QƏRB HƏRƏKƏTƏ KEÇDİ: Aİ və ABŞ "Tramp yolu"nu maaliyyələşdirəcək
Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması Avropa İttifaqının regional siyasətində mühüm istiqamətlərdən biridir. Brüssel həm siyasi sabitlik, həm də yeni ticarət və nəqliyyat marşrutlarının formalaşması baxımından regionda sülhün təmin olunmasını strateji hədəf kimi dəyərləndirir. Post-münaqişə dövrü Aİ üçün əlavə iqtisadi imkanlar yaratdığı üçün təşkilat bölgədə daha fəal iştirak etməyə maraqlıdır. Ekspertlər də hesab edirlər ki, Avropanın artan diqqəti yaxın zamanda konkret layihələrdə öz əksini tapa bilər.
Mövzu ilə bağlı keçmiş Xarici İşlər naziri naziri Tofiq Zülfüqarov Crossmedia.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı iqtisadi təşkilatdır və onun regiondakı fəaliyyəti də iqtisadi maraqlar üzərində formalaşır.
T.Zülfüqarovun sözlərinə görə, post-konflikt mərhələsində Ermənistan–Azərbaycan əlaqələrində yaranan yeni nəqliyyat imkanları Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Onun bildirdiyinə görə, gündəmdə olan “Tramp yolu” Ermənistan ərazisində cəmi 40 kilometrlik hissəni əhatə etsə də, layihənin əsas iqtisadi yükü Naxçıvan üzərindən keçəcək təxminən 152 kilometrlik dəmir yolu xəttinin üzərinə düşür.
Zülfüqarov qeyd edib ki, ABŞ TRİPP çərçivəsində bu marşrutun rekonstruksiyası üçün 200 milyon dollar ayırıb: "Hazırda Avropa İttifaqı da Naxçıvan hissəsinin maliyyələşdirilməsi və yenidən qurulması ilə bağlı müzakirələr aparır. Artıq ümumi bəyanatlardan real addımlara keçidin vaxtıdır və Aİ-nin bu layihələrdə iştirakı tamamilə real görünür. O, hesab edir ki, yeni kommunikasiya xətləri həm Azərbaycan, həm Ermənistan, həm də Aİ üçün ciddi iqtisadi üstünlüklər yaratdığı üçün Brüsselin regiona marağı getdikcə daha da güclənir".
19:23 03.12.2025
Oxunuş sayı: 1124