Harris Trampı ittiham etdi
ABŞ siyasətində yeni qalmaqallı iddia gündəmə gəlib. Kamala Harris Venesuela prezidenti Nikolas Maduro ilə bağlı həyata keçirilən əməliyyatın rəsmi izahlardan fərqli olaraq siyasi və iqtisadi maraqlara söykəndiyini bildirib. Bu prosesdə Donald Tramp administrasiyasının rolunu tənqid edib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi Donald Tramp administrasiyasının onun ətrafı ilə apardığı pərdəarxası razılaşmaların nəticəsidir. Harrisin sözlərinə görə, söhbət nə narkotik qaçaqmalçılığına qarşı mübarizədən, nə də demokratiyanın müdafiəsindən gedir; əsas məqsəd Venesuela neftinə nəzarəti ələ keçirmək və regional “güclü lider” obrazını nümayiş etdirmək olub.
Harris vurğulayıb ki, əgər rəsmi olaraq bəyan edilən məqsədlər doğrudan da əhəmiyyət kəsb etsəydi, Tramp məhkum olunmuş narkotaciri əfv etməz, eyni zamanda Maduronun yaxın çevrəsi ilə sövdələşmələr apararaq legitim Venesuela müxalifətini kənarlaşdırmazdı. O həmçinin qeyd edib ki, Venesuela liderinin oğurlanması, onun fikrincə, ABŞ-ni nə daha təhlükəsiz, nə daha güclü, nə də vətəndaşlar üçün iqtisadi baxımdan daha əlçatan etmir.
Bununla yanaşı, Harris Maduronu qeyri-legitim və qəddar hakim kimi sərt şəkildə xarakterizə etsə də, atılan addımların qanunsuz və ağılsız olduğunu deyib. Arqument kimi o, rejim dəyişikliyi və neft uğrunda aparılan əvvəlki müharibələri xatırladaraq, belə müdaxilələrin xaosa gətirib çıxardığını və bunun bədəlini Amerika ailələrinin ödədiyini bildirib.
Zeynəb Xuduyeva
17:55 04.01.2026
Oxunuş sayı: 2503