Xamenei: ABŞ və İsrail 12 günlük müharibədə məqsədlərinə çata bilmədi
İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei Tehranda İran xalqına müraciət edərək son 12 günlük müharibə və beynəlxalq reaksiyalarla bağlı açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei ABŞ və İsrailin bu prosesdə əsas hədəflərinə nail ola bilmədiyini qeyd edib.
Onun sözlərinə görə, Avropa və Amerika küçələrində gənclərin Fələstini dəstəkləyən şüarlar səsləndirməsi göstərir ki, dünya ictimaiyyəti baş verənlərə biganə deyil. Xamenei vurğulayıb ki, ABŞ və İsrailin uzun illər ərzində İran daxilində qarışıqlıq yaratmaq cəhdləri uğursuzluqla nəticələnib.
Ali dini rəhbər bildirib ki, itkilər olsa da, müharibəni başladan tərəf daha çox zərər çəkib. O həmçinin ABŞ-nin qabaqcıl hərbi texnologiyalardan istifadə etməsinə baxmayaraq, İranın nüvə proqramını məhv edə bilmədiyini qeyd edib. “İran nüvə proqramı ayaqdadır və fəaliyyətini davam etdirir,” – deyə o vurğulayıb.
Xamenei ABŞ-nin müttəfiqlərinə münasibətini də tənqid edərək, Vaşinqtonun yalnız neft və resurs maraqlarını önə çəkdiyini, digər ölkələrin təhlükəsizliyi və sabitliyini nəzərə almadığını bildirib.
O, İranın ABŞ ilə birbaşa danışıqlar apardığı barədə yayılan iddiaları rədd edib: “İran ABŞ ilə heç bir dialoq aparmır”.
Bununla yanaşı, ali dini rəhbər ölkə xalqını prezident Məsud Pezeşkianın fəaliyyətini dəstəkləməyə çağırıb. “Prezidentinizi və hökumətinizi dəstəkləyin. Onlar yaxşı iş görməyə çalışırlar",– deyə o əlavə edib.
21:50 27.11.2025
Oxunuş sayı: 1046