Helsinkidə Həmrəylik Günü qeyd olunub
Finlandiyanın paytaxtı Helsinkidə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Finlandiyanın diplomatik korpusunun nümayəndələri, ictimai xadimlər, müxtəlif təhsil mərkəzlərinin müəllimləri, eləcə də türk və digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyəti və mənəvi dəyəri haqqında ətraflı məlumat verib, iştirakçılara səmimi təbriklərini çatdırıb.
Kokkolanın fəxri vətəndaşı, tanınmış skripka müəllimi, azərbaycanlı Cahangir Ələkbərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, həmrəyliyin və milli birliyin əhəmiyyətini vurğulayıb.
Helsinki Operasının müşayiətçisi Leyla Hüseynova, konservatoriyanın tanınmış musiqiçisi və Joensuu Konservatoriyasının fortepiano müəllimi Kamal Aşurbəyov, gənc ifaçı Furkan Karsavuran, eləcə də digər soydaşlarımız tədbirdə zəngin musiqi proqramı ilə çıxış ediblər.

14:42 09.01.2026
Oxunuş sayı: 1464