Yöteborqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
İsveç Krallığının Yöteborq şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbir İsveçdə fəaliyyət göstərən Qarabağ Azadlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəldə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq üzrə əlaqələndiricisi Ülviyyə Nəcəfova, mərkəzin fəal üzvləri Məsumə Rüstəmli və Gülnisə İbrahimova, Yöteborqda yaşayan soydaşımız Bəyim Rəhimova, eləcə də Cənubi Azərbaycandan yazar Eldar Qaradağlı çıxış ediblər.
Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından daşıdığı yüksək mənəvi dəyər xüsusi vurğulanıb. Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsi, ölkənin həqiqətlərini dünyaya çatdırması, mədəni irsimizi təbliğ etməsi və Azərbaycanın beynəlxalq aləmdə güclənməsinə böyük töhfə verir.
Tədbirin bədii hissəsində Azərbaycan musiqiləri səsləndirilib, rəngarəng çıxışlar təqdim olunub, uşaqlar milli rəqslərimiz ifa edib, şeirlər səsləndiriblər.
Sonda Yeni il hədiyyələri paylanıb.



16:03 13.01.2026
Oxunuş sayı: 1106