Eluca Atalının yaradıcılığı Hindistanda dissertasiya mövzusu seçilib
Stokholmda yaşayan azərbaycanlı yazıçı və şair, 50-dən çox əsərin müəllifi Eluca Atalının “Xoş gördük, ayrılıq!” kitabı Hindistanda benqal dilində nəşr olunub. Kitabın tərcüməçisi hindistanlı şair Şridhar Sarkardır.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Kitab böyük maraqla qarşılanıb və soydaşımızın əsərləri Hindistanın bir sıra ədəbi jurnallarında dərc olunub, elmi tədqiqat obyektinə çevrilib. Onun fəlsəfi-bədii miniatürləri əsasında Kəlküttə Universitetində doktorluq dissertasiyası yazılıb. Tədqiqatçı Sankar Sarkarın elmi işi “Müasir ədəbi tənqiddə özünü yenidən dərketmə: Eluca Atalının poeziyasında azadlıq, zaman və müqavimət” adlanır. Dissertasiyanın elmi rəhbəri Manqalayatan Universitetinin professoru, elmlər doktoru Vinita Kaur Salucadır.
Tədqiqatçı qeyd edib ki, Eluca Atalının “Özünü gətir”, “Böyükdüm…”, “Yad dildə azadlıq nəğməsi”, “Azadlığın həbsi əllərdən başlayır” və “Özümə həsrət…” kimi şeirlərində yadlaşma, azadlıq, müqavimət, zaman və parçalanmış şəxsiyyət mövzuları diqqət mərkəzindədir.
Monoqrafiyada Eluca Atalının yaradıcılığının təmkinli və minimalist dil, alleqorik ifadə tərzi, yüksək mənəvi dəyər ilə fərqləndiyi vurğulanıb. Onun ədəbi fəaliyyəti Uilyam Bleyk, Uilyam Batler Yeyts, Tomas Sternz Eliot, Uistan Hyu Oden, Şeymus Hini, Mahmud Dərviş və Derek Uolkott kimi dünyaca məşhur yazarlar ilə müqayisə edilib. Eyni zamanda, onun yaradıcılığındakı güclü müqavimət motivinin Mahatma Qandinin və Rabindranat Taqorun Hindistana verdiyi mənəvi və mədəni töhfələrlə bənzərliyi araşdırılıb.
15:36 09.01.2026
Oxunuş sayı: 1386