Ottavada azərbaycanlı tələbələr Həmrəylik Gününü birlikdə qeyd etdilər
Kanadanın paytaxtı Ottavada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Tədbir Kanadada yaşayan azərbaycanlı tələbələri bir araya gətirən Azərbaycanlı Tələbələr Assosiasiyasının (AzSA) təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bayram tədbirində Kanadada yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov, müxtəlif xalqların diaspor təşkilatlarının nümayəndələri, eləcə də Toronto və Monreal şəhərlərindən gələn qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan milli musiqiləri səsləndirilib, xalq rəqslərimiz ifa olunub,. Ölkəmizin tarixinə, mədəniyyətinə, milli irsinə həsr olunan çıxışlar və təqdimatlar böyük maraqla qarşılanıb. Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdlərinin vətənpərvərlik ruhunda hazırladıqları bədii proqram tədbirin unudulmaz anlarından biri olub.
Sonda iştirakçılar Azərbaycan milli mətbəxinin zəngin və ləziz təamlarına qonaq edilib.
Tədbir Azərbaycan milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin beynəlxalq müstəvidə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.
18:27 09.01.2026
Oxunuş sayı: 1548