Sözlə yaşayan ömür: Zəlimxan Yaqubun anım günü
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun anım günüdür. Onun adı çəkiləndə təkcə bir şair deyil, xalqın ruhundan süzülüb gələn bütöv bir poetik dünya yada düşür. Zəlimxan Yaqub sözə sədaqəti, daşıdığı məsuliyyət və yaşadığı həyatla yadda qalan nadir sənətkarlardandır.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi bölgəsinin Kəpənəkçi kəndində dünyaya gəlib. Bu torpaq əsrlər boyu aşıq sənətinin, saz-söz ənənəsinin beşiyi kimi tanınıb. Borçalı mühiti, folklor düşüncəsi və xalq ədəbiyyatı onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Şairin poeziyasında hiss olunan sadəlik və səmimiyyət məhz bu mühitdən qaynaqlanır.
Zəlimxan Yaqubun sözə gəlişi təsadüfi olmayıb. Hələ yeniyetmə yaşlarında qələmə aldığı ilk şeirinin mətbuatda dərc olunması onun poeziya yolunun başlanğıcı olub. 1960-cı illərin sonlarından etibarən o, ardıcıl şəkildə yaradıcılıqla məşğul olaraq poeziyanı həyatının əsas məğzinə çevirib. Onun şeirləri oxucuya tez yol tapıb, çünki bu misralar süni bəzəkdən uzaq, xalq düşüncəsinin öz dilində yazılmışdı.
Ali təhsilini Bakı Dövlət Universitetində alan Zəlimxan Yaqub uzun illər kitab və mətbuat sahəsində çalışıb. “Azərkitab” sistemində, nəşriyyatlarda, oxucu ilə birbaşa təmasda olması sözün məsuliyyətini daha dərindən dərk etməsinə şərait yaradıb. O, yalnız yazan deyil, oxuyan, araşdıran və öyrənən şair idi. Bu mərhələ onun yaradıcılığında fikir aydınlığı və mövzu genişliyi ilə özünü göstərib.
Zəlimxan Yaqubun yaradıcılığının əsas cəhəti folklorla yazılı poeziyanın vəhdətidir. Onun şeirlərində aşıq nəfəsi, saz havası, el deyimləri aydın hiss olunur. Sevgi, vətən, insan taleyi, mənəvi dəyərlər onun poeziyasının aparıcı mövzularıdır. Bu səbəbdən Zəlimxan Yaqubun şeirləri oxucuya yad yox, doğma gəlir və nəsillər arasında körpü rolunu oynayır.
Şair təkcə ədəbi müstəvidə deyil, ictimai-siyasi həyatda da fəal olub. 1995–2005-ci illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərən Zəlimxan Yaqub mədəniyyətin, ədəbiyyatın və milli dəyərlərin qorunmasına xüsusi önəm verib. Onun çıxışlarında poetik düşüncə ilə vətəndaş mövqeyi bir-birini tamamlayıb.
Zəlimxan Yaqubun həyatında aşıq sənəti mühüm yer tutub. Azərbaycan Aşıqlar Birliyinin sədri kimi bu sənətin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində mühüm addımlar atılıb. O, aşıq sənətini təkcə folklor nümunəsi kimi deyil, milli yaddaşın daşıyıcısı kimi dəyərləndirib.
Qeyd edək ki, Zəlimxan Yaqubun ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. “Xalq şairi” fəxri adı, “Şöhrət” və “Şərəf” ordenləri onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinin göstəricisidir. Onun 40-a yaxın şeir kitabının müxtəlif dillərə tərcümə olunması yaradıcılığının beynəlxalq səviyyədə də maraq doğurduğunu sübut edir.
Ömrünün son illərində ağır xəstəliklə mübarizə aparsa da, Zəlimxan Yaqub sözə sədaqətindən vaz keçməyib. 2016-cı il yanvarın 9-da dünyasını dəyişən şair Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub. Lakin onun poeziyası bu gün də yaşayır.
Bir daha aydın olur ki, Zəlimxan Yaqub fiziki olaraq aramızda olmasa da, sözü ilə xalqın yaddaşında yaşayır. Onun ömrü sübut etdi: sözlə yaşayan insan heç vaxt ölmür.
Məzar( Zəlimxan Yaqub)
Məzar insanların döş nişanıdır,
Yazılır daşlara ünvanı, adı.
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?
Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu daha.
Məzar insanların son dayaq yeri,
Burdan o tərəfə yol yoxdu daha.
Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.
Hamının dərdini çəkən mən oldum,
Hamının ağrısı, azarı məndə.
Başdaşım əyilib köksümə sarı,
Dünyanın ən dərdli məzarı məndə.
Məzar haqqında bu qədər ağır və həqiqi misralar yazan şair artıq illərdir öz dediyi “sükut evində”dir. Amma Zəlimxan Yaqubun sözü bir daha sübut edir: sözlə yaşayan insanın ünvanı daşda yox, xalqın yaddaşındadır.
Fatimə Məmmədova
09:20 09.01.2026
Oxunuş sayı: 1634