Şair Ramaldanov: Prezident İlham Əliyevin mühüm tapşırığı var ki... - MÜSAHİBƏ
Prezident İlham Əliyevin yerli media orqanlarına verdiyi geniş və məzmunlu müsahibə Azərbaycanın mövcud siyasi kursunun həm daxili, həm də xarici ölçülərini aydın şəkildə ortaya qoyur. Müsahibə təkcə gündəlik siyasi proseslərin icmalı ilə kifayətlənmir, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqlar, qlobal güc balansındakı dəyişikliklər və bu kontekstdə Azərbaycanın strateji mövqeyi barədə mühüm mesajlar verir. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkənin qarşısında dayanan sosial-iqtisadi çağırışlardan tutmuş müdafiə və təhlükəsizlik siyasətinə, hərbi sənayenin inkişaf perspektivlərindən beynəlxalq tərəfdaşlıqların dərinləşdirilməsinədək geniş bir mövzular spektrini əhatə edir. Xüsusilə regional təhlükəsizlik məsələləri, müharibədən sonrakı dövrdə yaranmış yeni status-kvo və Azərbaycanın sülh təşəbbüsləri müsahibənin əsas xəttini təşkil edir. Prezident İlham Əliyevin bu mövzularla bağlı səsləndirdiyi mövqelər həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət daşıyan mesajlar kimi dəyərləndirilə bilər. Bu baxımdan müsahibədə yer alan tezislər yalnız mövcud vəziyyətin qiymətləndirilməsi deyil, eyni zamanda yaxın və orta perspektiv üçün nəzərdə tutulan siyasi və hərbi-strateji hədəflərin konturlarını müəyyənləşdirən ciddi analitik yanaşma tələb edir. Birinci Qarabağ müharibəsi və Horadiz əməliyyatının iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim–tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov Prezidentin müsahibəsində səsləndirilən fikirlər barədə Crossmedia.az-a müsahibə verib:
- Şair müəllim, qazandığımız böyük zəfərdən, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusunun vəziyyətini necə qiymətləndirirsiniz? Orduda hansı hərbi yeniliklər tətbiq olmağa başladı?
- Ümumilikdə cəmiyyətlərin yenilənmə mərhələləri mövcuddur. Bu mərhələlərdən biri, əlbəttə ki, müharibədir. Bu proses bilavasitə orduya da şamil olunur. Müharibədə qazanılmış təcrübə, aparılan təhlillər — istər silahlanma baxımından, istər taktiki yanaşmalar baxımından, istərsə də digər sahələr üzrə — kompleks şəkildə həyata keçirilir. Və bu təhlillər artıq demək olar ki, heç kim tərəfindən mübahisə predmetinə çevrilmir.
Azərbaycanda Vətən müharibəsindən sonra geniş elmi araşdırmalar aparılıb, dərin təhlillər həyata keçirilib. Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən bütün xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetin özündə mövcud olan elmi-tədqiqat bölməsində sistemli şəkildə elmi araşdırmalar aparılır. Bu elmi tədqiqatlar nəticə etibarilə konkret təhlillər ortaya qoyur. Həmin təhlillər və elmi araşdırmaların nəticələri xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarını zənginləşdirir. Bu gün Milli Müdafiə Universitetində həyata keçirilən bütün kadr hazırlığı prosesi müharibədən qaynaqlanan təhlillər əsasında formalaşdırılmış proqramlar üzrə aparılır. Bu yeni düşüncəli, yeni yanaşmaya malik kadrlardır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin mövqeyi qlobal dünyada gedən proseslər və ölkəmizi gözləyən potensial risklər nəzərə alınmaqla formalaşdırılıb. Cənab Prezident dəfələrlə bildirib ki, bugünkü dünyada kim güclüdürsə, o da öz müstəqilliyini və suverenliyini qorumaq imkanına daha çox malikdir. Ulu Öndər Heydər Əliyev vaxtilə vurğulamışdı ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ordusu nəyə ehtiyac varsa, onu da alacaq. Azərbaycan ordusu artıq müharibəyə qədər formalaşmış, qələbə qazanmış və rəşadət göstərmiş bir ordudur. Belə bir ordu nəyə ehtiyac olduğunu özü dəqiq bilir. Silah-sursat baxımından hansı silahların daha effektiv olduğu praktiki döyüş şəraitində özünü göstərib.
Azərbaycanın müdafiə sənayesində də geniş təhlillər aparılır və bu təhlillərin nəticəsi olaraq istehsal olunan silahlarda müəyyən dəyişikliklər və təkmilləşdirmələr həyata keçirilir. Azərbaycan ordusu hər zaman Ali Baş Komandanın xüsusi qayğı və diqqəti altındadır. Bu diqqət Azərbaycan ordusunun yüksək göstəricilərində açıq şəkildə özünü göstərir. Təkcə ötən il Azərbaycan ordusu Türkiyə ordusu ilə 25 birgə hərbi təlim keçirib.
Türkiyə ordusu NATO-nun ən güclü orduları sırasında yer alır, yüksək potensiala və inkişaf səviyyəsinə malikdir. Belə bir ordu ilə birgə təlimlərin keçirilməsi yalnız müəyyən standartlara cavab verən, qarşılıqlı tələblər və bərabər prinsiplər əsasında uyğun olan ordular arasında mümkündür. Azərbaycan ordusunun inkişaf səviyyəsi Türkiyə ordusunun peşəkarlığına yaxın və onunla bərabər səviyyədə qiymətləndirilir.
Pakistan və Orta Asiya ölkələri ilə də mütəmadi hərbi təlimlər keçirilir. Bu təlimlər çərçivəsində təcrübə mübadiləsi aparılır və ordunun döyüş qabiliyyəti daha da gücləndirilir.
Azərbaycan qarşısında Ali Baş Komandan tərəfindən qoyulmuş mühüm tapşırıq Türkiyə modelinin Azərbaycan ordusunda tətbiq olunmasıdır. Bu tapşırığın icrasında artıq son mərhələlər görülür. Məhz buna görə də Azərbaycan ordusunda bütün sahələri əhatə edən geniş və dərin islahatlar aparılıb və bu islahatlar hazırda da davam etdirilir.
- Türkiyə ordu modeli Azərbaycan ordu qurculuğundan nə kimi fərqlənir?
- Hər bir ölkənin özünəməxsus hərbi modeli var. Azərbaycanda məhz Türkiyə ordusunun modelinin seçilməsi həm Türkiyə ordusunun gücünün göstəricisi, yəni əldə etdiyi nəticələrin ifadəsidir, həm də məlum olduğu kimi, ortaq təhlükəsizlik anlayışı mövcuddur. Bu təhlükəsizlik konsepsiyasında Türkiyənin təhlükəsizliyində Azərbaycan, Azərbaycanın təhlükəsizliyində isə Türkiyə bilavasitə iştirak etməlidir. Belə olduqda ordularımızın modellərinin bir-birinə çox yaxın olması zəruridir. Burada idarəetmə, yanaşmalar, o cümlədən silah, texnika və digər məsələlər baxımından müəyyən ortaq prinsiplər mövcuddur. Məhz buna görə Türkiyə modelinə keçid bir tərəfdən dünyada ən güclü ordular sırasında yer alan bir ölkənin təcrübəsinin mənimsənilməsi deməkdir, digər tərəfdən isə qardaş Türkiyə ilə mövcud olan təhlükəsizlik və hərbi əməkdaşlıq çərçivəsində gələcəkdə birgə fəaliyyətin daha effektiv qurulmasına xidmət edir. İstər Türkiyə ordusunun tərkibində, istərsə də onların ayrı-ayrı hissə və bölmələri ilə birlikdə hər hansı tapşırığın icrası üçün yanaşmaların uyğun olması vacibdir. Bu gün artıq birgə təlimlər vasitəsilə proseslərimiz və yanaşmalarımız uzlaşıb, müştərək fəaliyyət üzrə kifayət qədər təcrübə formalaşıb. Bu baxımdan Türkiyə modelinin tətbiqi son dərəcə mühüm amildir. Ümumilikdə qeyd etmək olar ki, Azərbaycan ordusunun Vətən müharibəsindən sonra keçdiyi inkişaf yolu keyfiyyət baxımından olduqca əhəmiyyətlidir. Bu inkişaf davamlı xarakter daşıyır. Bu gün demək olar ki, Azərbaycan ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə — istər konfranslarda, istər müxtəlif təlimlərdə — böyük maraqla qarşılanır.
Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi təcrübə bu gün dünyanın aparıcı silahlı qüvvələrinə malik ölkələrdə, hərbi məktəblərdə və akademiyalarda öyrənilir. Məhz buna görə də Azərbaycan ordusunun bugünkü inkişaf istiqaməti onun gələcəkdə daha da qüdrətli, daha da güclü olmasını və üzərinə düşən əsas vəzifəni — Azərbaycan torpaqlarının ərazi bütövlüyünün qorunmasını — davamlılıq və etibarlılıq prinsipləri əsasında yerinə yetirə biləcək bir orduya çevrilməsini təmin edir. Bu gün Azərbaycan qarşısında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev qoyulmuş mühüm bir tapşırıq var. Həmin tapşırıq Azərbaycan ordusunda Türkiyə modelinin tətbiq olunmasıdır.
- Bu gün Azərbaycan 20-ə yaxın dövlətə hərbi silah-sursat idxal edir. Azərbaycanın hərbi sənayisinin bugünkü vəziyyəti qane edicidirmi? Bundan artıq hansısa inkişaf istiqamətləri qalana qoyulmalıdır?
- Cənab Prezidentin müdafiə sənayesinin bilavasitə inkişafında xüsusi əhəmiyyətli addımlar var. Bu addımlar nəticəsində qısa zamanda müdafiə sənayemiz inkişaf edib və yeni müəssisələr yaradılıb. O müəssisələr müasir tələblərə uyğun avadanlıqla təmin olunub. Bu avadanlıqlarla işləmək üçün Azərbaycanın kadr potensialı inkişaf etmiş hərbi sənaye komplekslərində müəyyən təcrübə qazanıb. Oradan əldə olunan müsbət təcrübə Azərbaycanın müdafiə sənayesinə gətirilib. Azərbaycan Texniki Universitetində bununla bağlı fakültə mövcuddur və həmin fakültədə beynəlxalq səviyyədə olan təcrübədən faydalanaraq proqramlar hazırlanıb. Bu proqramlar və tədris baza əsasında müdafiə sənayesinin bugünkü və gələcək perspektiv istiqamətləri də nəzərə alınaraq kadrlar hazırlanıb. Hazırda onlar ali savadlı, bakalavr səviyyəsində mühəndislərdir. Bu kompleks yanaşma — həm kadrlar, həm müasir avadanlıq, həm də büdcə imkanlarından ayrılan resurslar — nəticəsində müdafiə sənayesi artıq gəlir gətirən sənaye sahəsinə çevrilib. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bu gün məhsullarını 20 ölkəyə ixrac edir ki, bu da birinci növbədə istehsalın keyfiyyətindən xəbər verir. Müasir avadanlıq harada istehsal olunmasından asılı olmayaraq — istər ABŞ-də, istər Azərbaycanda— mütəxəssislər lazım olan tələblərə cavab verdikdə fərq etmir. Azərbaycanın müdafiə sənayesinin imkanları Vətən müharibəsində böyük kömək göstərib. Çünki sənaye ən çox tələb olunan məhsulları — patron, mərmi və digər avadanlıqları — istehsal edib. Məsələn, bir zamanlar artilleriya mərmisini İrandan 248 dollara alırdıq, indi isə Azərbaycan bunu özü istehsal edir. Müdafiə sənayesinin inkişafı ölkənin müdafiə baxımından müstəqilliyini göstərir: silah-sursatı özü istehsal etmək, mərmi və patron istehsal etmək deməkdir ki, ölkə heç kimdən asılı deyil. Cənab Prezident bu prinsipi müdafiə sənayesinin inkişafında əsas götürərək onu irəli aparıb. Hazırda perspektiv inkişaf istiqamətləri üzrə geniş təhlillər aparılıb. Məsələn, Ukraynada gedən müharibə hansı silah-sursatın daha effektiv olduğunu göstərir. Bu gün pilotsuz uçuş aparatlarının dövrüdür və Azərbaycanda da hərbi sərgilərdə yerli istehsal olan pilotsuz uçuş aparatlarını görmək mümkündür.
Hazırda qardaş Türkiyə ilə böyük layihələr həyata keçirilir. Eyni zamanda Pakistan və İsraillə də əməkdaşlıq mövcuddur. Bu ölkələr artıq hərbi-sənaye kompleksləri inkişaf etmiş ölkələr kimi dünyada tanınır və bu sahədə Azərbaycanın inkişafının davam edəcəyi proqnozlaşdırılır.
- Hazırda 7 özəl şirkət silah istehsalında dövlətlə əməkdaşlıq edir. 15-də də lisensiyaya verilib. Necə düşünürsünüz? Bu layihə nə dərəcədə əhəmiyyətlidir?
- Türkiyənin təcrübəsinə baxaq. Türkiyənin müdafiə sənayesində və hərbi-sənaye kompleksində təxminən 3 minə qədər özəl şirkət iştirak edir. Siz deyə bilərsiniz ki, bəsdir. Lakin bunun davamı təbii ki, olacaq. Bizim özəl şirkətlərə keçid tələblərinə cavab verən şirkətlərə lisenziya veririk. Bu gün Azərbaycanda bu sahəyə maraq göstərən özəl şirkətlər çoxdur və bu proses bundan sonra da davam edəcək. Ola bilsin ki, gələcək görüşlərdə bu şirkətlərin sayı dəfələrlə artsın. Bütün dünyada hərbi-sənaye kompleksləri dövlət nəzarəti altında olsa da, özəl şirkətlər iştirak etmədən demək olar ki, heç bir hərbi-sənaye kompleksi inkişaf etmir. Bu, Azərbaycanda da belədir. Bu prosesin böyük əhəmiyyəti var və özəl şirkətlər tərəfindən ciddi maraq göstərilir.
- Çin və Azərbaycan arasında ortaq hərbi müəssisələr yaradılacaq. Çin ordu təcrübəsinin Azərbaycan ordusuna nə kimi qatqısı ola bilər? Həmçinin Azərbaycan da müasir müharibədən çıxmış bir dövlət kimi Çinə nə kimi fayda verə bilər?
- Azərbaycan hər bir əməkdaşlığa açıqdır. Biz yalnız silah almaq deyil, satmaq baxımından da təcrübə imkanlarına malikik. Vətən müharibəsində qələbə qazanmış ordu son zamanlar yeganə belə təcrübəyə malik ordulardandır. Digər tərəfdən, Çin də Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlıdır. Hərbiçilərimiz və hərbi diplomatiya sahəsində münasibətlərimiz demək olar ki, tamdır; 10–15 ildən artıq onların hərbi nümayəndəliyi, yəni səfirliyi Azərbaycandan sıx əməkdaşlıq aparır. Onların hərbi nümayəndələri dəfələrlə Azərbaycana gəliblər. Xüsusən də Çinin Azərbaycana olan marağı Vətən müharibəsindən sonra daha da artıb ki, bu da Azərbaycanın qazanmış təcrübəsindən irəli gəlir. Hər iki dövlətin hərbi əməkdaşlığı ümumiyyətlə hər iki tərəfə əhəmiyyətli təsirlər verir. Bizə lazım olan bəzi məsələlər Türkiyə və Çin hərbi sənayesindən və əməkdaşlıqdan qaynaqlanır. Azərbaycanın bu sahədə Çin ilə maraqlı sahələri var və Çin onlardan faydalana bilər. Azərbaycan bu gün hərbi baxımdan çox maraqlı mövqedədir. Türkiyə ilə çox yaxın hərbi əməkdaşlıqdayıq. Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. NATO-dakı yanaşmalar, yeniliklər və Azərbaycana faydalı məlumatlar oradan əldə edilə bilər. Biz Orta Asiya ilə də yaxın əməkdaşlıq edirik. Orta Asiyanın əksər ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Onlarla əməkdaşlıq edərək KTMT-dəki bəzi hərbi maraqlı fikirləri oradan götürə bilirik. Azərbaycanın hərbi inkişafının əsas qaynağı həm NATO və KTMT tərəfindən olan yeniliklər və qabaqcıl inkişaf istiqamətləri, həm də Azərbaycanın Vətən müharibəsində qazandığı təcrübədir. Bu iş dayaq üzərindədir və Azərbaycan Ali Baş Komandanının bilavasitə diqqəti, dövlət büdcəsindən ordu inkişafına ayrılan vəsait və digər amillər hərbi inkişafın məqsədlərinin həyata keçirilməsini təmin edir.

- Necə düşünürsünüz, 2026-cı il Azərbaycanla Ermənistan arasında sülh ilə ola bilərmi?
- Belə bir deyim, sülh istəyirsənsə, müharibəyə hazır ol. Azərbaycan da məhz bu prinsipdən çıxış edir. Bu gün Ermənistan istiqamətlənibsə, bu, ilk növbədə Azərbaycanın gücünün göstəricisidir. Artıq məğlub tərəf olan Ermənistan hakimiyyəti və cəmiyyəti anlayır ki, Azərbaycan güclü dövlətdir, güclü ordusu var və istənilən revanşist və ya işğal niyyətləri getdikcə demək olar ki, sıfıra enir. Belə olduğu halda nə qalır? Əgər müharibə mümkün deyilsə, əgər güc yoxdursa, işğal etmək və ya revanş almaq mümkün deyilsə, deməli, yeganə yol sülhdür. Bu gün əgər Ermənistan sülhə gedirsə, bunu öz istəyi ilə etmir. Ermənistan Azərbaycanın inkişaf göstəriciləri fonunda buna məcbur qalaraq gedir. Ermənistanın inkişaf yolu məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir. İkinci Qarabağ müharibəsi həm Azərbaycanın güclü tərəflərini, həm də daha yaxşı nəticələr əldə etmək üçün idarə olunmalı və təkmilləşdirilməli olan sahələri açıq şəkildə ortaya qoydu, bunu praktik olaraq göstərdi.
- Sizcə ordu quruculuğunda hansı sahələrdə fəal şəkildə çalışmalı və həmin hissəni məhz təkmilləşdirməliyik?
- Ordu elə bir orqanizmdir ki, burada bütün sahələr bir-biri ilə bağlıdır. Əgər bir sahə inkişaf edirsə, digər sahə geridə qala bilməz. Ona görə də bu inkişaf kompleks şəkildə gedir. Məsələn, Vətən müharibəsindən əvvəl Azərbaycan yeni silahlar alırdı. Bu silahlar nə idi? Köhnə stereotip baxışlar dəyişdi, taktiki yanaşmalarda yenilik baş verdi. Bizim təlimlərimiz artıq müasir tələblərə cavab verən, elmi əsaslı təlimlər idi. Düşmən isə köhnə, klassik düşüncələrlə öz müdafiəsini 30 il ərzində qurmuşdu. Azərbaycanın inkişafı, müasir silahlarla təchiz olunması taktiki gedişlərin dəyişməsi düşmən üçün müəyyən mənada gözlənilməz oldu. Nəticədə düşmən uduzdu, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə nail oldu. Ona görə də əgər hərbi hava qüvvələri inkişaf edirsə, digər sahələr geridə qala bilməz; onlar da buna uyğun şəkildə inkişaf etməlidir. Məhz buna görə Azərbaycan ordusu daimi inkişaf prosesindədir. Bu inkişaf yalnız müəyyən bir istiqamətdə deyil, kompleks şəkildə, bir-birini tamamlayaraq ordunun ümumi inkişafını təmin edən davamlı prosesdir.
- Bəs qeyd etdiyiniz miflərin arxasında dayanan nə idi?
- Bu, Birinci Qarabağ müharibəsində ermənilərin arxasında duran qüvvələrin təsirinin nəticəsi idi. Bilirik ki, ermənilərin arxasında kimlər dayanmış, kimlər onları dəstəkləyirdi. Məsələn, belə bir faktoru qeyd edim. Rusiya açıq şəkildə müharibədə iştirak etmirdi. Ermənistandakı 102-ci Rusiya hərbi bazasındakı əsgər və zabitlərin xidməti bitənə qədər ermənilər tərəfindən məlumat toplanırdı. Məsələn, bu yaxşı tankçıdır, bu yaxşı topçudur, bu yaxşı istiqamətçidir və s. — mütəxəssislər bunların hamısını müəyyən şəkildə qeydə alırdılar. Rusiyada belədir: sən bu hərbi hissədən çıxmısansa, ya Sibirə, ya da Uzaq Şərqə getməlisən. İki həftə ərzində hərbi komissarlıqda qeydiyyata düşməli idin və bunun üçün iki həftən var idi. Ermənilər nə edirdilər? Həmin şəxslərlə, mütəxəssislərlə pul müqabilində razılığa gəlirdilər və təbii ki, hərbi hissə onları ordu sıralarından çıxarırdı — artıq mülki şəxs hesab olunurdu. Sadəcə gedib qeydiyyata düşməli idilər.
Bunlardan geniş şəkildə istifadə edilirdi. Sonra üç-beş gün keçəndən sonra pullarını verirdilər, təyyarəyə mindirirdilər, hətta biletini də alırdılar. O şəxs bir sutka ərzində bu başdan o başa çıxırdı. Əgər on günə getməli idisə, bu 7–8 gün burada döyüşürdü. Digər tərəfdən, o vaxt geosiyasi və digər proseslər ümumilikdə Azərbaycanın xeyrinə işləyirdi. Üstəlik, Azərbaycanın daxilində gedən proseslər də vardı. Daxildə gedən prosesləri xaricdən idarə edən qüvvələr çox idi və həmin yönlərin qırılmasından sonra hər şey öz yerini tutdu. Bundan sonra Azərbaycanın hansı formada inkişaf etdiyini biz bilirik. Ona görə də Ermənistanın, təbii ki, həmişə iştahı olub — dənizdən dənizə xəritələr və s. Bu düşüncələr onlarda hər zaman mövcud olub.
- Prezident müsahibəsində dedi ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb. Sizcə, hansı ölkələr bizim uğurumuzu təkrar etmək istəyib?
- Məncə, bu uğuru təkrarlamaq istəyən çox ordular var. Çünki hər bir ordu uğur qazanmağa can atır. Lakin bu məqamda konkret ölkələrin adlarını sadalamaq istəmirəm. Siz mətbuat nümayəndəsi kimi həmin dövlətləri özünüz də müəyyən edə bilərsiniz. Çünki biz bütün məlumatları məhz mətbuatdan əldə edirik. Bu fikrimi belə qəbul edin. Mən mövqeyimi bildirdim. Əgər cənab Prezident hansısa ölkələrin adını çəkməyibsə, deməli, biz də onları sadalamağa ehtiyac görmürük.
- Dövlət başçısı onu da qeyd etdi ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Necə düşünürsünüz, beynəlxalq ədalətin olmadığı dünyada öz suverenliyini bərpa edən Azərbaycan regional mövqeyini daha da gücləndirib beynəlxalq məsələlərdə söz sahibi ola biləcəkmi?
- İlk növbədə qeyd etmək istərdim ki, bu gün Azərbaycanın mövqeyi cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bunu onun həm “master-klass” xarakterli müsahibələrində, həm də müxtəlif televiziya kanallarına verdiyi açıqlamalarda aydın şəkildə görmək mümkündür. Dövlət başçısının çıxışları dərin məzmunu, fəlsəfi yanaşması və mövcud geosiyasi proseslərin dolğun təhlili ilə seçilir. Azərbaycanın həm coğrafi, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regiondakı rolu məhz kompleks yanaşma əsasında qiymətləndirilir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin siyasətinin düzgün istiqamətdə formalaşdırıldığını və bu siyasətin nəticələrinin bu gün açıq şəkildə görüldüyünü göstərir. Vətən müharibəsindən əvvəl cəmiyyət daxilində, o cümlədən hərbi çevrələrdə tez-tez suallar səslənirdi: “Niyə bu qədər silah alınır?”, “Niyə orduya bu qədər vəsait ayrılır?” Bu suallar dolaşırdı, lakin proseslərin mahiyyətini və gələcək perspektivləri yalnız cənab Prezident bilirdi. O, bütün məsuliyyəti öz çiyinlərində daşıyır və hər addımı yüz ölçüb bir biçərək atırdı. Aprel döyüşləri, daha sonra Tovuz hadisələri bir növ sınaq mərhələsi idi. Prezident yaxşı bilirdi ki, uyğun məqam yaranmadan və həmin məqam düzgün istiqamətləndirilmədən istənilən nəticəni əldə etmək mümkün deyil.
Azərbaycanın böyük Qələbəsi ilk növbədə Prezident İlham Əliyevin diplomatiya sahəsində qazandığı uğurlardan başlanır. Xüsusilə Tovuz hadisələrindən sonra dövlət başçısının işlətdiyi “diplomatiyada hücum” ifadəsi diqqət çəkdi. İlk baxışdan bu anlayış bəzilərinə anlaşılmaz görünə bilərdi. Lakin zaman göstərdi ki, bu, son dərəcə dəqiq hesablanmış və məqsədyönlü strategiya idi. Prezidentin konkret hədəfləri var idi və o, bu hədəflərə doğru ardıcıl şəkildə irəliləyirdi. Məqsəd uyğun siyasi və hərbi məqamı formalaşdırmaq idi. Bu dövrdə Azərbaycan cəmiyyəti və xalq artıq hazır idi, sadəcə əmri gözləyirdi. Müharibədən əvvəl əsgərlərlə aparılan müsahibələrə diqqət yetirsək, görərik ki, onların əsas arzusu işğal olunmuş torpaqların azad edilməsində şəxsən iştirak etmək idi. Bu, cəmiyyətin ruhunu, nəbzini və milli iradəsini açıq şəkildə ortaya qoyurdu. Bu gün də Azərbaycan müxtəlif təhlükələrlə üz-üzədir — həm görünən, həm də görünməyən risklər mövcuddur. Regionda baş verən proseslər, o cümlədən İranda və Rusiyada yaşanan hadisələr, Ermənistanın hələ də sülh müqaviləsi imzalamaması göstərir ki, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir və istənilən anda vəziyyət dəyişə bilər. Belə bir şəraitdə cənab Prezident bütün bu riskləri diqqətlə təhlil edir, qiymətləndirir və Azərbaycanın həm siyasi, həm də hərbi baxımdan hazır olmasını təmin etməyə çalışır. Güclü ordu formalaşdırmaq əsas prioritetlərdəndir ki, sabah hər hansı proses baş verərsə, Azərbaycan buna layiqincə cavab verə bilsin. Çünki hər bir dövlətin güc göstəricisi qarşı tərəfin qərarlarına təsir edən əsas faktordur. Təsadüfi deyil ki, deyilir: “Sülh istəyirsənsə, müharibəyə hazır ol.” Məhz hərbi hazırlıq sülhün uzunömürlü olmasının əsas təminatıdır. Bu gün Prezident İlham Əliyev açıq və anlaşılan dildə cəmiyyətə mesaj verir ki, Azərbaycan hələ də təhlükəsiz mühitdə deyil və müstəqilliyimizi qorumaq üçün gücümüzü artırmalıyıq. Ordunun inkişafı dövlət müstəqilliyimizin dayanıqlılığının əsas göstəricisidir. Digər mühüm faktor isə siyasətdir — siyasət dəyişə bilər, amma güclü ordu hər zaman dövlətin əsas dayağı olaraq qalır.
- Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur", - deyən dövlət başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Həmçinin qeyd edib ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Siz bu barədə nə deyə bilərsiniz?
- Cənab Prezident İlham Əliyevin xarakterində hər zaman hiss etdiyim və dəfələrlə vurğuladığım bir xüsusiyyət var — insan itkilərinə qarşı son dərəcə həssas yanaşması. Mən bunu komandir kimi xidmət etdiyim dövrlərdən etibarən müşahidə etmişəm. Onun üçün itkilərin qarşısının alınması həmişə prioritet olub. Vətən müharibəsindən əvvəl Azərbaycanda 5 mindən 25 minədək şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilirdi. Bu təlimlər Ali Baş Komandan kimi cənab Prezident tərəfindən təsdiqlənmiş ssenarilər əsasında icra olunurdu. Həmin təlimlərdə Prezident üçün əsas maraq doğuran məsələ taktiki irəliləyişlə yanaşı, itkilərin minimuma endirilməsi idi. Yəni əsas sual bu idi: hansı formada və hansı istiqamətdə irəliləməklə ən az itki vermək mümkündür? İnsan itkisinin minimuma endirilməsi cənab Prezident üçün prinsipial və prioritet məsələ olub. Məhz bu yanaşma onun müxtəlif beynəlxalq missiyalar, o cümlədən sülhməramlı əməliyyatlarla bağlı qərarlarında da açıq şəkildə özünü göstərir. Prezident mövcud kəşfiyyat və təhlükəsizlik məlumatlarını diqqətlə təhlil edir, heyətin hansı risklərlə üzləşə biləcəyini qiymətləndirir və təhlükə yüksəkdirsə, belə bir qərara heç vaxt razılıq vermir. Vətən müharibəsi zamanı aparılan əməliyyatlara nəzər salsaq, bunu aydın görmək olar. Əməliyyatlar müxtəlif istiqamətlərdə — Murovdağ, Kəlbəcər, Tərtər-Ağdərə, Ağdam və cənub istiqamətlərində planlaşdırılmışdı. Lakin irəliləyişin daha az itki ilə mümkün olduğu cənub istiqaməti əsas hücum xətti kimi inkişaf etdirildi. Bu da bir daha göstərir ki, qərarlar emosional deyil, hərbi və strateji hesablamalar əsasında qəbul olunurdu. Cənab Prezident müsahibələrində də qeyd edib ki, müharibə dövründə əsas və həlledici qərarları şəxsən Ali Baş Komandan olaraq o verirdi. Bunun səbəbi ondan ibarət idi ki, Prezident bütün genişmiqyaslı təlimlərin ssenarilərini əvvəlcədən təhlil etmiş, mümkün situasiyaları modelləşdirmiş və hansı şəraitdə hansı qərarların verilməli olduğunu dəqiq bilirdi. Ərazi xüsusiyyətləri, qüvvələrin nisbəti və əməliyyatın inkişaf perspektivi onun üçün aydın idi. Bu yanaşma cənab Prezidentin xarakterindən irəli gəlir. O, qərar qəbul edərkən heç vaxt populist addımlar atmır. Əsas meyar Azərbaycan əsgərinin və zabitinin təhlükəsizliyidir. Əgər hər hansı qərar bu təhlükəsizliyə risk yaradırsa, Prezident həmin qərarı qəbul etmir və ya onu özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Zaman-zaman bu məsələlər ətrafında müxtəlif müzakirələr aparılsa da, cənab Prezident bütün qərarlarını məhz Azərbaycan vətəndaşının, zabitinin və əsgərinin həyatının qorunması prinsipi əsasında verir.
- Yeri gəlmişkən, siz Azərbaycan ordusunda Milli Qəhrəman adından imtina edən zabitsiniz. Mediaya açıqlamanızda qeyd etmisiniz ki, bu ad ya ölümünüzdən sonra verilməlidir, ya da Azərbaycan torpaqları işğaldan azad olduqdan sonra. Artıq Azərbaycan torpaqları işğaldan azad olunub. Bugün sizə Milli Qəhrəman adı verilsə, qəbul edərsiniz?
- Zabitlərin özünəməxsus həyat prinsipləri var və həyata yanaşmaları da məhz bu prinsiplər üzərində qurulur. Mən də bir zabit kimi bu prinsiplərlə yaşamışam və bu gün də onlara sadiqəm. Polkovnik rütbəsində xidmət etdiyim dövrdə, Horadiz və Uhud əməliyyatlarından sonra mənə Milli Qəhrəman adı ilə bağlı təklif olunmuşdu. Lakin açıq şəkildə bildirmişdim ki, torpaqlarımız işğal altında olduğu müddətdə bu adı qəbul edə bilmərəm. Mənim üçün Milli Qəhrəman adı yalnız iki halda mümkündür: ya torpaqlar tam azad edildikdən sonra, ya da şəhid olsam. Düşünürdüm ki, torpaqlarının bir hissəsi işğal altında olan ölkədə sağ olan bir polkovnikin Milli Qəhrəman adını daşıması mənim prinsiplərimə və həyata baxışıma uyğun deyil. Bu mövqeyim anlayışla qarşılandı və buna görə həmin şəxslərə minnətdaram. Bu gün isə Azərbaycan torpaqları azad edilib və ölkəmiz qələbə qazanıb. Açığını desəm, Milli Qəhrəman adı haqqında heç vaxt xüsusi düşünməmişəm. Çünki Azərbaycan torpaqlarının azad olunması mənim üçün ən böyük mükafatdır. Həm bir hərbçi, həm də bir Azərbaycan vətəndaşı olaraq bu qələbəni özüm üçün ən ali dəyər hesab edirəm. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanın qələbəsi bu gün də mənim üçün ən böyük mükafat olaraq qalır və əlavə nəyisə düşünməyə ehtiyac yoxdur.
18:34 07.01.2026
Oxunuş sayı: 11309