Putin Hindistana dövlət səfərinə gedir
Rusiya prezidenti Vladimir Putin sabah Hindistana iki günlük dövlət səfərinə gedəcək. Səfər həm Moskvanın Çin qarşısında manevr imkanları, həm də Hindistanın Qərb və Şərq arasında balanslı siyasəti baxımından əhəmiyyətli hesab olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində hərbi əməkdaşlıq üzrə mühüm anlaşmaların imzalanacağı gözlənilir. Məlumata görə, Moskva Hindistanın geosiyasi mövqeyinin güclənməsində, Dehlinin isə Pekin qarşısında yeni güc mərkəzi kimi formalaşmasında maraqlıdır.
Hindistanın Rusiya ilə münasibətləri Sovet dövründən bəri yüksək səviyyədə qalır. Dehli anti-Qərb koalisiyasına qoşulmaq niyyətində olmasa da, Rusiya ilə əməkdaşlığını davam etdirmək, ucuz enerji resursları və özünü doğrultmuş silah sistemləri əldə etməkdə maraqlıdır. Eyni zamanda Hindistan Moskvanın Çinə daha çox yaxınlaşmamasını strateji baxımdan vacib sayır.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 66 milyard dollara çatıb ki, bu da tərəflər arasında iqtisadi əməkdaşlığın artdığını göstərir. Putin-Modi görüşündə yeni istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi gözlənilir.
19:26 03.12.2025
Oxunuş sayı: 953