir etməklə kifayətlənmir, eyni zamanda onun arxasında gizlənən fəlsəfi məna qatlarını açır. Dalğalarla yanaşı dənələrin də poetik obraz kimi təqdim olunması dəniz poetikasını daha da zənginləşdirir.
Şair Azərbaycan təbiətinə quş kimi yuxarıdan baxmaq, onun üzərində qanad açmaq, bu torpağın ruhunu daha yaxından duymaq arzusunu ifadə edir. Onun şeirlərində Azərbaycan təkcə məkan deyil, canlı, hiss edən, ağrı çəkən bir varlıq kimi təqdim olunur. Bu əsərlər yalnız təbiət təsviri deyil, həm də ictimai və milli məzmun daşıyır. Nəbi Xəzri yaradıcılığının əsas mövzularından biri Azərbaycan, onun tarixi keçmişi, bugünü və gələcəyidir. “Qardaşım Araz”, “Vətən”, “Ana”, “Azərbaycan” kimi əsərlərdə bu mövzu müxtəlif bədii çalarlarla ifadə olunur. Şairin poeziyasında həsrət, ağrı, nisgil və vətəndaşlıq duyğusu vəhdət təşkil edir, Azərbaycan bütöv bir poetik obraz kimi canlanır. O, nə haqqında yazırsa-yazsın, əsərlərinin ruhunda və mənasında Azərbaycan dayanır və hər dəfə bu mövzu yeni ritm, yeni intonasiya ilə səslənir.
Nəbi Xəzri üçün Azərbaycan müqəddəs anlayışdır və bu müqəddəslik onun bütün yaradıcılığı boyunca hiss olunur. Bu gün, şairin anım günündə onun poeziyası bir daha sübut edir ki, Nəbi Xəzri sözü milli yaddaşın, vətən sevgisinin və insan ruhunun dərin ifadəsidir.
Ay ürək (Nəbi Xəzri)
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!..
Fatimə Məmmədova
09:48 15.01.2026
Oxunuş sayı: 2207