İranın gələcəyi sual altındadır? - ekspertdən sərt açıqlamalar
İran tərəfindən atılan pilotsuz uçuş aparatlarının qalıqlarının Naxçıvan ərazisinə düşməsi ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Hadisə iki qonşu ölkə arasında münasibətlərin gələcək istiqaməti ilə bağlı müxtəlif suallar doğurur və mövcud vəziyyətin diplomatik müstəvidə necə qiymətləndiriləcəyi maraq doğurur.
Xüsusilə, belə bir hadisənin Azərbaycan və İran arasında diplomatik münasibətlərə təsir edib-etməyəcəyi, eləcə də bölgədə hərbi gərginliyin artması və mümkün müharibə riskləri ilə bağlı ehtimallar geniş müzakirə olunur. Bu fonda yaranmış vəziyyətin arxa planı və mümkün nəticələri diqqət mərkəzinə çevrilib.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanın İranın etdiyi bu cür hərəkətlərə qarşı hərbi yolla cavab vermək imkanları var. Lakin Azərbaycan İranda 40 milyondan artıq azərbaycanlının yaşadığını nəzərə alaraq, onların taleyini və tarixini düşünərək hələlik təmkinli davranır.
Biz müharibə istəmirik və belə bir müharibə baş verərsə, bu, həmin 40 milyondan artıq azərbaycanlını da od-alovun içində qoya bilər. Onsuz da hazırkı vəziyyət göstərir ki, İranın gələcəyi ilə bağlı ciddi suallar yaranıb.
İrana bu müharibədə lazım olan cavabın müəyyən hissəsi artıq verilir və bir neçə gündən sonra İranın təslim olmaq ehtimalını da tamamilə istisna etmək olmaz.
İranın ağılsız mollaları faktiki olaraq sübut etdilər ki, dövlət idarəçiliyi sahəsində ciddi problemlərlə üzləşirlər. Onlar beynəlxalq siyasətin qaydalarını düzgün anlaya və tətbiq edə bilmirlər.
Dünyada baş verən siyasi proseslərə adekvat cavab vermək və konseptual siyasət yürütmək bacarığı tələb olunur. Lakin İran rəhbərliyi bu məsələləri düzgün dərk etməkdə çətinlik çəkir".
Politoloq əlavə edib ki, onların bir çoxu müqəddəs kitabımız olan Qurandan başqa demək olar ki, heç bir ciddi siyasi və ya strateji ədəbiyyat oxumamış, kifayət qədər hazırlıqsız şəxslərdir:
"Bu cür yanaşma ilə dünyaya meydan oxumağa çalışan insanlar nəticədə öz cavablarını da alırlar.
Artıq hər şeyin tükəndiyi bir mərhələdə belə, müharibə ritorikasından istifadə olunması vəziyyəti daha da gərginləşdirir. Bütün bunlar göstərir ki, İranın bu siyasətinə gec-tez ciddi cavab veriləcək.
Eyni zamanda, gələcəkdə İranda siyasi sistemin yenidən qurulması məsələsi də gündəmə gələ bilər və bu proses müəyyən dövlətlərin nəzarəti altında həyata keçirilə bilər.
Belə olan halda İranın siyasi sistemi dəyişərək dünyaya və regiona qarşı yürüdülən qarşıdurma siyasətindən uzaqlaşmağa məcbur qala bilər.
Bu məsələdə Azərbaycanın hansı mövqe tutacağı və münaqişəyə nə dərəcədə qoşulacağı isə ayrıca müzakirə olunmalı məsələdir".
Ayhan
13:24 07.03.2026
Oxunuş sayı: 67