DİQQƏT: Bu məhsullar öldürür - onları alarkən ehtiyatlı olmalıyıq
Market rəflərində “şokolad” adı ilə satılan məhsulların sayı çoxdur. Rəngarəng qablaşdırma, cazibədar adlar və münasib qiymətlər alıcıları cəlb etsə də, hər məhsul həqiqi şokolad olmur. Bir çox hallarda istehlakçılar əsl kakao tərkibli şokoladla onun ucuz əvəzedicisi olan məhsullar arasındakı fərqi ayırd edə bilmirlər və yalnız qiymətə görə seçim edirlər. Halbuki “şokolad” adı altında satılan bəzi məhsulların tərkibi nə gözləntilərə, nə də sağlam qidalanma prinsiplərinə cavab verir. Mütəxəssislər bildirir ki, bu cür saxta və ya keyfiyyətsiz şokoladlar uzunmüddətli istifadədə insan sağlamlığı üçün risk yarada bilər. Buna baxmayaraq, ucuzluq faktoru bir çox insanı seçim edərkən tərəddüdsüz qərar verməyə vadar edir.

Həkim-nutrisioloq Jalə Məmmədovanın sözlərinə görə isə, hər bahalı olan məhsul keyfiyyətlidir mənasına gəlmir: "Buna görə də marketlərdən məhsul alarkən üzərində yazılan etiket və qiymətdən əlavə mütləq şəkildə tərkibinə baxılmalıdır. Keyfiyyətli şokoladın tərkibi kakao kütləsi, kakao yağı və vanil ola bilər. Şəkər əvəzedicisi ilə olanlar daha faydalı sayıla bilər lakin azərbaycanda çox seçim yoxdur bu baxımdan. Tərkibində şəkər olanlar da az miqdarda istifadə edilə bilər. Keyfiyyətsiz və ucuz məhsullarda isə kakao yağı əvəzinə ucuz bitki yağları, stabilizator və dadlandırıcılar istifadə olunur, bunlar da əsasən dadını və rəf ömrünü artırmaq üçün istifadə olunur,sağlamlıq üçün zərərli məhsullar sayılır".
J.Məmmədova qeyd edib ki, sağlam növünü istifadə etsələr belə mütləq şəkildə hər şeydə olduğu kimi burda da çox miqdara qaçmamaq lazımdır.

Mövzuyla bağlı danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, şokoladın xam maddəsi kakao yağından hazırlanır və onun keyfiyyəti tərkibində olan kakaonun kütləsi ilə müəyyənləşdirilir: "Buna az miqdarda bəzi növlərinə görə süd tozu və yaxud da vanilin, çərəzlər və digərləri qatıla bilər. Keyfiyyətli olmasında əsas diqqət olunacaq məqam onun kakao faizinin yüksək olması və keyfiyyətli kakao yağından istifadə olunmasıdır. Keyfiyyətli şokoladı yedikdə ağızda çox xoşa gələn dad olur, tez əriyir, eləcə də otaq temperaturunda uzun müddət saxladıqda forması dəyişə bilər. Əgər soyuducuda saxlanılıb sonra çıxarılarsa, üzərində ağ-ağ yağın donmuş görüntüləri nəzərə çarpa bilər".
Mütəxxəsisin sözlərinə görə, ucuz şokoladlar bu gün satışda daha çoxdur və burada kakao yağının əvəzinə daha ucuz yağlardan, xüsusilə palma yağından, doymuş trans yağlardan, kokos yağından istifadə olunur: "Eyni zamanda onun etiketlənməsində də, əgər istehsalçı şirkət bütün məlumatları düzgün şəkildə qeyd edirsə, orada “kakao tərkibli məhsul”, yaxud “şokolad örtüklü”, “şokolad dadlandırıcısı”, “ümumi şirniyyat məhsulu” kimi ifadələr yazılır və yağların yerinə hansı yağdan istifadə edildiyi göstərilir. Belə olan halda təbii şokoladla təbii olmayan şokoladı daha asanlıqla seçmək olur. Eyni zamanda təbii olmayan şokoladı əriməsinə görə də bilmək mümkündür. Ağızda daha gec əriyir, eyni zamanda əridikdən sonra mum örtüyünə bənzər bir dad ağızda hiss olunur ki, bu da onun yağının kakao yağı olmadığının və palma yağı olduğunu göstərir. Qoxusu isə bəzən aromatizatorlardan istifadə olunduğuna görə daha kəskin və süni olur".
M.Hüseynova belə şokoladların tez ərimədiyini, uzun müddət otaq temperaturunda və ya daha yüksək temperaturda qalsa belə, öz formasını itirmədiyini qeyd edib: "Bu şokoladlarda müəyyən kimyəvi qatqı maddələrindən də istifadə olunur ki, bu da uşaqlar üçün ciddi risk yarada bilər. Artıq şəkər qəbulu ilə yanaşı, şəkər asılılığı yaradır, doymuş yağların çox olması isə ürək-damar xəstəlikləri riskini artıra bilər və artıq çəkiyə, piylənməyə səbəb ola bilər. Mütləq şəkildə alarkən üzərində keyfiyyətli istehsalçı şirkətinin adı bəlli olan və eyni zamanda etiket məlumatlarında tam şəkildə kakao, kakao yağı, əsl şokolad kimi göstəricilərə düzgün baxılmalıdır. Rəf ömrü uzun olmamalıdır, əgər uzundursa, bu da konservantlardan çox istifadə olunduğu göstərilməlidir. Saxlama şəraiti də uyğun olmalıdır ki, şokolad öz keyfiyyətini itirməsin. Bu, ən önəmli şərtlərdən biridir".

Məsələni şərh edən qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərovun sözlərinə görə, marketlərdə ucuz qiymətə satılan “şokolad”ların bir hissəsi əslində həqiqi şokolad deyil, sadəcə şokoladabənzər məhsullardır: "Əsas fərqlər və sağlamlığa təsirləri belədir: 1.Tərkib fərqi. Əsl şokoladın əsas komponenti kakao kütləsi və kakao yağıdır. Ucuz məhsullarda isə kakao yağı əvəzinə hidrogenləşdirilmiş bitki yağları və ya palma yağı, kakao tozu az miqdarda, şəkər isə çox olur. Bəzən dad və rəng vermək üçün süni aromalar və emulqatorlar əlavə edilir. 2.Qida dəyəri. Əsl şokolad (xüsusilə tünd şokolad) antioksidantlar, maqnezium və flavonoidlər baxımından daha zəngindir. Ucuz alternativlərdə bu faydalı maddələr ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Əvəzində “boş kalori” üstünlük təşkil edir. 3.Sağlamlığa təsiri. Keyfiyyətli şokolad az miqdarda qəbul edildikdə ürək-damar sağlamlığına və əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər. Amma ucuz şokoladabənzər məhsullar trans yağ riski, artıq şəkər, çəki artımı və metabolik problemlərlə əlaqələndirilir. Uşaqlarda isə hiperaktivlik və diş problemləri riski arta bilər".
Ekspert saxta şokoladla, əsl şokolad arasında fərqli necə ayırd etmək lazım olduğunu belə göstərib: "Etiketdə “kakao yağı” yazılıbsa bu müsbət göstəricidir. “Bitki yağı”, “şokoladlı məhsul”, “şokolad örtüyü” kimi ifadələr isə keyfiyyətin aşağı olmasına işarədir. Ucuz şokoladlar dad baxımından cəlbedici olsa da sağlamlıq baxımından əsl şokoladla eyni deyil. Az miqdarda, amma keyfiyyətli şokolad seçmək həm orqanizm, həm də uzunmüddətli sağlamlıq üçün daha doğru yanaşmadır".
Fatimə Məmmədova
10:10 12.01.2026
Oxunuş sayı: 2215