Tarixdə iz buraxanlar: Cəlil Məmmədquluzadə
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük satirik, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin anım günüdür. Onun adı təkcə ədəbiyyat tariximizdə deyil, milli düşüncə və azərbaycançılıq ideologiyasının formalaşmasında da silinməz iz qoyub.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan quberniyasının kəndlərində müəllimlik edib. Məhz bu illər onun dünyagörüşünün formalaşmasında, cəmiyyətin problemlərini yaxından müşahidə etməsində mühüm rol oynayıb.
Ədibin ilk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesi və “Danabaş kəndinin əhvalatları” povesti də bu dövrdə qələmə alınıb. “Çay dəstgahı” Azərbaycan dramaturgiyasında alleqorik janrda yazılmış ilk səhnə əsəri kimi ədəbiyyat tarixində xüsusi yer tutur.
Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi-Rus” qəzetinin və onun redaktoru Məhəmməd ağa Şahtaxtlının mühüm rolu olub. Ədibin məşhur “Poçt qutusu” hekayəsi, eləcə də “Kişmiş oyunu” və Lev Tolstoydan tərcümələri ilk dəfə məhz bu qəzetdə çap olunub. O, bir müddət “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru kimi də fəaliyyət göstərib.
“Molla Nəsrəddin” – bir məktəb
Cəlil Məmmədquluzadə yaradıcılığının zirvəsi “Molla Nəsrəddin” jurnalının nəşri ilə bağlıdır. 1906-cı il 7 aprel tarixində Tiflisdə işıq üzü görən jurnal Azərbaycan satirasında yeni bir mərhələnin əsasını qoyub. Jurnal cəmiyyətin eyiblərini, xurafatı, nadanlığı, sosial ədalətsizliyi kəskin satira ilə ifşa edirdi.
“Molla Nəsrəddin” yalnız Azərbaycan üçün deyil, bütün Yaxın və Orta Şərqdə mətbuat məktəbinə çevrildi. Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar kimi görkəmli qələm sahibləri bu jurnal ətrafında birləşdi. Jurnalın ideyaları azadlıq, demokratiya və milli özünüdərkin güclənməsinə ciddi təsir göstərdi.
“Ölülər” – cəmiyyətin güzgüsü
Cəlil Məmmədquluzadənin dramaturgiyasında xüsusi yer tutan “Ölülər” əsəri Azərbaycan ədəbiyyatında ilk tragikomediya nümunəsidir. Əsərdə cəmiyyətin mənəvi ölümlə üz-üzə qalması, xurafat və cəhalətin insanları necə “diri ölü”yə çevirməsi dərin bədii güclə göstərilir. Şeyx Nəsrullahın “ölü diriltmə” səhnəsi dünya dramaturgiyasında analoqu olmayan simvolik epizod kimi dəyərləndirilir.
Milli ruh və ana dilinə sədaqət
Ədibin “Anamın kitabı” əsəri milli kimlik, ana dilinə sədaqət və kökə bağlılıq ideyalarının bədii ifadəsidir. Bu pyesdə dramaturq özgələşməni, milli dəyərlərdən uzaqlaşmanı sərt tənqid edir və azərbaycançılıq ideyasını ön plana çəkir.
Son illər və mənəvi sarsıntılar
Sovet hakimiyyəti illərində Cəlil Məmmədquluzadə ciddi ideoloji təzyiqlərə məruz qalıb. 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktorluğundan imtina etməsi, onun üçün böyük mənəvi zərbə olub. Ömrünün son illərində keçirdiyi sarsıntılar onun azad fikirli sənətkar mövqeyinin göstəricisi idi.
Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Onun məzarı Fəxri xiyabandadır.
Yaşayan irs
Cəlil Məmmədquluzadə bütün həyatı boyu vətən, millət və ana dili ideyasına xidmət edib. Onun əsərləri bu gün də aktuallığını qoruyur, cəmiyyəti düşünməyə, ayılmağa çağırır.
Fatimə Məmmədova
10:05 04.01.2026
Oxunuş sayı: 2924