Saqarecoda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib
Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında fəaliyyət göstərən “Parlaq Gələcək” Tədris Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin rəhbəri Rafael Süleymanov çıxış edərək 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş vermiş soyqırımı barədə ətraflı məlumat verib. Beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu həmin gecə Xocalıda törədilən vəhşiliklərin mülki əhaliyə qarşı ən ağır cinayətlərdən biri kimi tarixə düşdüyünü vurğulayıb. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciəyə hüquqi-siyasi qiymət verildiyini, soyqırımı kimi tanındığını qeyd edib. Azərbaycan Respublikasının Milli məclisinin 24 fevral 1994-cu il qərarı ilə 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edildiyini və bu barədə beynəlxalq təşkilatlara məlumat verildiyini xatırladıb. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin hal hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini söyləyib.
Mərkəzin Azərbaycan dili müəllimi Durna Mərdanova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər barədə məlumat verib. 2023-cü il 19 sentyabr tarixində keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini, işğal altında olan bütün ərazilərin, o cümlədən Xocalı şəhərinin də azad edildiyini uşaq və yeniyetmə soydaşlarımızın diqqətinə çatdırıb.
Tədbirin sonunda şagirdlərin Xocalı faciəsinə həsr edilən ədəbi-bədii kompozisiyası nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
13:09 06.03.2026
Oxunuş sayı: 14