Təhsildə vahid standartlar: özəl sektordakı müəllimlər də sertifikasiyadan keçəcək?
Azərbaycanda müəllimlərin sertifikasiya prosesi artıq bir neçə ildir ki, təhsil sistemində keyfiyyətin artırılması məqsədilə həyata keçirilir. Lakin bu proses əsasən dövlət məktəblərini əhatə edir.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev isə parlamentin Elm və təhsil komitəsinin son iclasında özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb edilməsinin zəruri olduğunu bildirib.
Deputatın fikrincə, təhsilin keyfiyyətinə vahid yanaşma təmin edilməlidir. Bu təşəbbüs nə dərəcədə əsaslıdır və onun reallaşdırılması nə vaxt mümkün ola bilər?
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

"Bu təklif Azərbaycan təhsil sistemində dövlət və özəl sektor arasında standartların unifikasiyası istiqamətində mühüm addım hesab oluna bilər.
Ümumilikdə düşüncəm ondan ibarətdir ki, təhsil sistemində dövlət və özəl olmasından asılı olmayaraq vahid dövlət standartı mütləq vacibdir. Dövlət özəl təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün bütün imkanları yaradır, bunun üçün uyğun şərait formalaşdırır və alternativ rəqabət mühitini təmin edir.
Özəl təhsil sektoru isə dövlətin yaratdığı imkanlardan faydalanaraq dövlətin müəyyən etdiyi minimum standartlara uyğun, hətta həmin standartlardan daha yüksək səviyyədə təhsil xidməti göstərə bilər.
Özəl təhsil sektoru yalnız orta məktəblərdən, özəl liseylərdən və universitetlərdən ibarət deyil. Özəl təhsil sektoru dedikdə, dövlət təhsil sektoruna paralel şəkildə təhsil fəaliyyəti göstərən bütün müəssisələr nəzərdə tutulur. Buraya məktəbəqədər təhsil müəssisələri, daha sonra orta məktəblər, tam orta məktəblər, liseylər və digər təhsil müəssisələri daxildir.
Bununla yanaşı, özəl peşə məktəbləri, özəl kolleclər, özəl ali təhsil müəssisələri, əlavə təhsil müəssisələri və digər qurumlar da özəl təhsil sektorunun tərkib hissəsi hesab olunur.
Ümumilikdə mən hesab edirəm ki, özəl təhsil sektoru başlı-başına buraxıla bilməz və biz bunun müəyyən mənfi nəticələrini zaman-zaman görmüşük. Məsələn, məktəbəqədər təhsil müəssisələrində baş verən bəzi hadisələr – uşaqlara qarşı aqressiya halları və digər problemlər sonradan məlum olur ki, həmin müəssisələrdə çalışan şəxslərin bu sahədə işləmək üçün lazımi diplom və peşə hazırlığı yoxdur. Belə hallar kifayət qədər çoxdur".
Ekspert əlavə edib ki, ona görə də mütləq şəkildə vahid dövlət standartı olmalıdır və bu standartların eyniləşdirilməsi, yəni unifikasiyası istiqamətində müəyyən addımlar atılmalıdır:
"Özəl məktəblərdə və digər özəl təhsil müəssisələrində sertifikasiya mexanizmi də bu baxımdan mühüm rol oynaya bilər. Sertifikasiya müəllimlərin minimum peşəkar standartlara cavab verməsini təmin edən xarici monitorinq funksiyasını yerinə yetirə bilər.
Yəni, kimsə özəl məktəb açırsa, bu o demək deyil ki, istədiyi şəxsi işə götürə və ya istədiyi şəxsi işdən azad edə bilər, yaxud diplomu olan və ya olmayan şəxsləri müəllim kimi fəaliyyətə cəlb edə bilər. Belə bir yanaşma doğru deyil. Bu sahədə mütləq şəkildə dövlətin təhsil siyasətini həyata keçirən qurumlar və ya müvafiq səlahiyyətli strukturlar tərəfindən müəyyən nəzarət mexanizmləri tətbiq olunmalıdır.
Şagirdlər dövlət imtahanlarında – məsələn, buraxılış və ya qəbul imtahanlarında – iştirak etdikdə, onların hazırlıq səviyyəsi birbaşa olaraq həmin şagirdləri hazırlayan müəllimlərin metodoloji bazasının güclü olmasından asılıdır. Vahid standartların tətbiqi də məhz bunu müəyyənləşdirmək üçün mühüm imkan yaradır.
Sertifikasiya müəllimləri daim öz üzərlərində işləməyə, peşəkar biliklərini artırmağa və yeni tədris metodlarını mənimsəməyə təşviq edir. Bu baxımdan özəl məktəblərdə də sertifikasiya mexanizminin tətbiqi müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərə bilər.
Bununla yanaşı, özəl məktəblərdə beynəlxalq təcrübədən irəli gələn müəyyən akkreditasiya mexanizmləri də mövcuddur. Əgər vahid dövlət sertifikasiyası tətbiq olunmasa, bu halda özəl məktəblərdə peşəkarlıq səviyyəsini qorumaq üçün digər alətlərdən istifadə etmək mümkündür. Məsələn, beynəlxalq sertifikasiya mexanizmləri tətbiq edilə bilər.
Məktəbin IB – International Baccalaureate və ya Cambridge kimi beynəlxalq təhsil proqramlarına üzv olması müəllimlər üçün daha sərt təlim və qiymətləndirmə tələbləri müəyyən edir. Azərbaycanda da bəzi özəl məktəblər IB proqramı üzrə təhsil verir və ya Cambridge kimi beynəlxalq proqramlara qoşulurlar. Bu proqramların müəllimlərə qarşı da ciddi və yüksək tələbləri mövcuddur. Bu baxımdan həmin proqramları tətbiq edən məktəblər üçün əlavə sertifikasiya tələblərinin müəyyən hallarda o qədər də zəruri olmaya biləcəyi də nəzərə alınmalıdır.
Ümumilikdə isə hesab edirəm ki, irəli sürülən bu təklif kifayət qədər obyektiv yanaşmadır. Bəxtiyar Əliyev uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, təcrübəli və hörmətli təhsil xadimlərimizdən biridir.
Mən onu şəxsən tanıyıram və hər zaman peşəkarlığına hörmət etmişəm. O, sözünün çəkisini və məsuliyyətini əvvəlcədən düşünən, cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış edən millət vəkillərimizdəndir.
Hesab edirəm ki, onun irəli sürdüyü bu təklif kifayət qədər əsaslı və obyektivdir. Bununla belə, bu təşəbbüsün necə qiymətləndiriləcəyi artıq müvafiq dövlət qurumlarının səlahiyyətində olan məsələdir.
Hər halda cəmiyyət üçün faydalı hesab edilə biləcək belə bir təklifin irəli sürülməsi təhsilə bağlı və bu sahənin inkişafını düşünən bir yanaşma kimi qiymətləndirilə bilər və həmin təklifin həyata keçirilməsi ilə bağlı qərarı müvafiq qurumlar verməlidir".
Ayhan
14:34 07.03.2026
Oxunuş sayı: 46